✔ Qurban nədir?

Qurban, Allah tərəfindən İbrahim peyğəmbərə buyurulmuş, böyük hәcc ayı olan Zilhiccə ayının onuncu (bayram) günündә, bayram namazından sonra Allaha yaxınlaşmaq və buyuruqlarına riayət etmək niyyəti ilə kəsilən heyvan’a deyilir.

 

✔ Qurbanlıq Quranda.

Uca Allah buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdənetdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!” (Həcc: 37).

Hәmçinin buyurur: “Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (Kövsər: 2).

 

Qurbanın hökmü.

Qurban kəsmək təkidlə əmr olunmuş sünnədir. İmkanı olan (mәsәlәn: evi, maşını, işi, gündәlik dolanışığı, әrzağı olan) kәslәrin üzәrinә düşür. Hənəfi məzhəbinə görə isə, imkanı olanlara hər il vacibdir. Bu, Qurban namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.

 

✔ Qurbanın fəziləti/savabı.

Qurban kəsən adam, kəsdiyi heyvanın hər tükünə görə savab qazanır (Sunən İbn Macə, ‘Kitəbul-Ədahi’, 3).

Həsən b. Əli’dən rəvayət olunmuş hədisdə, Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:

”Kim könül xoşluğu ilə və savabını Allahdan umaraq qurban kəsərsə, bu onun üçün cəhənnəm atəşinə qarşı pərdə olar.” (Tirmizi, ‘Qiyamə’, 50)

 

✔ Qurbanın hikmәti – Allaha yaxınlıqdır və atamız İbrahim peyğәmbәrin yolunu tutub getmәkdir. Bildiyimiz kimi, İbrahim peyğәmbәr, öz oğlu İsmayıl üçün qurban olaraq qoyun kәsmişdir. Bununla yanaşı, bayram günü – ailəlәrin bir-birilә mehribanlaşması, bayramlaşması ilә dә yadda qalır. Xüsusәn dә kasıb ailәlәrә yardım edilmәsi, bu bayramı daha da dәyәrli edir.

 

✔ Bayram – çoxlu şükr etmәk üçün fürsәtdir. Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha şükr etmək dә, bura aiddir.

 

✔ Qurbanlıq heyvanların yaşı.

Qoyun və qoç: Bir görüşә görә bir yaş olmalıdır. İmam Әhmәdin dә içindә olduğu bir çox alimә görә isә, altı ayını tamamlaması kifayәt edir.

Keçi: Bir yaş vә daha çox.

İnək: Iki yaşı tamamlanmalıdır.

Dəvə: Beş yaşı (bir görüşә görә dörd) tamam olmalıdır.

 


✔ Heyvan şərikliyi.

Qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsilir. Bir dəvə yaxud bir sığır (inək və camış) bir nəfərdən yeddi nəfərə qədər şərikli olaraq qurban kəsilə bilər.

Cabir b. Abdullah belə nəql edir: “Hüdeybiyyədə Rəsulullahla ﷺ birlikdə qurban kəsdik. Dəvəni də, inəyi də yeddi nəfər üçün kəsdik. (Muslim)

 

✔ Qurbanlıq heyvanın şərtləri:

Qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Məsələn: bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur. Qurban kәsdirәn insan, sәrbәst heyvan seçimi etmәli, satıcı onu, ‘filan heyvanı seç’ deyә mәcbur etmәmәlidir.

 

✔ Qurbanı kəsilmәsinin vaxtı:

Bayram namazından sonra (QEYD: bayram namazı, günəş çıxdıqdan 45-50 dəq. sonra – yəni, kərahət vaxtı çıxdıqdan etibarən qılına bilər) bayramın dördüncü günü məğrib namazına qədər kәsilә bilәr.

 

✔ Kəsilmiş heyvanın bölünməsi:

Yaxşı olar ki, qurbanlıq heyvanı üç hissəyə bölәrәk:

– Bir hissəsi kasıblara sədəqə olaraq paylansın,

– bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşular, dostlar və qohumlara verilsin,

– bir hissəsini isə özü və ailəsi üçün ayrılsın.

– hamısını ehtiyaclılara paylamaq icazəli olsa da, ailə üzvlərinin də bu ətdən yeməsinə çalışmaq, daha yaxşıdır. Peyğəmbərimiz, qurban bayramı günü, həmin günün ilk qidası olaraq, kəsdirdiyi qurban ətindən yeməyə çalışardı.

 

✔ Qurban kəsənin edəcəyi əməllər:

Qurban kəsmək istəyən kəs, Zilhiccə ayının birindən etibarən saçını kəsməməli və dırnaqlarını tutmamalıdır;

Bacardığı qədər heyvanı özünün kəsməsi yaxşıdır;

Kəsməyi bacarmayanların, həmin vaxt kəsdirdikləri heyvanın yanında olmaları daha yaxşıdır.

 

✔ Qurban Kəsərkən Oxunan Dua:

Qurbanı qibləyə tərəf yönəldib: “Bismilləh vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (dunın mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım bu filankəs və onun ailəsinin əvəzinədir.)

Peyğəmbərin ﷺ әmәlin uyğun olaraq, heyvanın qara ciyərindən yemək yaxşıdır.

 

 

* Diqqət!

– Bir qoyun bir nəfər və onun bütün ailə üzvlərinin adından kəsilə bilər. Peyğəmbərimiz ﷺ qoyun kəsdikdә belә deyәrdi: “Allahım bu Muhəmməd və onun ailəsi üçündür.”

– Ölən adam vəsiyyət edibsə onun əvəzinə də kəsmək yaxşıdır.

– Bir evdə yaşayan ata və oğul, bir ədəd qurban kəsə bilər. Çox kəsmək istəsələr, o da icazəlidir. Bir evdə yaşayan üzvlərinin birlikdə (pul qoyaraq) bir (kiçik baş) heyvan kəsmələri də icazəlidir.

 

✘ Qəssaba əmək haqqı olaraq qurban əti vermək olmaz. Lakin, sonra sədəqə kimi ət vermək olar.

Hz. Əli (Allah ondan razı olsun) buyurmuşdur:

“Allahın elçisi  məni (qurbangaha) göndərib kəsilən qurbanlara nəzarət etməyi, ətlərini, dərilərini və çullarını sədəqə verməyi və qəssaba heç bir şey verməməyimi tapşırdı.”

O , həmçinin demişdir: “(Qəssabın haqqını) biz özümüzdən vərərdik.” (Buxari 1717, Muslim 1317)

Bundan sonra istəsə qurban ətindən qəssaba da hədiyyə edə bilər.

Qurban kəsdiyi heyvanın dərisini özü istifadə edə, yaxud istifadə edən birinə hədiyyə edə bilər. Lakin, satmaq olmaz.

Qurban ətini üç gündən də artıq saxlamaq olar, həmçinin o ətdən qeyri-müsəlmanı da yedirtmək olar. Bu, İslama dəvət naminə faydalı bir əməl ola bilər.

 

✔ Başqasının әvәzinә dә qurban kәsmәk olar. Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər  kəsmişdir. O, iki qoyun kәsәndә birini ailәsi adından kәsәr vә digәrini kәsdikdә deyәrdi: “Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir.”

 

✔ Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.

✔  İnəyi və ya dəvəni bölüşdürdükdə, bir şәrik üçün, digәr şəriklərin niyyәt vә dini etiqadı önәm kәsb etmir. Önәmli olan, hәr şәxsin öz niyyәtidir vә hәr kәs savabını buna görә alacaq.

 

* Bəzi geniş yayılmış xətalar:

– Dişi heyvandan qurban olmaz -deyә düşünmәk.

– Heyvanın ailənin yalnız bir nəfərinin adından olduğunu düşünmək.

– Qurbanın ömürdə (hәr il deyil) bir dəfə vacib olmasını etiqad etmək.

– Ölən insan üçün vacib olduğuna inanmaq. Ölən insanın əvəzinə qurban kəsmək – vacib deyil.

 

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

www.islamevi.az saytının elmi heyәti tәrәfindәn hazırlanmışdır.

Tərtib: Ayxan Yaquboğlu

Materiallardan istifadә edәrkәn istinad zәruridir.

Bənzər Məqalələr