Təravih namazını 20 rükət qılmaq bidətdirmi? (geniş araşdırma)
Təravih namazı – Ramazan ayının ən gözəl adətlərindən biridir. Bu namaz, Peyğəmbərimizin və Raşidi xəlifələrin bizlər üçün miras buraxdıqları ən gözəl sünnətlərdən hesab olunur. Lakin biz bu yazımızda Təravih namazının fəziləti haqqında deyil, bu namazın necə qılınması haqqında danışmaq istəyirik..
Məlumdur ki, dövrümüzdə Təravih namazının rükət sayları, müsəlmanlar arasında fikir ayrılığına səbəb olmuşdur. Bəzi müsəlmanlar səkkiz rükət qılmağı sünnət, bundan çox qılmağı isə bidət hesab etmiş, bəziləri iyirmi rükət qılmağı sünnət hesab etmiş, bəziləri isə daha orta yolda durmağa çalışmışlar. Lakin, bizim üçün önəmli olan bir məsələ var: – bizdən öncəki xeyirli nəsillər bu məsələyə necə yanaşmış və hansı görüşdə olmuşlar? Düşünürük ki, bu sualın cavabının aydın olması, bizim kimi sıravi müsəlmanlar üçün yetərli bir ibrət hesab olunmalıdır.
Əvvəla bilməliyik ki, Şəriətlə bağlı hər hansı bir məsələ, bizdən öncə yaşamış xeyirli nəsil üçün gizli qala bilməz və bu məsələdə daha çox onlara etimad olunmalıdır. Bu xüsusda Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə buyurur: “Son dönəmdə yaşamış alimin keçmiş alimlərdən ayrı düşərək tək başına dediyi hər bir görüşü, özündən öncə yaşamış alimlərdən heç biri deməyibsə, o zaman həmin görüş xəta sayılır. Necə ki, İmam Əhməd b. Hənbəl demişdir: “İmamın (səndən öncə o sözü demiş alim) olmadığı hər hansı bir məsələdə danışmaqdan uzaq dur!” (Məcmu əl-Fətəva, 21/291).
Son zamanlar sünnəti sevən bəzi müsəlmanlarda və bəzi elm tələbələrində belə bir fikir formalaşıb ki, gecə namazlarında və təravihdə on bir rükət ilə kifayətlənmək vacibdir və davamlı olaraq bundan artıq bir sayda qılmaq bidətdir. Onlar bununla sünnəti dəstəklədiklərini güman edirlər. Bu görüşlərində məşhur hədis alimi Şeyx əl-Albani’ni (Allah ona rəhmət etsin) – təqlid edirlər, belə ki, Şeyx əl-Albani “Salətut-Təravih” adlı bir risalə yazmış və orada bu görüşü müdafiə etmişdir. Şeyx əl-Albani bu kitabında ümumiyyətlə nafilə namazlarının sayını istəkdən asılı olaraq artırmağı caiz görməmişdir. Biz ilk əvvəldən söyləməliyik ki, Şeyx əl-Albani’nin bu məsələdə xəta etdiyinə, xətasının etibara alınan bir ictihad olmadığına etiqad edirik və bu görüşündə onu təqlid etməyin caiz olmadığını düşünürük. Bu xətanı isə biz özümüz deyil, keçmiş alimlərin yanaşması ilə bu cür anlayırıq. Çünki, keçmiş alimlərdən bu görüşdə olan heç kimi tanımırıq. Lakin qəribə olan, təqlidi inkar etdiklərini iddia edən bəzi müsəlmanların sələf`ə tam-tamına zidd olan bir görüşdə bir müasir şeyxi təqlid edərək o qədər imamların hidayətini tərk etməkləridir. Halbuki sələfin əməli heç də qapalı bir bilgi olmamışdır, araşdırmaq istəyən bunun şahidi ola bilər və biz bu yazımızda onların bu məsələdəki görüşləri haqqında məlumat verməyə çalışacağıq..
Təravih haqqında yazılmış kitablar arasında məhz təravihin qılınma şəklinə və rükətlərinin sayına əhəmiyyət verən kitablar arasında ilk öncə İmam əs-Suyuti’nin “əl-Məsabih fi Salətit-Təravih” kitabını göstərmək olar. Kitabın əksər hissəsi təravihin rükətləri haqqında gəlmiş rəvayətləri ələ alır. Həmçinin əs-Subki’nin “İşraqul-Məsabih fi Salətit-Təravih” adlı kitabı da vardır, lakin bu kitabda təravihin rükətlərinin sayı müzakirə olunmur, kitabda əsasən təravih namazının özünün sünnət olması isbat edilir. Müasir zamanımızda isə bu barədə bir çox kitab yazılmışdır. Onların arasında ən məşhur olan və ən çox əks-sədaya səbəb olmuş kitab Şeyx Nəsirud-Din əl-Albani’nin “Salətut-Təravih” adı altında çap olunmuş kitabıdır. Kitabda Şeyx əl-Albani yuxarıda qeyd etdiyimiz kimi təravih namazının səkkiz rükət, vitr ilə birlikdə on bir rükət olduğunu, bundan artıq qılmağın isə caiz olmadığını, bidət olduğunu müdafiə edir. Şeyx əl-Albani’yə qarşı bu mövzuda birdən çox alim və şeyx rəddiyə yazmışdır. Rəddiyə yazanlar arasında səudiyyəli və qeyri-səudiyyəli şeyxlər də vardır. Səudiyyəli şeyxlər arasında Şeyx İsmail əl-Ənsari (Səudiyyənin ən bariz hədis alimlərindən biridir. Şeyx Muhəmməd bin İbrahim və Şeyx İbn Baz mufti olduqda, hər ikisinin dövründə fətva heyətində iştirak etmişdir və “əl-Ləcnə”nin elmi araşdırmalarında xüsusilə arxalandıqları alimlərdən biri olmuşdur. Hicri 1417-ci ildə, miladi 1997-ci ildə vəfat etmişdir – Allah rəhmət etsin) seçilir və onun yazdığı kitabının tam adı belədir: “Təshih Hədis Salətit-Təravih İşrin Rak’ah var-Raddu aləl-Albəni fi Təd’ifihi”. Bu kitabında xüsusi əhəmiyyət iyirmi rükət haqqında gəlmiş hədislərin səhihliyini isbat etmək olmuşdur. Şeyx ibn Bəz’in ona yönləndirilmiş bir suala cavabı da “əl-Cəvab əs-Sahih min Əhkəmi Salətil-Leyli vat-Təravih” adı altında kiçik bir kitab olaraq çap edilib, sual Şeyx əl-Albani’yə qarşı verilməyib, lakin Şeyx İbn Bəz`in cavabında təravihə müəyyən say məhdudiyyəti qoyanların görüşü tənqid edilir.
Təravih namazları haqqındakı müzakirəni doğru anlamaq üçün hər şeydən öncə təravih namazlarının haradan qaynaqlandığını və təravih namazının kökündə nə olduğunu anlamaq lazımdır. Bilmək lazımdır ki, təravih əslində öz başlanğıcını gecə namazlarından götürür. Buna dəlalət edən xəbərlər çoxdur. Misal üçün İmam Muslim “əs-Sahih” kitabında deyir: “Abd bin Humeyd bizə rəvayət etdi: Abdur-Razzəq bizə xəbər verdi: Mə’mər bizə əz-Zuhri’dən, o da Əbu Sələmə’dən, o isə Əbu Hureyra’dan xəbər verdi; dedi: Allahın elçisi (sallallahu aleyhi va səlləm) Ramazanda qiyam etməyə təşviq edərdi, lakin onu bizlərə vaciblik ilə əmr etməzdi və deyərdi: “Kim ramazanda iman və ihtisab ilə durarsa onun keçmiş günahları bağışlanar.” (Səhih Muslim, 759).
Burada “durarsa” deyildikdə qəsd olunan gecə namazlarıdır. İman ilə durmaq bunun fəzilətini təsdiqləyərək durmaqdır, ihtisab ilə durmaq isə bunu yalnız Allah rızası üçün etməkdir. Beləliklə də gecə namazları haqqında gəlmiş hər bir dəlil həm də təravih namazlarına da aiddir, çünki məna cəhətdən təravih gecə namazlarından fərqlənmir, çünki İşa namazından sonra qılınan bütün namazlar gecə namazları sayılırlar.
Bizim etirazımıza səbəb olan görüşü bəzi elm tələbələri qardaşlarımız daha əvvəl də söylədiyimiz kimi məhz Şeyx əl-Albani’dən götürürlər. O, “Salətut-Təravih” kitabında deyir: “Peyğəmbərin (salləllahu aleyhi va səlləm) on bir rükət ilə kifayətlənməsi, ondan artıq qılmağın caiz olmamasına dəlildir.” (səh. 22). Şeyxin burada qəsd etdiyi Aişə anamızın hədisidir. əl-Buxari deyir: “Aişə’dən (radiyallahu anhə) soruşuldu: “Allahın elçisinin (salləllahu aleyhi va səlləm) ramazanda namazı necə idi?” Dedi: “Allahın elçisi (salləllahu aleyhi va səlləm) nə ramazanda, nə də başqa ayda on bir rükətdən artıq qılmazdı; (əvvəl) dörd rükət qılar; onların gözəlliyi və uzunluğu haqqında soruşma! Sonra (yenə) dörd rükət qılar; onların gözəlliyi və uzunluğu haqqında soruşma! Sonra da üç rükət qılardı…” (Səhih Buxari, 1142). Şeyxin qəsdi budur ki, peyğəmbərin (salləllahu aleyhi va səlləm) on birdən çox qılmaması bundan çox qılmağın caiz olmamasına dəlildir. Biz bu iddiaya alimlərin sözləri ilə cavab verməyə çalışacağıq..
Aişənin hədisindən ilk anlaşılan məna budur ki, peyğəmbərin – aleyhissələm – ən çox qıldığı say on bir olmuşdur və bu, hər zaman on bir qılmasına dəlalət etmir, lakin ən çox on bir qılmasına dəlalət edir. Buradan anlayırıq ki, on birdən az qılmışdır, bəzən doqquz, bəzən də yeddi rükət qılmışdır. Əgər on bir rükətin xüsusi bir fəziləti olsaydı davamlı olaraq on bir rükət qılardı. Üstəlik mücərrəd fel həmin ədədin vacibliyinə dəlalət etmir. Buna görə də üsul alimi, fəqih İbnul-Huməm (vəf. 861 h) xəndək günündə qəzaların tərtibi haqqında danışdıqda deyir: “…çünki mücərrəd fel onun vacib olmasını tələb etməz, çünki onun daha üstün olması (mənası) mümkündür.” (Fəthul-Qadir, 1/488).
Yəni peyğəmbərin (alehissalətu vassələm) bir feli etməsi onun vacib olmasına dəlalət etməz, çünki sadəcə olaraq həmin felin daha yaxşı olması ehtimalı da vardır. Burada da eyni vəziyyətdir və peyğəmbərin (salləllahu aleyhi va səlləm) on bir rükətdən çox qılmaması bunun vacib olmasına dəlalət etmir, sadəcə olaraq onun daha yaxşı olmasına dəlalət edir. Hətta deyərdik ki, on bir rükətin daha üstün olması bütün ümmətə yox, peyğəmbərə – salləllahu aleyhi va səlləm – özəl bir xüsusiyyətdir, çünki onun namazının uzunluğuna heç səhabələr belə dözə bilmirdilər.
İlk baxışdan anlayırıq ki, Aişənin hədisində gecə namazlarını on birdən çox qılmağın qadağan olmasına dair heç bir dəlil yoxdur, çünki peyğəmbərin (salləllahu aleyhi va səlləm) ən çox on bir qılmasının səbəbi gecə namazı üçün ayırdığı vaxta yalnız o qədər rükətın sığması ilə bağlıdır, belə ki, o, qiyamı, rükunu, səcdələri uzatmağı sevərdi və bunun məşəqqətli, daha əziyyətli olmasına baxmayaraq özü üçün bunu seçmişdi. Səhih hədislərdə sabit olub ki, peyğəmbər gecə namazlarında rükətlərin sayını az tutardı, lakin rükətləri, rükətdəki qiyamı, qiraəti, rükunu və səcdəni uzadardı. Bu, özü üçün seçdiyi tərz olmuşdur, yəni qiyamı uzatdığı üçün rükətlərin sayını az edərdi. Bunun dəlili İmam Əhmədin rəvayət etdiyi hədisdir (Musnəd, 2/212).
Ömrünün sonlarında Allahın elçisi salləllahu aleyhi va səlləm) rükətlərin sayını azaltmışdır. Əgər on bir rükət qılmağın bir xüsusi fəziləti olsaydı o zaman qiyamı bir az qısaldardı və rükətlərin sayını on bir edərdi, lakin qiyamı uzatmağa üstünlük vermiş, sayı isə azaltmışdır. Bu isə ən aydın formada bizə nümayiş etdirir ki, Allahın elçisi üçün önəmli olan rükətlərin sayı yox, rükətdəki qiyamın uzun olması idi. Aişə anamızın – “peyğəmbər (salləllahu aleyhi va səlləm) bir namaz qıldımı onu davam etdirməyi sevərdi” – sözü ona dəlalət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – ömrünün axırında davamlı olaraq doqquz rükət qılmışdır. Əgər onun bir sayı xüsusiləşdirməsi bunun vacibliyinə dəlalət edirsə o zaman doqquz rükət götürülməlidir, çünki ömrünün sonunda davamlı olaraq qıldığı gecə namazının rükətlərinin sayı doqquz olmuşdur.
Sonra onu da əlavə etməliyik ki, peyğəmbərin ömrü boyu on bir rükətdən artıq gecə namazı qılmamasını qəbul etməli olsaydıq bu heç bir vəch ilə on birdən çox qılmağın bidət olmasına dəlalət etməzdi. Əgər hədis belə bir mənaya gəlsəydi və əgər belə bir qayda səhih olsaydı, o zaman çox sayda mübahları qadağan etməyimiz lazım olardı. Misal üçün Ənəs bin Malik – radiyallahu anhu – rəvayət edir ki, “peyğəmbər (salləllahu aleyhi va səlləm) ölənə qədər masa arxasında yemək yemədi və ölənə qədər yumşaq çörək yemədi.”(Sahih əl-Buxari, 6450). Heç kəs şəkk etmir ki, masa arxasında yemək qadağan deyildir və yaxud da yumşaq çörəyi yemək nə haramdır, nə də məkruhdur. Peyğəmbərimiz zühdün gərəyi olaraq, azla qane olmağın gərəyi olaraq bu cür bir çox mübah işləri tərk etmişdir. Gecə namazları da belə idi..
Gecə namazlarının məhdud bir ölçüsü olmadığına dəlalət edən dəlillər isə kifayət qədər çoxdur. Bu dəlillərin başında Qurani-Kərimdə gecə namazı haqqındakı ayələr durur, belə ki, o ayələr mütləq bir hökmü ifadə edir, bunu hər hansısa bir ədədə bağlamır. Bu ayələrdən anlaşılan məna budur ki, müsəlman Allah rızası üçün nə qədər çox gecə namazı qılarsa həmin ayələrdə qəsd olunan fəzilətə nail olmuşdur.
Misal üçün: Əbu Davud “əs-Sunən” kitabında deyir: “Əbu Uməmə’dən, o isə Amr bin Abəsə əs-Suləmi’dən belə dediyini rəvayət etdi: “Dedim: “Ey Allahın elçisi! Gecənin hansı hissəsi daha yaxşı eşidiləndir?” Dedi: “Gecənin sonuncu hissəsi; sübh namazını qılana qədər dilədiyin qədər namaz qıl, çünki namaza şahidlik edilir, yazılır. (Sübh namazını qıldıqdan) sonra günəş çıxana qədər namaz qılma…” (Sünən Əbi Davud, 1277. Şeyx əl-Albani səhih demişdir).
İbn Ömər’dən rəvayət edirlər ki, “bir nəfər peyğəmbərdən gecə namazı haqqında soruşur və Allahın elçisi (salləllahu aleyhi va səlləm) deyir: “Gecə namazı iki-ikidir və sizdən kim sübh(ün girməsin)dən qorxarsa qoy bir rükət qılaraq qıldıqlarını tək qurtarsın!” (Sahih əl-Buxari, 990).
Əbul-Valid əl-Bəci (rahiməhullah) deyir: “Onun “iki-iki” sözünün tələb etdiyi məna bizim (daha öncə) zikr etdiyimiz kimi hər iki rükətdən bir fasilə verməkdir, beləliklə də namazı belə tamam olur və (rükətlərinin sayında) ən çoxunun həddi yoxdur; bu, yalnızca namaz qılanın taqətindən asılıdır. Bunun dəlili isə budur ki, o, “iki-iki” söyləmiş və buna heç bir məhdudiyyət qoymamışdır.” (əl-Muntəqa Şərh əl-Muvatta”, 1/220). Hədisi rəvayət edən İbn Ömər də, bunu bu cür anlamışdır. Belə ki, İbn Həcər “Fəthul-Bari” kitabında deyir: “Muhəmməd bin Nəsr (üstəlik) Said bin əl-Həris yolu ilə rəvayət edir ki, o, İbn Ömər’dən bu barədə soruşdu və (İbn Ömər) dedi: “Əgər nə sübhdən, nə də yuxudan qorxmursansa (namazını) iki rükət et, sonra istədiyin qədər qıl və sonra vitri qıl, əks təqdirdə isə qıldığın vitrin üzərinə qıl!” (Fəthul-Bəri, 2/481). Beləliklə buradan anlayırıq ki, İbn Ömər də gecə namazında hər hansı bir məhdudiyyətin olmadığını anlamışdır.
İmam Malik “əl-Muvatta” kitabında rəvayət edir ki, “Ömər bin əl-Xattab gecə Allahın istədiyi qədər namaz qılardı, ta ki, gecənin axırı girdikdə ailəsini namaza oyadardı…” (əl-Muvatta, 289). Əbul-Valid əl-Bəci deyir: “Onun Ömər “gecə Allahın istədiyi qədər namaz qılardı” sözündən çıxan nəticə budur ki, nafilə qılmaq məhdud deyildir və bu, hər bir insanın gücü və aktivliyindən asılıdır.” (əl-Muntəqa Şərh əl-Muvatta, 1/213).
Şeyxul-İslam buyurur: “Namaz qılanlarının halının fərqlənməsi ilə (təravihin) ən əfzəl şəkli də fərqlənir; əgər onlar qiyamın uzunluğuna tab gətirə bilirlərsə o zaman peyğəmbərin (salləllahu aleyhi va səlləm) özü üçün ramazanda və digər aylarda qıldığı kimi on rükət və sonra üç rükət qılmaq daha əfzəldir. Əgər tab gətirə bilmirlərsə o zaman iyirmi rükət gecə namazı daha əfzəldir, müsəlmanların ƏKSƏRİYYƏTİNİN etdiyi əməl də elə bu cürdür.” (Məcmu əl-Fətəva, 22/272).
Bu sözlərdən bəzi faydalar çıxarmaq olar. İlk öncə diqqət edək ki, İbn Teymiyyə peyğəmbərin on üç rükəti özü üçün qıldığını vurğulamışdır və biz yuxarıda izah etdik ki, peyğəmbər özü üçün qıldıqda qiyamı uzadardı, səhabələr üçün qıldıqda isə namazları yüngülləşdirərdi. Daha bir fayda isə budur ki, İbn Teymiyyə təravih üçün müəyyən bir sayın olduğunu qəbul etmir. İbn Teymiyyə buyurur: “Kim gecə namazının peyğəmbər (salləllahu aleyhi va səlləm) tərəfindən müəyyən edilmiş bir sayının olduğunu, ondan çox qılmağın və ya ondan az qılmağın icazəli olmadığını güman edərsə xəta etmişdir!..” (Məcmu əl-Fətəva, 22/271).
Əziz müsəlman! Elə düşünmə ki, yuxarıda gətirdiyimiz hədislər və onlar haqqında deyilmiş alim sözləri yalnız bir-iki alimin sözüdür. Bil ki, bu, fəqihlərin üzərində ittifaq etdikləri bir nöqtədir. Onlar deyiblər ki, gecə namazının bir həddi, müəyyən bir ölçüsü yoxdur, yəni namazların sayında bir məhdudiyyət mövcud deyildir. Muhəmməd bin Nəsr əl-Mərvazi “Qiyəmul-Leyl” kitabında əz-Zə’fərani vasitəsilə İmam əş-Şafi’dən onun belə dediyini rəvayət edir: “İnsanları Mədinədə otuz doqquz rükət qılarkən gördüm.” (əş-Şafi) dedi: “İyirmi mənə daha sevimlidir.” Dedi: “Məkkədə də bu şəkildə qılırlar.” Dedi: “Bunların heç birində darlıq yoxdur, nə də sonuncu bir hədd yoxdur, çünki nafilədir, əgər qiyamı uzadıb səcdələri azaldarlarsa gözəldir və bu, mənim üçün daha sevimlidir, əgər ruku və səcdəni çoxaltsalar o da gözəldir..” (Muxtəsar Qiyəmil-Leyl va Qiyəmi Ramədan, səh: 222).
Öyrəndiyimiz kimi peyğəmbər (sallallahu aleyhi va səlləm) ramazanın son günlərindən üçündə camaat ilə birlikdə gecə namazı qılmışdır və sonra vəfat edənə qədər tərk etmiş və bir də camaat ilə gecə namazı qılmamışdır. Başqa sözlə desək, təravihi yalnız üç gecə qılmış və daha sonra fərz buyurulmasından narahat olaraq tərk etmişdir. Vəfat edənə qədər bu şəkildə özü təklikdə evində qılmışdır. Peyğəmbərin Əbu Bəkr əs-Siddiq xəlifə olmuşdur və müsəlmanlar ramazanda eyni hal üzərində namazlarına davam ediblər, yəni kimisi evində qılıb, kimisi məsciddə tək qılıb, kimisi məsciddə kiçik bir camaatda, kimisi də daha böyük bir camaatda parçalanmış halda təravih namazlarınıq qılıblar. Əbu Bəkr’in xəlifəlik dövrü çox uzun çəkməmişdir, ona görə də qaynaqlarda o dövrdə təravihin necə qılınması haqqında məlumat verilmir. Sonra ümmət Ömərin xəlifəliyi ilə şərəflənmişdir və xəlifəliyin ilk illərində buna heç bir dəyişiklik edilməmişdir. Lakin daha sonra Ömər müsəlmanların sıralarının parçalandığını gördüyü üçün onları bir imamın (Ubey b. Kəb`in) arxasında birləşdirməyi qərara alır. (Sahih əl-Buxari, 2010).
Lakin bu rəvayətdə neçə rükətlə başladıqlarını söyləmir. Ömərin insanlara qıldırdığı təravih namazının rükətləri haqqında bir neçə rəvayət gəlmişdir. Bunlardan bəzisində on bir, bəzilərində on üç, digərlərində isə iyirmi rükət zikr olunur. Alimlər bu rəvayətləri cəm edərək deyiblər ki, Ömər ilk öncə on bir rükət qıldırmış, sonra on üç, ondan sonra isə iyirmi rükət qıldırmış və iyirmi rükət üzərində durmuşdur və bu əməl məşhurlaşmış və bundan sonra rəşidi xəlifənin sünnəti olaraq ümmət tərəfindən qəbul edilmişdir. Misal üçün: əl-Beyhəqi “əs-Sünən əs-Sağir”də isə deyir: “Əbu Tahir əl-Fəqih bizə xəbər verdi; Əbu Osman Amr bin Abdilləh əl-Basri bizə bildirdi; Muhəmməd bin Abdil-Vahhab bizə xəbər verdi; Xalid bin Məxləd bizə bildirdi; Muhəmməd bin Cəfər bizə xəbər verdi; Yezid bin Xuseyfə bizə əs-Səib bin Yezid’dən onun belə dediyini rəvayət etdi: “Ömər bin əl-Xattab’ın – radiyallahu anhu – zamanında vitr ilə birlikdə iyirmi rükət qılardıq.” (əs-Sunən əs-Sağir, 1/297 (821); Mərifətus-Sünən val-Əsər, 4/42 (5409)). Həmçinin Abdur-Razzaq “əl-Əsləmi’dən, o da əl-Həris bin Abdir-Rahmən ibn Əbi Zubəb’dən, o da əsSəib bin Yezid’dən onun belə dediyini (rəvayət edir) : “Ömərin zamanında qiyamdan fəcrin açılışı yaxınlaşdıqdan ayrılardıq və Ömərin zamanında qiyam iyirmi üç rükət idi.” (əl-Musannəf, 4/261-262 (7733)).
Bunlar həmin rəvayətlərdən sadəcə bir neçəsidir. Bilmək lazımdır ki, buna bənzər səhih rəvayətlər çoxdur və tarix boyu bu rəvayətlər heç bir alim tərəfindən tənqid olunmayıb. Yalnız müasir alimlərdən Şeyx əl-Albani bu rəvayətləri tənqid etməyə çalışmışdır. Şeyx əl-Albani’nin etiraz etdiyi rəvayət Abdur-Razzaq’ın bu gün çap olunmuş “əl-Musannəf” kitabında mövcuddur və rəvayət sənədi ilə birlikdə yuxarıda qeyd olundu. Beləliklə Şeyx əl-Albani bu əsəri inkar etmək üçün iki səbəb göstərmişdir:
Birinci: bu əsər şazdır, çünki digər siqa ravinin rəvayət etdiyinə müxalifdir. Şeyxin qəsdi budur ki, digər rəvayət daha səhihdir, ona görə də bu rəvayət şazz sayılmalıdır.
İkinci: bu əsəri Abdur-Razzaq əs-San’ani’dən başqa heç kim rəvayət etməyib və Abdur-Razzaq’ın ömrünün sonunda hafizəsi qarışmışdır və bu rəvayəti bu hadisə baş vermədən öncəmi, yoxsa sonramı rəvayət etdiyi bilinmir.
Buna alimlərin sözlərinə dayanaq bir neçə yöndən cavab verə bilərik və növbəti sətirlərdə Şeyx əl-Albani’nin tutduğu mövqenin zəifliyini izah edirik və oxucudan xahişimiz budur ki, bu yazılanları diqqətlə oxusun və anlamağa çalışsın.
Hər şeydən öncə qeyd etməliyik ki, Şeyxin bu əsərə şazz hökmü verməsi üçün tutarlı bir səbəb yoxdur, çünki hər iki əsərin bir-birini inkar etmədən səhih olması mümkündür, yəni Ömərin öz zamanında həm on bir rükət, həm də iyirmi rükət qıldırması sabitdir. Biri digərini inkar etmir, ona görə də Şeyxin bunu şazz sayması üçün heç bir əsas yoxdur.
Lakin Şeyx – rahiməhullah – bu hədisi bizlərə Abdur-Razzaq’dan kimin rəvayət etdiyini bəyan etmir və Abdur-Razzaq’dan onun kitabını rəvayət edən ravilər haqqında bir məlumat vermir, sanki Şeyx bu böyük imamın “əl-Musannəf” kitabının üzərindən bir xətt çəkmişdir. Əslində burada həmin mətnləri və raviləri bircə-bircə ortaya qoyaraq Şeyximiz əl-Albaninin bu mövzuda (keçmiş alimlər tərəfindən əvvəlcədən deyilmiş) xətasını müzakirə edə bilərik. Lakin, bacardıqca qısa tutmağa çalışdığımız bu yazıda mövzunu ixtisarlaşdırmağa çalışırıq ki, oxuyucu üçün asanlıq olsun. Qısa olaraq deyə bilərik ki, əl-Xatib əl-Bəğdədi, İbn Həcər əl-Asqaləni, əz-Zəhəbi və başqaları İshaq əd-Dəbəri’nin AbdurRazzaq’dan rəvayətini səhih sayıblar. Xüsusilə də İbn Həcər “Fəthul-Bəri” kitabında “iyirmi bir rükəti” zikr edən məhz bu rəvayəti zikr edir və bir etiraz etmir. Ümumiyyətlə “əl-Musannəf” kitabının rəvayətindəki ümdə, dayaq nöqtəsi əd-Dəbəri’dir, əgər onun Abdur-Razzaq’dan rəvayəti səhih deyilsə o zaman Abdur-Razzaq’ın “əl-Musannəf” kitabını ümmət rəflərdən çıxara bilərlər, kitabxanalardan kənarlaşdıra bilərlər. Lakin Allaha həmd olsun ki, hal heç də Şeyx əl-Albani’nin dediyi kimi deyildir. Müasirlərdən Şeyx Abdullah bin Muhəmməd bin Əhməd əd-Duveyş, İsmail bin Muhəmməd əl-Ənsari və başqaları bu nöqtədə Şeyx əl-Albani’yə etiraz ediblər.
Bura qədər yazdıqlarımızdan sonra bəlkə də düşünə bilərsiniz ki, bütün bu rəvayətlərin hamısı səhihdirsə Ömər o zaman neçə rükət namaz qıldırmışdır? Biz də deyirik ki, burada təəccüblü heç bir şey yoxdur. Ömərin dövründə səhabələrin qıldığı təravihin rükətləri haqqında gəlmiş rəvayətlər bir-birinə zidd deyildir, yəni bir-birini inkar etmir. Bunların arasını çox asanlıqla cəm etmək mümkündür və alimlərimiz də bu cür etmişdir. əl-Beyhəqi “əs-Sünən əl-Kubra” kitabında fərqli rəvayətləri zikr etdikdən sonra deyir: “İki rəvayətin arasını cəm etmək mümkündür, belə ki, onlar on bir rükət qılırdılar, sonra isə iyirmi rükət qıldılar və üç rükət vitr qıldılar. Doğrusunu Allah bilir.” (əs-Sunən əl-Kubra, 2/699).
Yəni ilk öncə on bir rükət qılıblar və qiyamı uzun ediblər, lakin bu, insanlara ağır gəldiyi üçün qiyamı yüngülləşdiriblər və rükətlərin sayını artırıblar. Həmçinin əl-Hafiz İbn Həcər “Fəthul-Bəri” kitabında deyir: “Bu rəvayətlərin arasını halların fərqli olduğunu deməklə birləşdirmək mümkündür və bu fərqliliyin qiraəti uzatmaq və yüngülləşdirməkdən asılı olması ehtimalı var, belə ki, qiraəti uzatdıqda rükətlərin sayı azalır, yaxud da əksinə olur. əd-Dəvudi və başqaları qəti olaraq bu görüşü qəbul ediblər.” (Fəthul-Bəri, 4/253).
Bu, yalnız İbn Həcər’in və əd-Davudi’nin görüşü deyildir, bu, həm də digər böyük imamların da görüşüdür. İbn Teymiyyə də fətvalarında və kitablarında birdən çox yerdə bunu təsdiqləmişdir. Ona görə də bu rəvayətlərin fərqli sayları bizlərə öyrətməsində heç bir problem yoxdur, önəmli olan bunların səhih isnadlarla sabit olması vəalimlər tərəfindən qəbul edilməsidir.
Ömərin dövründə iyirmi rükət qılmaqları haqqında gəlmiş xəbərlər ilə tanış olduqdan sonra ondan sonrakı dövrə nəzər salaq. Yuxarıdakı rəvayətlərin arasında əs-Səib bin Yezid’in şahidlik etdiyi kimi müsəlmanlar “…Osmanın – radiyallahu anhu – zamanında qiyamın şiddətinə görə əsalarına yüklənərdilər”. Bunu bizlərə hekayə edən əs-Səib ilk öncə Ömərin zamanında qılınan təravihin rükətlərinin sayının iyirmi olduğunu dedikdən sonra Osmanın dövründə də namazın uzunluğundan insanların öz əsalarına söykəndiklərini xəbər verir. Əgər Osmanın dövründə rükətlərin sayı fərqlənsəydi bunu bizə xəbər verərdi, rəvayətin zahiri onu göstərir ki, Osmanın dövründə də hal olduğu kimi qalmışdır, yəni təravihi iyirmi rükət qılıblar. Osmanın dövründə müsəlmanlara namazda imamlıq edən Əli bin Əbi Talib (radiyallahu anhu) idi. Əli’nin təravihləri iyirmi rükət qıldırmasında heç bir şəkk olmamalıdır, bizim əlimizdə onun neçə rükət qıldırmasına dair başqa heç bir rəvayət yoxdur, bütün rəvayətlər “iyirmi” sayını zikr edir. əl-Beyhəqi də Əlinin tələbələrinin də iyirmi rükət qılmasına əsaslanaraq bu rəvayətləri güclü saymışdır. əl-Beyhəqi onun tələbələrindən yalnız Şuteyrin adını zikr edir. Onun tələbələrindən həmçinin əl-Həris əl-Həmədəni, Əli bin Rabia və Suveyd bin Ğafələ kimi tabiin nəslinin böyükləri də iyirmi rükət qılıblar. İshaq bin Rahəveyh deyir: “İraq əhlinə gəldikdə isə Əlinin (radiyallahu anhu) zamanından bu günə qədər beş tərvihə qılmağa davam edirlər.” (Məsəil əl-İmam Əhməd bin Hənbəl va İshəq bin Rahəveyh, 2/840).
Bu isə səhabələrin və sələfin fiqhini ən gözəl bilən imamlardan bir imamın bizim dediklərimizi dəstəkləyən sözləridir. Bütün bunlardan sonra xəlifə Əlinin iyirmi rükət təravih qıldırması haqqında hər hansı bir şəkkin qalmadığını ümid edirik..
Bu haqda çoxlu mürsəl xəbərlər də mövcuddur. Onlardan sadəcə birini təqdim edirik: İmam Malik “əl-Muvatta” kitabında rəvayət edir. “əl-Muvatta” kitabının ravisi Əbu Musab deyir: “Malik bizə Yezid bin Rumən’dən onun belə dediyini rəvayət etdi: “Ömər bin əl-Xattab’ın zamanında insanlar ramazanda iyirmi üç rükət qılardılar.” (Muvatta, 281). İsnadı səhihdir. Əbu Rauh Yezid bin Rumən əl-Əsədi əlMədini tabii nəslindən böyük bir alimdir, əz-Zubeyr ailəsinin mövlasıdır. Ənəs bin Məlik, Abdullah bin Zubeyr və İbn Abbas kimi səhabələrdən hədis eşitmişdir. Əbu Hureyra’dan rəvayət etdiklərinin isə mürsəl olduğunu deyiblər. Həmçinin, bu mürsəllər ilə ümmətin sələf`i əməl etmişdir, beləliklə də hüccət olmasında heç bir şəkk olmamalıdır.
Səhabələrdən sonra Tabiinlər də bu cür əməl ediblər. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir: “İbn Numeyr bizə AbdulMəlik’dən, o da Ata’dan belə dediyini rəvayət etdi: “İnsanları gördüm və onlar vitr ilə birlikdə iyirmi üç rükət qılırdılar.” (İbn Əbi Şeybə, “əl-Musannəf”, 7688). Həmçinin, Ata bin Əbi Rabah, əl-Həsən əl-Bəsri, İbrahim ən-Nəxai və Abdur-Rahmən bin Hurmuz əl-Arac kimi dörd böyük imam da şahidlik edirlər ki, səhabələr on bir rükətdən artıq qılıblar, iyirmi rükət namaz qılıblar. (Bax: “əl-Əsər” 1/41 (211), “Muvatta” (282) və s.).
Səhabələrin iyirmi rükət təravih qılmaları – icma edilmiş məsələlərdəndir. Misal üçün, Alləmə Əbu Bəkr əl-Kəsəni belə buyurur: “Ömər (radiyallahu anhu) Allahın elçisinin (sallallahu aleyhi va səlləm) səhabələrini ramazan ayında Ubeyy bin Kəb’in imamlığı altında topladı və hər gecə onlara iyirmi rükət qıldırdı və onlardan heç biri inkar etmədi, beləliklə bu, onlar tərəfindən bunun üzərində bir icma olur.” (Bədai’us-Sanəi fi Tərtibi’ş-Şərai, 1/288). Həmçinin, Mühəddis Bədrud-Din əl-Ayni deyir: “Bizim dəlilimiz əl-Beyhəqi’nin səhih isnadla rəvayət etdiyidir ki, “onlar Ömərin (radiyallahu anhu) zamanında iyirmi rükət qılırdılar. Osmanın və Əlinin (radiyallahu anhumə) zamanında da eyni idi.” Beləliklə də bir icma olmuşdur..” (Mirqatul-Məfətih Şərh Mişkətil-Məsabih, 3/973).
Dörd məzhəb alimlərinin böyük əksəriyyəti də bu görüşdə olmuşdur. İbn Qudəmə deyir: “Əbu Abdilləh’ə (İmam Əhmədə) görə, seçimə layiq olan iyirmi rükətdir; Sufyan əs-Səvri, Əbu Hənifə və əş-Şafi də bu görüşdə olub..” (əl-Muğni, 2/123).
Lakin indiki zamanımızı təsəvvür edin. Aramızda elələri var ki, əsrlər boyunca ümmətin peyğəmbərin (aleyhissalətu vassələm) hidayətindən qafil qaldığına və yalnız son əsrlərdə bir neçə alimin (hər nə qədər böyük alimlər olsa belə) bu hidayəti müsəlmanlara öyrətdiyinə inanırlar. Bu fikirdə olan müsəlmanlar ümrəyə gəldikdə Haramda qılınan təravih namazlarında səkkiz rükətdən namazı tərk edib gedirlər və beləcə də müsəlmanlar arasında parçalanma və fəsad ortaya çıxır. Ey müsəlman oxucu, bütün bunlara qarşı həssas olman lazımdır. Hər hansı bir böyük alimin necə xəta edə biləcəyini anlamadıqda isə, bunu xatırla: Bir nəfər İmam Əhmədə deyir: “İbn Mubarək belə deyir axı.” İmam buyurdu: “İbn Mubarək səmadan düşməyib.” (əl-Furu va Təshih əl-Furu, 11/116).
Əziz müsəlman! Sətirlərə tökdüyümüz fikirlərdən, görüşlərdən, xəbərlərdən məlum oldu ki, səhabələr təravihi iyirmi rükət qılıblar və onlardan məşhur olan da budur. Səhabələrin özləri, tələbələri və onlardan sonra gələn imamlar da bunu təsdiq ediblər. Şeyx əl-Albani (Allah ona rəhmət etsin və dərəcəsini artırsın!) və onun kimi düşünən barmaqla sayılacaq qədər müasir alim və şeyxlərdən başqa heç kim səhabələrin iyirmi rükət qılmasını inkar etməmişdir. Əgər bu sabitdirsə o zaman Şeyx əl-Albani’nin kitabında dediyi sözü xatırlatmaq istəyirik, belə ki, Şeyx müzakirənin gedişində buyurur: “Adil xəlifələrdən birindən və ya fəqih səhabələrdən bir başqasından on bir rükətdən artıq qıldığı sabit olarsa bunun caiz olduğunu deməkdən başqa çarəmiz qalmaz, çünki onların fəzilətini, dini gözəl anladıqlarını, dində bidət çıxarmaqdan nə qədər uzaq olduqlarını və insanları bundan çəkindirməkdə nə qədər həris olduqlarını bilirik.” (Salətut-Təravih, səh: 78-79).
Biz də bu yazımızda alimlərin sözləri ilə, mühəddislərin şahidlikləri ilə səhabələrin ittifaq ilə iyirmi rükət qıldıqlarını göstəririk. Ona görə də iyirmi rükət təravih qılanları bidətdə ittiham etmək təsəvvür edilməyəcək dərəcədə bir müsibətdir, çünki bu, sadəcə olaraq siravi müsəlmanları bidətdə ittiham etmək deyildir, bu, məhz ümmətin sələfini bidətdə ittiham etməkdir və bu, çox ağır bir şeydir. Halbuki ümmət ittifaq edib ki, sələf təravihi iyirmi rükət qılıb və bu barədə saysız-hesabsız xəbərlərdən çox az qismini təqdim etdik. Onların hamısını inkar etmək ağılsızlıq olardı. Ona görə də Şeyx Abdul-Həyy əl-Ləknəvi deyir: “Kim Aişənin adı keçən hədisini götürərək on bir rükətdən artıq qılmağın bidət olduğunu zənn edərsə (elə özü) dində bidət olan bir iş çıxarmışdır və mən bunu “Tuhfətul-Əxyər” kitabında təfsilatlı izah etmişəm.” (ət-Təliq əl-Muməccəd alə Muvattai Muhəmməd, 1/621).
Həmçinin bunu şiddətlə inkar edənlərdən biri də Alləmə Ənvər Şah əl-Kəşmiri’dir, belə ki, “Feydul-Bəri” kitabında deyir: “Lakin səkkiz rükətlə kifayətlənənlərə, müsəlman kütləsindən seçilərək şazz qalanlara və onları bidətdə ittiham edənlərə gəldikdə isə qoy aqibətini özü görsün.” (Feydul-Bəri Şərh Sahih əl-Buxari, 3/375).
Bütün bunlar məsələnin ciddiliyini sizlərə çatdırmaq üçün son sitatlarımız idi. Başa düşürük ki, bu gün bəzi məscidlərdə iyirmi rükət təravih namazları çox keyfiyyətsiz və tez-tez qılınır. Biz bunu da şiddətlə tənqid edirik! Təravih namazı aramla, yavaş-yavaş, gözəl şəkildə qılınmalıdır. Yəni, heç kəs bizi o cür bəzi məscidlərdə şəkildə qıldırılan təravihləri müdafiə edirmişik kimi anlamasın və bilsin ki, bu cür tətbiqat – təravihin qayəsinə ziddir və xeyirli nəsillər olan sələf, bu cür formada təravih qılmayıb! Bizim bu yazımız on bir rükətdən artıq təravih qılmağı və xüsusən iyirmi rükət qılmağı bidət hesab edən anlayışın – hansı ki bu anlayış bizdən öncəki xeyirli əsr insanlarının anlayışına müxalifdir – yalnış olmasının bəyanı idi. Ümid edirik ki, bu yazımız dinini sevən, sələfə tabe olmağa həris olan müsəlman bacı və qardaşlarımız üçün faydalı olacaq və bundan bir nəticə çıxaracaqlar.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!