Qəlbin gizli bütləri və şirkin gözəgörünməz tələsi
Allahdan uzaq bir həyat sürmək, qəlbində Onun yerinə başqalarını hakim etmək, qırılması gərəkən nəfs bütünü, öz düşüncə zəncirləri və ya hər hansı bir məxluqu bilərək və ya bilmədən Uca Yaradanla tay tutmaq (dolayısı ilə şirk qoşmaq) – insanı dərin bir psixoloji təlatümə, ruh düşkünlüyünə və qəlb sıxıntısına sürükləyir. Çünki insan fitrətən yalnız Allahın qulu olaraq yaradılmışdır və qəlbində Onun yerini heç bir varlıqla doldura bilməz. İnsanlar arasında yayılan psixoloji problemlərin, qəlb narahatlıqlarının və ruhi gərginliklərin ən böyük səbəbi də, Allahdan (tövhiddən) uzaqlaşıb, nəfsi həva-həvəsin arxasınca getmələridir.
Bəli, şirk – təkcə daşdan olan bütlərə aid deyil. Şirkin ən gizli yeri qəlbdir. Bəzən insan bu vəziyyətin fərqinə belə varmır, qəlbində ilahiləşdirdiyi nəfsini, arzularını və ya başqalarını Allahdan üstün tutduğunu anlamır. İbn Teymiyyə bu haqda deyir:
إن المعبود الحق هو ما يجعله الناس أعلى ما سواه ويعتمدون عليه في جميع أمورهم
“Həqiqi məbud, insanın qəlbində ən çox bağlandığı, ümid etdiyi və qorxduğu şeydir. İnsan yalnız Allahı belə sevib Ondan qorxsa, əsl tövhidə çatar. Əks halda, qəlbində Allahdan başqa ilahlar formalaşmış olar.”
Uca Allah da insanın bu gizli şirkə düşməməsi üçün xəbərdarlıq edir:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım.” (Zariyat, 51/56)
İbadət yalnız namaz və orucdan ibarət deyil. İbadət qəlbin ən dərinində olan sevgi, qorxu, təvəkkül və bağlılıqdır. Əgər insan qəlbində Allahdan daha çox güvəndiyi, bağlandığı, qorxduğu və ya ümid etdiyi bir şeyi ilahiləşdirirsə, artıq onun qəlbində şirk başlamışdır.
Bu baxımdan, Allahdan uzaq bir həyat insanın ruhunu tənəzzülə uğradır. Dünyanın faniliyinə aldanan, nəfsinin arzu və ehtiraslarının ardınca gedən insan, həqiqi xoşbəxtliyi heç vaxt tapa bilməz. Çünki qəlbin doyumu yalnız Allahı tanımaq, Onu sevib Ona ibadət etməklə mümkündür.
Uca Allah bu həqiqətə işarə edərək buyurur:
”(Onlar) Allaha ixlasla yönəlmiş kimsələrdir, Ona şərik qoşmayanlardır. Kim Allaha şərik qoşarsa, elə bil ki, o, göydən düşüb və quşlar onu (havada) qapır, yaxud külək onu uzaq bir yerə sovurub atır.” (Həcc, 22/31)
İnsan, ya Allahın ipindən möhkəm yapışar və sabitqədəm olar, ya da qəlbində ilahlaşdırdığı şeylərin girdabında itib gedər.
”Qəlbini Allah sevgisi ilə doldur, rahatlıq taparsan. O zaman sözlərin, əməllərin, getməyin, gəlməyin, oturmağın və yatmağın – hamısı sənin üçün faydalı olar. Çünki sən hər şeyi Allah üçün etdiyini dərk etmiş olacaqsan..” (Useymin, Şərh əl-Kəfiyə əş-Şafiyə (4/483)
Hazırladı: Ayxan Yaquboğlu