Dostunu başqalarına qarşı davranışından tanıyacaqsan…
Bir insanı tanımaq üçün təkcə onun bizə necə gülümsədiyinə, deyib-gülməyinə, əyləncəli adam olmasına deyil, başqalarına necə qaş çatdığına, düşmənlik etdiyi zaman etdiyi hərəkətlərə, davranışlarına və etdiyi zarafatlardakı həddə diqqət etmək lazımdır.
Yol verilən ən böyük yanlışlardan biri, sevdiyimiz birinin başqasına etdiyi haqsızlığı görməzdən gəlməkdir. Bir yaxınımızın kiminsə qəlbini incitdiyini görəndə belə düşünürük: “Əşşi, bunu mənə qarşı etməz, çünki məni çox istəyir.” Halbuki başqasına edilən hər haqsızlıq bir gün dönüb bizə də yönələ bilər.
Məhz buna görə insanların həqiqi xarakterini anlamaq üçün onların xüsusilə heç bir maraq güdmədiyi insanlara qarşı münasibətinə baxmalıyıq. Məsələn, ofisiantla necə davranır? Dostu ilə zarafat edərkən onun şəxsiyyətini alçaldırmı? Onunla rahat danışmaq mümkündür, yoxsa “hər şeyə görə küsür, inciyir” və ya “pis cavab qaytarar, söz-söhbət daha da böyüyər” deyə, heç kəs onunla dialoqa girməyə cəsarət etmir? Nəsihət olunarkən dərhal qarşılıq verərək üz döndərirmi? Özünə xidmət edən birinə və ya işçisinə, hətta dilənçiyə qarşı qarşı nəzakətini qoruyur, yoxsa üstünlük nümayiş etdirərək kobud və təkəbbürlü davranır?
Çünki, təkəbbürün zərrəsi belə insanın mənəviyyatını və daxili aləmini məhv edir, onun əbədi xoşbəxtliyi əldə etməsi üçün açılan qapıları bağlayır. Peyğəmbərimiz Hz. Muhəmməd belə buyurmuşdur:
“Qəlbində zərrə qədər təkəbbür olan kəs Cənnətə daxil olmaz.” (Muslim)
Eyni vəziyyət onun şəxsi həyatı üçün də keçərlidir. Maska taxmağa ehtiyac duymadığı ən rahat və təhlükəsiz mühitdə — ailəsinin yanında — davranışı necədir? Ən müdafiəsiz və rahat anlarında belə səbirli qalır, yoxsa qırıcı və sərt münasibət sərgiləyir?
Çünki insanın əsl əxlaqı onun ən rahat və ən sərbəst olduğu yerdə ortaya çıxır. Peyğəmbərimiz Hz. Muhəmməd buyururdu:
“Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı davranandır.” (Tirmizi)
Ailəsinə yaxşı davranmayan kəsin, başqalarına nə xeyiri toxuna bilər ki?
Üstəlik, insanın yalnız yanındakı insanlara deyil, yanında olmayanlara münasibəti də çox şeyi ortaya qoyur. Məclisdə olmayan bir dostu haqqında necə danışır? Yanında olmayan dostu barədə rahatlıqla pis danışa bilən birinin, siz yoxkən başqasına sizin haqqınızda danışmaması üçün də heç bir səbəb yoxdur. Uca Allah bu işi, leş əti yemək qədər aşağı bir xislət olaraq adlandıraraq belə buyurur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!…” (Hucurat surəsi)
Eyni şəkildə, keçmiş dostlarını necə xatırlayır? Hörmətlə, yoxsa giley və incikliklə? Unutmamalıyıq ki, hamımız bir gün kiminsə “keçmiş dostu” olacağıq. Bir insanın keçmişinə münasibəti, gələcəkdə bizə göstərəcəyi münasibətin aynasıdır. Düzgün xarakterli insan, heç vaxt tənə edən və lənətçi dilə sahib olan birisi ola bilməz. Hz. Muhəmməd belə buyurmuşdur:
“Allah həqiqi mənada iman etmiş (mömin) kəs nə tənə vuran, nə lənət edən, nə də kobud və çirkin danışan olar.” (Tirmizi)
Duyğuları dəyişkən olan insan zəif varlıqdır. Bu gün çox sevdiyi birindən sabah nifrət edə bilər. Və hər şey də ilk konflikt anında dərhal ortaya çıxır. Sevgi azaldıqda bizi incinməkdən qoruyacaq olan şey həmin insanın bizə qarşı o an hiss etdiyi duyğular deyil; onun xarakteri, ədaləti, Allah qorxusu və vicdanıdır.
Ayxan Yaquboğlu




