media-85eb57de-169c-49a6-9560-ddb7fb687bb3
Qurani-Kərim yalnız ilahi mesajların toplusu deyil, həm də sözlərin incə bir nizamla düzülmüş harmoniyasıdır. Bu müqəddəs kitabda bəzi anlayışların say baxımından diqqətçəkən uyğunluğu əsrlər boyu həm alimləri, həm də oxucuları düşündürmüş, ilahi hikmətin başqa bir təzahürü kimi qəbul edilmişdir.
Məsələn, “gün” kəlməsi Quranda 365 dəfə, “ay” kəlməsi isə 12 dəfə zikr olunur. Bu uyğunluq ilin günləri və ayları ilə üst-üstə düşür. Eyni şəkildə “günlər” sözünün 30 dəfə keçməsi ayın günlərinə işarədir.
Bununla yanaşı, “mələk” və “şeytan” kəlmələrinin hər birinin 88 dəfə, “dünya” və “axirət” sözlərinin hər birinin 115 dəfə qeyd olunması insan həyatında bu anlayışların balansını xatırladır. “İman” və “küfr” sözlərinin hər birinin 25 dəfə, “ədalət” və “zülm” kəlmələrinin hər birinin 15 dəfə zikr olunması isə haqq ilə batil, doğru ilə yanlış arasındakı tarazlığı vurğulayır.
Digər maraqlı nümunələrdən biri də “günəş” (əş-şəms) və “işıq” (ən-nur) kəlmələrinin hər birinin 33 dəfə, “kişi” və “qadın” sözlərinin isə hər birinin 23 dəfə keçməsidir. Bu sonuncu uyğunluq (23+23=46) insanın xromosom sayını xatırladaraq yaradılışın incə sisteminə diqqət çəkir.
Bütün bu uyğunluqlar bir çoxlarına görə Qurani-Kərimin e’cazının – yəni möcüzəvi nizamının – nümunələrindən biri kimi qəbul edilir. Bu, sadəcə sayların təsadüfi uyğunluğu deyil, dərin mənalar daşıyan bir ahəng kimi dəyərləndirilir.
Lakin bütün bu riyazi incəliklərin içində xüsusi bir məqam da var. “Xoşbəxtlik” mənasını verən “əs-səadə” kəlməsi Quranda yalnız bir dəfə qeyd olunur. Bu, Qurani-Kərim-də, Hud surəsi 108-ci ayə-də belə ifadə olunur:
“Xoşbəxt olanlar isə cənnətdədirlər…”
Bu ayə insanı düşündürən dərin bir həqiqətə işarə edir: maddi aləmdə bir çox problemi həll etmək mümkündür. İnsan pul qazana, rahatlıq əldə edə, istədiyi şeyləri əldə edə bilər. Lakin xoşbəxtlik – əsl səadət – bu dünyada tam şəkildə əldə olunan bir nemət deyil.
Məhz buna görə də Qurani-Kərim xoşbəxtliyi tək bir dəfə qeyd edir və onun yerini açıq şəkildə göstərir: o, müvəqqəti dünyanın deyil, əbədi aləmin nemətidir.
Bu mesaj insanı daha dərin bir düşüncəyə aparır: həyatın məqsədi yalnız maddi rifah deyil. Əsl axtarış insanın daxilində və onun Yaradanı ilə olan bağındadır. Çünki xoşbəxtlik satın alınan deyil, qazanılan və lütf edilən bir nemətdir — və onun ən kamil forması bu dünyadan kənardadır, əbədi səadət yurdundadır. Onu əldə etməyin yolu isə, Uca Rəbbin buyurduğu istiqamətdədir.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr