İslamın ilk illərində meydana gələn ayələrin bir çoxu yalnız dini prinsipləri deyil, eyni zamanda ictimai nizamı, insan hüquqlarını və müharibə etikası qaydalarını da müəyyənləşdirirdi. Bu ayələr arasında xüsusi yerə sahib olan Tövbə surəsinin 6-cı ayəsi, bəzən radikal şəkildə şərh edilən 5-ci ayənin ardınca nazil olaraq, mərhəmət və hüquq əsaslı bir yanaşmanın nümunəsini təqdim edir.
Ayədə belə buyurulur: “Əgər müşriklərdən biri səndən aman (himayə) istəsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, onların bilməyən bir tayfa olmalarına görədir.” (Tövbə, 9:6)
Bu ayə də Hicri 9-cu ildə, Tövbə surəsinin nazil olduğu dövrdə, yəni Məkkə fəthindən sonra və Bəraət (azadlıq/sülhü pozanlara qarşı xəbərdarlıq) çağırışları zamanı nazil olub. Ayədəki müşriklər, İslamla savaş vəziyyətində olan və sülh razılaşmalarını pozmuş müşriklərə yönəlmişdi. Amma Tövbə 6, bu sərt çərçivənin içində, sülh istəyən, qorxudan və ya İslamı öyrənmək məqsədi ilə yaxınlaşan fərdlərə qarşı göstəriləcək yüksək etik münasibəti ortaya qoyur.
Əgər müşriklərdən biri səndən aman istəsə – bu hissə göstərir ki, düşmən mövqeyində olan bir şəxs belə, İslam cəmiyyətinə sığınıb qorunmaq istəyirsə, bu hüququndan məhrum edilməməlidir. Müsəlmanlar bu istəyə müsbət cavab verməyə borcludurlar.
“…ona aman ver ki, Allahın sözünü eşitsin.” – Bu cümlə göstərir ki, bu şəxs İslamı zorla qəbul etmək üçün deyil, onu dinləmək və anlamamaq məqsədi ilə gəlmişdir. Quran burada təbliğ və izahı əsas tutur, zorlama və təzyiqi isə qətiyyən qəbul etmir.
“Sonra onu təhlükəsiz yerinə çatdır.” – Ayə təkcə aman verməklə kifayətlənmir, həm də o şəxsin təhlükəsiz şəkildə geri qaytarılmasını əmr edir. Bu, İslamın hüquq və insan haqlarına verdiyi önəmi göstərən nadir nümunələrdən biridir. Hətta düşmən olsa belə, qorunma hüququ toxunulmaz sayılır.
“Bu, onların bilməyən bir tayfa olmalarına görədir.” – Ayənin sonunda müşriklərə qarşı təhqir və ya nifrət yoxdur. Əksinə, onların məlumatsızlıq içində olduqları qeyd olunur. Bu, təbliğ və dialoqun əsaslandığı elm və anlayış prinsipini önə çıxarır.
“Qılınc ayəsi” adlandırılan bu ayə (Tövbə, 5) müəyyən kontekstdə – müqavilələri pozmuş, İslama hücum etmiş müşriklərə qarşı hərbi tədbirləri ifadə edirdi. Ancaq dərhal sonra nazil olan bu 6-cı ayə, sülh istəyən fərdlərə qarşı mərhəmətli yanaşmanı açıq şəkildə ortaya qoyur. Bu, onu göstərir ki, Quran bütün müşriklərə qarşı zorakı davranışı təşviq etmir. Sülh istəyənə sülh, düşmənlik edənə isə cavab prinsipi əsasdır. Dini təbliğ zorla deyil, mərhəmət və izahla aparılmalıdır.
Bu ayə, bir çox müasir insan hüquqları prinsipindən daha erkən şəkildə aşağıdakı qaydaları ehtiva edir: sığınacaq hüququ – müharibə şəraitində olan bir fərd belə, qorunmaq istədikdə ona sığınacaq verilməlidir; dini azadlıq və maarifləndirmə – dini təbliğ ancaq könüllü şəkildə və izahla həyata keçirilməlidir; ədalətli davranış – təhlükə içində olan şəxsin yalnız qorunması deyil, təhlükəsiz yerinə aparılması da təmin olunmalıdır.
Tövbə surəsinin 6-cı ayəsi, İslamın yalnız bir müharibə və itaət dini deyil, mərhəmət, haqqı tanıtma və ədalət dini olduğunu sübut edir. Hətta savaş dövründə belə, fərqli düşünən və qorxu içində olan bir şəxsə qulaq verilir, Quran təqdim olunur, sonra isə təhlükəsiz şəkildə yola salınır. Bu ayə həm tarixdə, həm bu gün üçün, həm də gələcək nəsillər üçün İslamın əsl ruhunu və hüquq əsaslı yanaşmasını parlaq şəkildə ortaya qoyur.
Ayxan Yaquboğlu