İslam dini, özündən öncəki dinlərin xurafatçı və doğru din çərçivəsindən çıxmış əməllərini inkar etmiş, son və bir daha dəyişməyəcək din modelini ortaya qoymuşdur. Bu əməllərə yüzlərlə misal vermək mümkün olsa da, bu yazımızda, özünü İslama nisbət edən bəzi qrupların da tətbiq etdikləri və bunu hətta bol savablı ‘ibadət olaraq’ hesab etdikləri bir ritual olan – əzadarlıq mövzusuna toxunmaq istərdik. Yazımızın daha qısa alınması üçün, 4 nüansa diqqət çəkərək, düşüncələrimizi maksimum dərəcədə lakonik olaraq ifadə etməyə çalışacağıq:

 

 

İSLAMDA ƏZADARLIQ ANLAYIŞI (?)

İslam dininə görə, əmr, yasaq və həmçinin tövsiyələr – Allahın insanlar üçün təyin etdiyi elçi vasitəsilə təbliğ olunur. Bu təbliğin müddəti qurtardıqdan sonra -istənilən bir hadisənin baş verməsindən asılı olmayaraq- həmin dinə hər hansı bir ritualın əlavə olunması qəti şəkildə qadağandır. Həmin elçi – Muhəmməd peyğəmbər , təbliğ müddəti – 23 il, həmin peyğəmbərin/elçinin – dini bir ritual olaraq etmədiyi istənilən bir şeyi dini adət olaraq qəbul etməyin qadağan olunması haqda – arqument isə, Maidə surəsinin 3-cü ayəsidir:

“..Bu gün dininizi sizin üçün kamil etdim (tamamladım), sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.”

Qeyd etdiyimiz çox açıq arqumentdən, hər bir müsəlman çox rahatlıqla “peyğəmbərin vəfatından sonra bu dinə heç bir şey əlavə oluna bilməz” düsturunu anlaya bilər. Quran ayəsində, dinin – Uca Allah tərəfindən “tamamlandığının” (أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي) deyildiyi və eyni zamanda, göndərilmiş elçinin “məndən sonra filan bir hadisə baş verərsə, filan əməli edərsiniz” – deyə bir tövsiyəsinin olmadığı halda, “burada nə var ki, sən filan fəzilətli şəxsi sevmirsən.. sevsən, filan əməli edərdin..”,  “axı bunu necə etməmək olar, bu ki, zalıma tərəf olmaqdır!” və ya “axı bu gözəl bir əməldir..” – deyə nəfsi düşüncələrə tabe olmaq, təəssüf ki, İslamın təməl prinsiplərinə zidd olan emosianal bir düşüncədir.

Yüngül və ağır Aşura əzadarlığı. Görəsən, “ağır formada olmaz, lakin yüngül olar” – deyə iddia edənlərin, heç olmasa buna dair bir dini sübut/arqumentləri varmı?

 

Mövzuya daha açıq bir misal verəcək olsaq, “Aşura matəmi və əzadarlığı” mövzusuna dair kiçik bir bəhs aça bilərik. Zalıma boyun əyməmiş dahi bir öndər və Peyğəmbər nəvəsi olan İmam Hüseynin şəhidliyi.. Bu tarixi faciə haqda geniş olaraq yazmaq, yazımızı çox uzun edəcəyi üçün sadəcə önəmli nüanslara diqqət çəkməyə çalışacağıq (BU MÖVZU HAQDA ƏTRAFLI ARAŞDIRMALARI OXUMAQ İSTƏYƏNLƏR, SAYTIMIZDAKI BU MƏQALƏNİ OXUYA BİLƏRLƏR 👈🏻 oxumaq üçün üzərinə tıkla – red.). Konkretləşdirək: Peyğəmbərimizin yaşadığı dövrdə bir çox yaxın ailə üzvünün və ən sevdiyi əmisi Hz. Həmzənin timsalında daha yüzlərlə səhabəsinin düşmən tərəfindən vəhşicəsinə qətlə yetirildiyini yəqin ki, çoxumuz bilirik.. Hətta, Həmzənin acımasız qətli üçün üçün “başıma sənin müsibətindən daha böyük olanı gəlmədi” demişdi.

Suallar: Muhəmməd peyğəmbər ﷺ hər əziz adamı üçün, hər il yas tutdumu? Əzadarlıq və ya matəm etməyi, habelə qan çıxartmağın vacib olduğunu təbliğ etdimi? Hər il məscidlərdə mərsiyə oxuyaraq sinə vurdumu? Həmçinin, əgər bütün fəzilətli şəxslər üçün matəm keçirməli olsaq, ilin bircə gününü belə matəmsiz keçirə bilmərik. Səmimi insanlardan bu suallar ətrafında məntiqlə düşünmələrini gözləyir və növbəti nüansa keçirik.

Hər il təkrarlanan əzadarlıq mərasimləri | Hər il aşura günü “əzadarlıq mərasimləri” təşkil olunmasının vacibliyi haqda danışan qrupların din alimləri, istəsəydilər, yaşadıqları şəhərlərdə, qatıldıqları mərasimlərdə gözlərinin önündə baş verən bu kimi kadrların önünü bircə ‘fətvayla’ kəsə bilərdilər, elə deyilmi?

 

XRİSTİANLIĞIN HƏCCİ – “VİA DOLOROSA” ƏZAB YOLU

Xristianlar üçün Qüds şəhərinin önəmi çox böyükdür. Çünki, İsa peyğəmbərin burada yaşadığı və burada öldürüldüyünə (İslama görə, öldürülməyib – red.) inanılır. Roma vassalı olaraq yaşayan Qüds yəhudiləri, dəyişdikləri dini bərpa etməklə vəzifələndirilmiş İsa peyğəmbəri qəbul etməmiş, onun öldürülməsini qarşılarına məqsəd olaraq qoymuşdular. Lakin, Roma vassalı olaraq yaşadıqlarına görə, mühakimə etmə və öldürmə kimi bir hüquqları yox idi. İmperator Tiberi (lat. Tiberius Iulius Caesar) və onun Qüdsə təyin etdiyi vali olan Ponti Pilat’dan (lat. Pontius Pilatus) qorxduqlarına görə buna cəsarət edə bilmirdilər. “Bir peyğəmbər zühur edib” – deməklə, Roma valisinin diqqətini cəlb edə bilməyəcəklərini də yaxşı bilirdilər. Çünki, Romapaqan (çox ilahlı/müşrik – red.) inanclı dövlət olduğuna görə, dinlər arası mübarizə onları qətiyyən maraqlandırmırdı. “İsa adlı birisi çıxıb və hökmdarlıq iddia edir” – propoqandası ilə, İsanın (əslində isə, ona xəyanət etmiş Yahuda’nın – Judas Iscariot – red.) edam qərarını almağa nail olmuşdular (eramızın 30-cu ili).

İsaya (əslində Yahudaya) “Xaç yükləmə” təsviri

İnanclarına görə, İsa (əslində Yahuda), Qüds şəhərində əzab yolu adını verdikləri “Via Dolorosa” adlı küçədən keçirilərək, Roma edam üsuluna uyğun (insanların daş atması, tüpürməsi və döyərək işgəncə etməsi – red.) bir əzabla ‘sürgün’ edilmiş və nəhayət çarmıxa çəkilərək öldürülmüşdür.

 

Günümüzdə xristianlar, həmin küçə ilə bir növ “həcc” edərək, İsaya verilən əzablara matəm tutur, əzadarlıq edirlər. Vaxtilə 8, günümüzdə isə, sayı 14-ə qədər qaldırılmış durma nöqtələri olan bu ritualın hər hissəsinə bir anlam yükləmişlər. Məsələn, durma nöqtələrinin birində Romanın edam üsulu olan çarmıxın, İsa’nın (əslində isə Yahudanın) belinə yükləndiyi üçün həmin yerdə simvolik olaraq (əllərinə və ya bellərinə) xaçla yüklənir, başqa bir durma nöqtəsində isə, İsanın (guya) anasını gördüyünə görə ağlayırlar.

Provaslav xristianlar “Via Dolorosa” yolunda

Bəzi xristian firqələrində bu rituallar daha da şiddətli əzadarlıq formalarında nümayiş etdirilir. Lakin, xristianların ilah hesab etdikləri, (əslində isə bir peyğəmbər olan) İsa, bu cür ibadət ritualları etməmiş və eyni zamanda heç tövsiyə də buyurmamışdır.

Katolik xristianların “İsa əzadarlığı”

 

 

YƏHUDİLƏRİN “KƏBƏ”-Sİ VƏ HƏR İL OLAN MATƏM

Yəhudilər üçün də Qüds şəhərinin önəmi çox böyükdür. Peyğəmbərlərinin həmin şəhərdə doğulub yaşadıqlarına, məbədlərinin orada olduğuna inanırlar. Diqqət çəkmək istədiyimiz nüans, Süleyman peyğəmbərin inşa etdirdiyi məbədin yeganə qalığının olduğuna inanılan – Qüdsdəki məşhur “Ağlama divarı” (The Western Wall və ya Wailing Wall) və oradakı rituallarla bağlıdır. Yəhudilər, xüsusən hər şabat (şənbə) günü (digər günlərdə də edilir – red.) divarın yanında – ağlamaq və ya ağlamağa bənzər – bir ibadət formasının səbəbini iki tarixi hadisəyə bağlayırlar:

Foto: Yəhudilərin qurtarmayan matəmi..

1) İlk Süleyman məbədinin, e.ə 586-cı ildə Babil kralı II Nebukadnezar (Nebuchadnezzar II) tərəfindən dağıdılması, yəhudilərə qarşı amansız işgəncələr verərək soyqırıma məruz qoyması;

2) İkinci məbədin isə, b.e. 70-ci ilində Roma İmperatoru Tit (Titus) tərəfindən – dağıdılması və yəhudilərin Qüds şəhərindən ağır işgəncələrlə qovulması.

Yəhudilər “Ağlama divarı”-nda matəm ibadəti edərkən.

Yenə də faciələr, işgəncələr, matəm və əzadarlıq.. Maraqlısı budur ki, nə yəhudilərin ən önəmli peyğəmbər hesab etdikləri Musa, nə də onlara göndərilmiş digər peyğəmbərlər belə bir ritual etməmiş və tövsiyə də buyurmamışlar. Əksinə, yəhudiləri daima yanlış davranışlardan, peyğəmbərlərə qarşı çıxmaqdan, habelə qətlə yetirməkdən çəkinməyə və başlarına gələn hadisələrdən doğru şəkildə ibrətlər almağa çağırmışlar.

İnsanların daha da kədərlənmələri və matəm tutmaları üçün hər il təşkil olunan “Aşura səhnələri”

 

 

KEÇMİŞ DİNLƏRİN “MİRASI”

Qeyd etdiyimiz rituallar, həmin dinlərin mənsublarının inancıdır və biz heç kimin inacını əsla təhqir etmirik. Burada bizim üçün önəmli olan məqam – özünü İslama nisbət edən bəzi qruplarla, yuxarıda qeyd etdiyimiz tətbiqatların və ‘şəxsləri ilahlaşdırmaların’ oxşarlığı – bəzi fərqliliklər olsa da, müəyyən mənada eyni mahiyyətlərə malik olmasıdır. Bütün bunlar bizə – İslam peyğəmbərinin etmədiyi və dinimizdə buyurulmamış bu kimi ritualların, sonradan “dini bir adət” olaraq əlavə olunma cəhdi zamanı – keçmiş dinlərin ‘sonradan əlavə olunmuş’ “təcrübələrindən” istifadə olunduğunu deməyə əsas verir..

Xristian keşişlər, qəbul etmədikləri, “yalançı” olaraq adlandırdıqları bir peyğəmbərin nəvəsi olan İmam Hüseynin xatirəsini ‘yad’ (?) edərkən (Kərbəla, Aşura – 2018 | foto: “Fars” news agency)

 

Sadəcə olaraq, haqq din olan İslamın “şəxslərin ilahlaşdırılaraq ikonalaşdırılması” ideologiyalarını rədd etdiyini və bu dində olan əsas diqqətin – Yaradan və Onun göndərdiyi dinin doğru şəkildə yaşanılmasına çəkildiyini – bunu prioritetləşdirdiyini deməliyik. Bu xurafatların həmin qruplar tərəfindən İslama nisbət edilməsi, cəmiyyətə bu cür təqdim olunması – qəbul olunmazdır və bu səbəblə də, dinimizin bu kimi “iddialara” qarşı olan mövqeyi mütləq ortaya qoyulmalıdır.

Hər il təkrarlanan və bu qorxunc ritualları edən qrupların alimlərinin qəti şəkildə “belə etmək olmaz” demədikləri, sadəcə olaraq kiçik “çağırışların” səsləndirildiyi – uşaqların da iştirak etdiyi (!!!) məşhur baş yarma – əzadarlığı.

 

Kərbəla müsibəti İslam tarixindəki ən dəhşətli faciələrin ilk sıralarında gəlir. İsa’nın və yahudi xalqının başına gələnlərdən əsla yüngül bir hadisə deyildir. Dahi şəxsiyyət olan Hz. Hüseynin zülm qarşısındakı duruşu və canını fəda etməsi, hər bir müsəlmanın qəlbini yaralamışdır. Əlbəttə ki bu hadisəyə qarşı ‘daş qəlbli’ davranmaq, müsəlmanlığa yaraşmaz. Lakin, bu hadisəyə dəyər vermək, məgər əzadarlıq, qan çıxarmaq və növbənöv teatral səhnələr (1) etməkləmi reallaşır? Axı biz, bu cür qeyri-adi tətbiqatların, bizim inancımıza görə – natamam və dəyişdirilmiş dinlər olan yəhudilik və xristianlıqdan qalma bir “miras” olduğunu aşkar şəkildə görürük?!..

(1) Kərbəla faciəsini anmaq üçün minlərlə əzadarın qarşısında nümayiş etdirilən “Şir və İmam Hüseyn” səhnəsi. Kərbəla, İraq.

Oxuyub düşünmədən, elmi arqumentləri cavablandırmadan –  emosianal hislərlə “axı İmama necə yas tutmamaq olar?” – deyə etiraz etməyə çalışacaq şəxslərə, bir daha təkcə Hz. Həmzə’nin vəhşicəsinə şəhid edildiyi ağır faciə zamanı, bu dinin ən böyük öndəri olan Muhəmməd peyğəmbərin ﷺ davranışının nə cür olduğunu araşdırmağa və Ondan örnək götürməyə dəvət edirik. “Əmimi sevirəmsə, onun şəhidliyinə üzülürəmsə, mütləq matəm və əzadarlıq etməliyəm” – deyə düşünmüş və ya kiməsə belə bir tövsiyə etmişdirmi? Fəzilətcə İmam Hüseyndən də üstün olan, çox hörmətli öndərimiz İmam Əli də, xaincəsinə qətlə yetirilərək, şəhid edilmişdir. Oğlu Hz. Hüseyn, bu hadisədən sonra düz 21 il yaşadı. Hər il matəm saxladımı? İnsanları məscidlərə yığaraq ağı, rövzə deyərək, sinə vurdumu? Həqiqətən də məsələ o qədər sadə və məntiqlidir ki.. Azacıq səmimiyyət hər şeyi tamamilə həll edə bilər.

Bəs bizim üçün ibrət onlar idi? Axı biz örnəyi kimdən götürürük? Xatirə yaşatmaq və tarixdən ibrətlər almaq üçün keçmiş dinlərdən götürülmüş və cəmiyyətimizin də qəbul etmədiyi bircə dənə belə olsun İslami dəlili olmayan, dinə sonradan əlavə olunmuş rituallar etməliyik?

Xristianların İsa peyğəmbəri ilahlaşdırmalarına etiraz etdikdə, onlar biz müsəlmanlara “siz İsanı sevmədiyinizə görə belə deyirsiniz” – dediklərinin şahidi oluruq. Maraqlısı budur ki, özünü İslama nisbət edən bəzi qruplar da, yazımızdakı mövzuya dair bu kimi suallara, təəssüf ki, düşünmədən və qeyri-səmimi olaraq – oxşar cavablar verirlər.. Düşünməyə və yaxşıca analiz etməyə dəyər.

Xristianların tərtib etdikləri “İsaya edilən işgəncə” (yuxarıdakı şəkil) və Aşura əzadarlarının hər il tərtib etdikləri ‘İmam Hüseynə edilən zülm’ (aşağıdakı şəkil) – ‘səhnələrindəki’ epizodlar arasında bənzərlik.

 

Bir nüansa da diqqət çəkməkdə fayda vardır. Hər il Kərbəla şəhərində orkestr sədaları altında İmam Hüseynin məqbərəsinin üzərində qırmızı “qisas bayrağı” asılır. Bizim bildiyimizə görə, İmam Hüseynin qisası əslində çoxdan alınıb. Bu böyük faciədən sonra təşkilatlanan bir qrup insan, bu amansız qətldə iştirak edən hər bir kəsi öldürmüşdür. O zaman hər il təkrarlanan, xüsusən də İraq və İranda səsləndirilən “qisas” şüarları kimə ünvanlanıb? Qisası alınmış və üzərindən əsrlər keçmiş bu hadisədən sonra kimdən qisas alınacaq? İslam dininə görə övladın belə öz atasının etdiyi cinayətə görə məsuliyyət daşımadığı və bu düşüncənin (övladın və nəslinin də məsuliyyət daşıması – red.) yahudi dinində olduğu halda, qəzəb və qisas təbliğatı kimlərə qarşı aparılır? Qatilləri məhv edilmiş, bir çoxunun ağır xəstəliklərə düçar olmuş və ya dəli olduqları (İbn Kəsir, əl-Bidəyə, 8/201-202) habelə, qatillərin nəsilləri haqda məlumatın belə olmadığı və İslamda qara və ya “qırmızı qisas bayrağı” anlayışının rədd edildiyi halda, bu siyasi təbliğatın məqsədi nədir? Mərvan b. Həkəmin dövründə ortaya çıxan “təvvabin” hərəkatı və sonralar Muxtar b. Əbu Ubeyd əs-Səqafi’nin ‘Kərbəla qisası’ hərəkatları olmuş, qisaslar alınmaqla bərabər, cəmiyyətdə böyük xaos, şər və fitnələrə də qapılar açılmışdır. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dövrümüzdə Suriya, İraq və Yəməndə “Kərbəla qisası” adı altında məzhəb savaşı, milyonlarla müsəlmanın qətli və sürgününə hər kəs şahid olmuşdur.

Hər il orkestr sədaları və insanların “Ləbbeykə ya Huseyn” (Hüzurundayam, əmrinə müntəzirəm, ey Hüseyn!) şüarları altında təşkil olunan qırmızı “qisas bayrağı” mərasimindən görüntülər.

 

Həmin mərasimlərə aid videolara baxarkən, daha bir nüans da diqqətimizi çəkməyə bilməzdi.. İslam dininin ən ali ritualı olan Həcc ziyarətində dediyimiz və yalnız Allaha aid edilə biləcək “Ləbbeykə ya Allah” (Hüzurundayam, əmr et, əmrinə müntəzirəm, ey Allahım!) zikrini “Ləbbeykə ya Huseyn” şüarı ilə əvəz etmək.. (videolarda rahatlıqla görə bilərsiniz –red.)

Heç Hz. Muhəmmədin “Ləbbeykə ya Muhəmməd” deməyə belə izn vermədiyi, hebelə Quran və Peyğəmbər sözlərində buna dair heç bir dəlil və iznin olmadığı halda – Allaha aid edilə biləcək bu sözü dəyişərək, insan üçün demək nə dərəcədə doğrudur? Səmimi və qərəzsiz olaraq düşünüb analiz edənlər üçün düşündürücü olmalıdır.

 

Dinimiz, öncəki təhrif olunmuş dinlərdəki kimi – keçmiş hadisələrə görə matəm və əzadarlıq ritualları etməyə deyil, tarix və şəxsiyyətlərin həyatlarından ibrətlər alaraq, gələcək üçün elm və digər faydalı fəaliyyətlərlə məşğul olmağa çağırmışdır. Bir sözlə, bəzi qruplaşmaların -bilərək və ya bilmədən-  təqdim etməyə çalışdıqlarının tam əksi olaraq, İslam dini – qara rəngli matəm dini deyildir.

 

📲 Məqaləni PDF formatında:YÜKLƏ👈🏻

 

 

Müəllif: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr