AŞURA ORUCU | ƏHLİ-ŞİƏ VƏ ƏHLİ-SÜNNƏ KİTABLARINDA (əsaslı və əsassız iddialara məntiqi baxış)
Aşura gününün tarixi çox qədimdir. Öncəki yazımızda bu haqda geniş məlumatları qeyd etmişdik (oxumaq üçün tıkla). Yəni, Kərbəla faciəsi baş verməmişdən öncə də, Aşura günü var idi və bu günü müsəlmanlar daima oruc tuturdular. Günümüzdə bir çox insan isə, bu günün yalnız 680-ci ildə baş vermiş məlum faciə ilə əlamətdar olduğunu düşünürlər ki, bu da doğru deyil. Bu yanlışlara görə də, fərqli yanaşmalar və “iddialar” törəmişdir. Deməli, ilk olaraq “Aşura – Kərbəla hadisəsindən başlayır” yanlışını düzəltmək lazımdır. Bu yanlış məlumat düzəlmədikcə, digər məsələlər də düzəlməyəcək. “Bu günün matəm olduğu üçün oruc tutulmasının yanlış olduğu” iddiası da, təəssüf ki, bu qəbildəndir və doğru deyildir. Çünki belə bir iddianın dinimizdə heç bir arqumenti və məntiqi əsası yoxdur.
Saleh bir insanın mübarək günlərdə vəfat etməsi, onun üçün böyük bir müjdə və fəzilət/üstünlükdür. İmam Hüseyn’in aşura günündə şəhid olması da, Onun üstün fəzilət sahibi olmasının sübutudur. Əziz Peyğəmbərimiz (ona və ailəsinə salam olsun), Onun Əhli-beyti və səhabələri Aşura günü qılıncla baş yarmamış, sinə vurmamış, ağılar deməmiş, əksinə – oruc tutmuşdular. Çünki, Aşura günü Peyğəmbərimizin ﷺ dövründə də var olaraq, ‘Musa peyğəmbərin Fironun zülmündən xilas olması’ kimi əlamətdar hadisələrə görə oruc tutulurdu.
İmam Baqir’dən rəvayət olunduğuna görə, o, belə buyurmuşdur:
”Uca Allah, Aşura günü İsrail oğulları üçün dənizi yardığı, Fironu və onun qövmünü həlak etdiyi gündür. Bu gün Musa peyğəmbər, Firona qalib gəlmişdir.” (Şeyx Tusi, Təhzib kitabı, 4/300)
Peyğəmbərimizin ﷺ vəfat etməsi ilə, bütün dini/şəri əmrlər Allah tərəfindən tamamlanmışdır. Yəni, din adına heç bir əlamətdar günün əlavə olunması və ya hər hansı günün -ibrətlər alınması müstəsna- Peyğəmbərimizin keçirmədiyi formada keçirilməsi qadağan olunmuşdur. Böyük imam – Cəfər əs-Sadiq də, Aşura orucunu tutmağı bizlərə tövsiyə etdikdə, Həzrəti Hüseyn’in məhz bu gündə şəhid olmasını bilir və bu böyük şəxsiyyəti bizdən daha çox sevirdi.. Buna görə də, dini məsələdə şüar və ehtiraslara deyil, haqqa tabe olmaq – hər bir müsəlmanın başlıca vəzifəsi olmalıdır.
Mötəbər Əhli-Şiə kitablarında rəvayətlər
1. Həzrəti Əli demişdir: “Peyğəmbər ﷺ Aşura günü oruc tutmuşdur.” (Təhzib Əhkam 4/299; Vasail Şiə 7/337)
2. Cəfər Sadiq rəvayət etmişdir: “Aşura orucu – bir ilin günahları üçün kəffarədir/bağışlanmadır.” (Təhzib Əhkam 4/300; İstibsar 2/134)
3. İmam Zeynul-Abidin demişdir: “Aşura gününün orucu – bir illik günahlara kəffarədir.” (Tusi, İstibsar 2/134; Hurrul-Amili, Vəsəiluş-Şiə 10/457)
4. Cəfər Sadiq, atasından -aleyhissalam- belə rəvayət etmişdir:
صيام يومعاشوراء كفارة سنة
”Aşura orucu bir ilin günahlarını silir.” (Təhzib əl-Əhkam 4/300; Vəsailuş-Şiə 7/337; Əl-İstibsar 2/134)
5. İmam Əli -əleyhissalam- demişdir:
صوموا يوم عاشوراء التاسع والعاشر احتياطاً
“Aşura gününü və ehtiyat üçün təsua’nıda (məhərrəmin doqquzuncu günü) oruc tutun…” (Mustədrək Vəsail 1/594; Cəmi Əhədis Şiə 9/475)
6. Həzrəti Əli demişdir: “Aşura günü oruc tutun! Çünki bu oruc, keçmiş bir ilin günahları üçün bağışlanmadır” (Təhzib Əhkam 4/299; Vasail Şiə 7/337; İstibsar 2/134).
Əhli-Sünnə kitablarındakı rəvayətlər
Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:
“Allahdan diləyirəm ki, bu günün orucu ilə keçən ilin günahlarını bağışlasın.” (Muslim, 1162)
Aşura günü oruc tutmağın böyük savab olması haqqında İbn Abbas belə deyir: – Allahın elçisinin ﷺ, bu günün orucundan başqa daha çox üstünlük verdiyi bir oruc görmədim. Bu – Aşura günüdür. Yəni, Ramazan ayından sonra, daha çox əhəmiyyət verdiyi, daha üstün hesab etdiyi, tutulmasını daha möhkəm tapşırdığı digər bir oruc görmədim (Buxari və Muslim).
AŞURA ORUCU LƏĞV OLUNDUMU?
Yuxarıda qeyd olunan rəvayətlərdən anlayırıq ki, aşura orucu mötəbər şiə qaynaqlarında səhih sənədlərlə mövcuddur. Aşura orucunun qadağan edilməsi barədə gələn rəvayətlərin isə, hamısı zəif isnadlıdır. Seyyid Muhəmməd Rida Hüseyni əl-Həiri “Nəcətul-Ummə” kitabında etiraf etmişdir ki, Aşura orucunu qadağan edən hədislər zəifdir. (Nəcətul-Ummə fi İqamət Əza alə Huseyn val-Əimmə, səh.145-148. Qum şəhəri, İran) Beləliklə, Aşura orucu barədə həm Əhli-Şiə, həm də Əhli-Sünnə mənbələrində varid olmuş hədislərin hamısı səhihdir.
Məşhur əhli Şiə alimi əl-Xoi belə demişdir:
“Aşura orucunu qadağan edən rəvayətlərin hamısının sənədləri düz deyil. Əksinə, hamısı zəifdir. Bizdə bunu təqiyyəyə yozacaq (yəni, ‘qadağan edilən hədislər təqiyyə ilə deyilib’ – deməyə əsas verən) mötəbər rəvayətlər də yoxdur.” (Mustənəd əl-Urvət əl-Vusqa)
ORUC TUTMAQ – İMAM HÜSEYNİN ŞƏHİD OLMASINA SEVİNMƏK – DEMƏKDİR?
Anlamış olduq ki, Aşura günü orucunun əmr edilməsi və müstəhəb olması barədəki rəvayətlər olduqca çoxdur. Ən güclü rəyə və sağlam rəvayətlərdən çıxan nəticəyə görə, Aşura orucu müstəhəbdir (vacib deyil, lakin savabı böyükdür).
Bu qədər rəvayətlərdən sonra heç kim deyə bilməz ki, Aşura orucunu tutanlar, İmam Hüseynin qətlinə görə sevinərək oruc tuturlar. Yuxarıda qeyd edilənlərdən bir daha anlamış oluruq ki, bu orucun Yezidlə və ya digər zalımlarla bir əlaqəsi də yoxdur. Bu oruc, İslamdan öncə belə mövcud idi və Peyğəmbərimizin əmriylə, Ramazan orucuna qədər vacib bir oruc hesab olunurdu. Əhli-Beyt və səhabələr həmin günü oruc tutardılar. Kərbəla müsibəti illər sonra baş verən bir faciədir və heç bir hadisə, daha öncə olan faydalı bir əməlin varlığına son qoya bilməz. Çünki, İslam dininin təbliği və yenilənmələr, Hz. Muhəmmədin vəfatı ilə birlikdə artıq sonlanmış, tamamlanmışdır. Dediklərimizin daha da yaxşı anlaşılması üçün bir misal da verək.. Qədr gecəsi və ya Ərəfa günü deyə fəzilətli günlər vardır. Əgər İmam Hüseyn, Aşura günü deyil, qeyd etdiyimiz bu iki gündən birində vəfat etsəydi, biz həmin günlərdəki fəzilətli əməlləri tərk etməli və ya həmin günü daimi olaraq matəmə çevirməli olacaqdıq? Təkcə bu sualı səmimi olaraq düşünüb, məntiqlə analiz etmək, bütün qaranlıq kimi görünən məqamlara aydınlıq gətirəcəkdir.
Çox maraqlıdır, həyatınızda heç sevindiyinə görə ac qalmağı seçən birisini görmüsünüzmü? Dünyadakı hər bir insan, sevinc əlaməti olaraq yeyib-içməyi seçməzmi? Eyni zamanda, bu “məntiq” doğru olsaydı, o zaman Əziz Peyğəmbərimiz ﷺ, Bədr döyüşündə çox sevdiyi əshabələrinin şəhid olmasıyla, bu orucu dayandırardı.
Şiə məzhəbinin ən məşhur alimlərindən olan Məclisi, demişdir:
“Allahın elçisi, Bədr döyüşü olan ili Aşura orucunu tutmuş və insanlara da tutmağı əmr etmişdir..” (Bihərul-Ənvar, 19/129)
Bununla yanaşı, bu “iddia” əsaslı olsaydı, O, əziz əmisi Hz. Həmzənin Şəvval ayında -iç orqanları çıxarılaraq vəhşicəsinə- şəhid edilməsindən sonra Şəvval və aşura orucunu tutmağı qadağan edərdi. Çünki o da əhli-beytdən idi və ən çox sevdiyi, dayaq kimi hiss etdiyi səhabə idi.. Lakin biz, əminliklə şahid olduq ki, Allahın elçisi ﷺ, bu orucları dayandırmamış, əksinə, tutmağı müstəhəb olaraq daima tövsiyə etmişdir. “Əgər gələcəkdə bir faciə baş verərsə, fəzilətli günlərin orucunu dərhal dayandırın” – deyə bir əmri də yoxdur.
Mühüm bir nüansı da qeyd edək.. Hz. Əli də zülmə məruz qalaraq şəhid edilmişdi. Oğlu İmam Hüseyn, bu hadisədən sonra düz 21 il yaşadı.. Lakin, atası üçün nə yas saxladı, nə məscidlərdə matəm və əzadarlıq mərasimləri təşkil etdi, nə də oruc və digər fəzilətli əməlləri dayandırdı. Əgər matəm edilməli idisə, Hz. Əli fəzilətcə İmam Hüseyndən də üstün idi və oğlu, mütləq bunu edərdi. Lakin, nə Peyğəmbər öz şəhid əmisi Hz. Həmzə üçün yas etdi, nə də Onun nəvəsi olan Hz. Hüseyn, öz şəhid atası Hz. Əli üçün bunu etdi. Çünki, bu kimi əməllərin Qurana dayanan heç bir arqumenti yoxdur.
Bununla yanaşı, İslam hüquq sisteminə (şəriətə) görə, oruc tutmaq – bayram əlaməti demək deyil. Peyğəmbərimiz də ﷺ, bayram günü oruc tutmağı, məhz buna görə qadağan etmişdir. Uqbə b. Amir’dən rəvayət olunmuş hədisdə Rəsulullah, bayram günlərində oruc tutmağı qadağan etmiş və yuxarıda qeyd etdiyimiz məntiqi bu cür izah etmişdir: “Bu günlər yemə-içmə və Allahı xatırlama günləridir.” Deməli, oruc tutmaq deyil, tutmamaq – yəni, yeyib-içmək – bayram əlaməti ola bilər. Aşura günü isə, nə oruc tutmaq, nə də tutmamağın heç biri qadağan deyil.
İmam Hüseynin Aşura günündə şəhid olması, Onun Allah dərgahında nə qədər fəzilət sahibi olduğunun əyani sübutudur. Uca Allah məhz ona Aşurada şəhid olmağı nəsib edərək, ucaltmışdır. Cənnət əhli olan şəhid üçün qiyamətədək yas tutulmaz. Yad edilər, rəhmət oxunar və bu hadisədən ibrətlər alınar. Digər ritual və qadağaların isə, heç bir arqument və məntiqi dayağı yoxdur. Bununla yanaşı, Aşura’nın əsas səbəbinin – Musa peyğəmbərin Firon üzərində qələbə çaldığı gün olduğu da unutulmamalıdır.
Göründüyü kimi istər Şiə, istərsə də Sünni mənbələr bu məsələdə eyni anlamlı mötəbər nəqllərlə zəngindir. Bu halda isə, üzərimizə düşən vəzifə – haqqa tabe olmağa çalışmaq, ixtilaf və fitnəli mübahisələrdən uzaq durmaq – olmalıdır.
Uca Allah bizləri haqq yolundan ayırmasın və Cənnətdə ‘gənclərin seyyidi’ olan İmam Hüseynlə bir yerdə olmağı nəsib etsin! Onun və mənsub olduğu o şərəfli ailənin (hamısına Allahın salamı olsun) etmədiyi əməllərdən uzaq etsin! Əzəmətli Rəbbimiz, Əziz Peyğəmbərimizin Əziz nəvəsi olan Hz. Hüseyn’i qətlə yetirmiş zalımlara və buna sevinən nadanlara lənət etsin!
www.islamevi.az
Ayxan Yaquboğlu (2022)
MƏHƏRRƏM AYI VƏ AŞURA HAQQINDA DAHA GENİŞ MƏLUMAT ÜÇÜN LİNK 👇🏻