60 – Mumtəhənə surəsi
60 – əl-Mumtəhənə
əl-Mumtəhənə (İmtahana çəkilən qadın) surəsi
(Mədinədə nazil olmuşdur, 13 ayədir)
1. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
2. Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
3. Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrəbanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
4. İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
5. Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!”
6. (Ey möminlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tərifə (şükrə) layiqdir!
7. (Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
8. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
9. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
10. Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
11. Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
12. Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
13. Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!