Allahdan başqasını sevən bütün qəlblər əzaba düçar olmaqdan qaça bilməzlər..
Elə zənn etmə ki, Allah-Taalanın “Həqiqətən, yaxşı əməl və itaət sahibləri Cənnətdə qərar tutacaqlar. Pis əməl sahibləri isə Cəhənnəmdə olacaqlar” ayələrində (Quran, 82/13-14) təkcə axirət neməti və ya əzabı nəzərdə tutulur. Əksinə, hər üç həyat üçün nəzərdə tutulur: yəni dünya həyatı, bərzəx həyatı və əbədi həyat. Bunların hər üçündə nemət var, hər üçündə əzab var. Məgər nemət qəlbin neməti, əzab isə qəlbin əzabı deyilmi?!
Axı hansı əzab qorxu, təşviş, kədər, qəlb sıxıntısı əzablarından daha şiddətlidir?! Qəlbin Allaha və axirətə üz çevirməsindən, Allahdan başqasından asılı olmasından və Allahdan qopmasından daha böyük əzab ola bilərmi? Allahdan başqasından asılı olan və Allahdan başqasını sevən bütün qəlblər əzaba düçar olmaqdan qaça bilməzlər..
Allahdan başqasını sevən hər kəs bu dünyada üç dəfə əzaba uğrayar: Bir, o sevgiyə tutulana qədər; iki, tutulduğu an onu itirmək qorxusu və təlaşı; üç, sonrakı sıxıntılar. Əgər onu itirsə, qəlbin əzabı daha da şiddətlənər. Bu, hələ bu dünyadakı əzabın üç şəklidir.
Bərzəx həyatına gəlincə, o, geri dönüşü olmayan bir həyatdır. Orada ayrılıq ağrısı-acısı vardır. Orada başın zidd şeylərə qarışması ucbatından böyük nemətlərin itirilməsi acısı vardır. Orada Allahdan uzaq düşmə acısı vardır.
Salehlər belə deyərdilər: “Dünya əhlinin bədbəxtləri dünyanın şirin yaşayışını dadmadan, ələlxüsus da oradakı ən şirin nemətin həzzini bilmədən onu tərk etdilər.”
“Həqiqətən, dünyada da elə bir cənnət vardır ki, ona daxil olmayan, Axirət Cənnətinə daxil olmaz.” (İbn Qayyim)
Yazıda “əd-Dəu vad-Dəva” kitabından istifadə olunmuşdur.




