İbadət – insanı ‘yaxşı’ etmir, buna hazırlayır…
İnsanın kənardan görünən gözəl keyfiyyətləri, hətta ibadəti belə, onun 100/100 yaxşı və güvənilən insan olduğuna dəlalət etmir. Bu cür düşünmək bir çox insanın həyatında ağır yaralar almasına səbəb olmuşdur. Əslində, insanın üç inanc mərtəbəsi vardır: İslam, iman və ihsan (Məşhur Cibril hədisi). İslam ilk mərtəbədir. Yəni, torpağı əkin üçün hazırlamaqdır. Ondan sonra ikinci mərtəbə olan iman gəlir. Bu, torpağa toxum atmaqdır. Sonra isə ən üstün mərtəbə olan ihsan gəlir. Bu mərtəbədə artıq torpaq meyvə verir. Hz. Məhəmməd ﷺ bu mərtəbəni belə vəsf edir:
«أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ»
“Allaha Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.”
İnsanların çoxu hələ “torpaq hazırlığı” heç bitməmiş – ilk mərtəbədə olan və ya bu mərtəbədən həyatında bəlkə də heç vaxt keçə bilməyəcək bir insanın zahiri əməlinə baxaraq səthi yanaşır, onun az qala xətasız və günahsız olduğunu düşünür.
İbadət insanı dəyişdirməlidir, lakin burada mərtəbələr və “hər insan xətakardır” faktorları unudulmamalıdır. İbadət etməyən yaxşı insanlar da çoxdur. İbadət insanı yaxşı insan etmir, onu yaxşı insan olmağa hazırlayır.
Ayxan Yaquboğlu




