Matəm və əzadarlıq mərasimlərinin tarixi | Qədim İran ənənəsi “Soge-Siyavuş”
Şəkildə Tacikistanın Zərəfşan vadisində yerləşən Pəncikəntdə aparılmış arxeoloji qazıntılar vaxtı aşkar edilmiş, üzərində “Soge-Siyavuş” mərasimini təsvir edilən freskalardan birini görürsünüz.
İranda uzun əsrlər boyu “Soge-Siyavuş” (سوگ سياوش) yaxud “Siyavuşan” (سياوشان) adlanan təziyə, matəm və əzadarlıq məsarimlərinin keçirildiyinə dair tarixi məlumatlar mövcuddur. İran şahı Keyxosrovun (Midiya hökmdarı Kiaksar e.ə. 625-585) Siyavuş adlı oğlu saray daxilindəki çəkişmələr səbəbiylə türk Saka dövləti hökmdarı Alp Ər Tunqaya (Əfrasiyab) iltica edir. Şahzadə Siyavuşu xoş qarşılayıb onu öz qızı Firəngizlə evləndirən Əfrasiyab bir müddət sonra iftiraya uğrayan şahzadəni öldürtür. Siyavuşun ölüm xəbəri İrana çatanda atası Keyxosrov və sərkərdəsi Rüstəm qara geyib yasa qərq olurlar, paltarını yırtır, qisas almadıqları müddətcə üzlərinə-başlarına səpdikləri torpağı yumayacağına dair and içirlər. Qara geymiş xalqın “Siyavuş, Siyavuş” nalələri göyə bülənd olur. Bu hadisə uzun illər davam edən qanlı İran-Turan müharibələrinə səbəb olur. Bu qədim atəşpərəst əsatirini Firdovsi öz “Şahnamə”sində İslami dövr farscası ilə tərənnüm etmişdir. Müharibə bitsə də Siyavuşun yası və matəmi bitmir. Hər il qaraya bürünüb matəm tutan zərdüştilər Siyavuşun öldürüldüyü Buxara yaxınlığındakı Diz Ruyin adlı yerə gedib burada ağı deyib ağlayır, qurban kəsirdilər. Tacikistanın Zərəfşan vadisində yerləşən Pəncikəntdə aparılmış arxeoloəi qazıntılar vaxtı üzərində “Soge-Siyavuş” mərasimini təsvir edilən freskalar aşkar edilmişdir. “Soge-Siyavuş” yaxud “Siyavuşan” adlanan bu matəm mərasimləri Sasani imperiyasının inqirazından və sahib olduğu coğrafiyanın xilafət tərəfindən istilasından sonra da İran mühitində öz canlılığını olduğu kimi qoruyub saxlamışdı. Əməvilər və Abbasilər dövründə “Soge-Siyavuş” mərasimləri İranda keçirilməyə davam etmişdi. Hətta müasir dövrə qədər Dehistan, Herat, Şiraz kimi yerlərdə “Soge-Siyavuş” mərasimlərinin keçirildiyi bildirilir . Bağdada hakim olduqdan sonra (946-cı il) İranlı Büveyhilər özlərinə yad olmayan bu tərz matəm mərasimlərini İraq mühitinə gətirmişdilər. Məzmunca dəyişən “Soge-Siyavuş” formaca eyni qalmış, beləcə bu gün “əzadarlıq” adlanan mərasimlər formalaşmışdı.
Bu haqda “İslam Tarixi II, Əməvilər və Abbasilər” adlı monoqrafiyamda ətraflı məlumat vermişəm.