ABDULLAH IBN CƏHŞ
Birinci olaraq möninlərin sərkərdəsi adlandırılmışdır.
Indi haqqında danışacağımız səhabə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə sıx əlaqədə olmuşdur. O həm də Islamda onun ilk tərəfdarlarından idi.
O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bibisi oğlu idi, çünki onun anası Umeymə, Əbdül Mütəllibin qızı, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bibisi idi.
O həm də Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) bacanağı idi, çünki onun bacısı Zeynəb, Cəhşin qızı, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcəsi və möminlərin analarından biri idi.
Ona birinci olaraq Islam bayrağı təqdim olunmuşdu və bundan sonra onu möminlərin sərkərdəsi adlandırmışdılar. Bu adam — Abdullah ibn Cəhş əl-Əsədi idi.
Abdullah ibn Cəhş, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hələ əl-Ərkəm evinə daxil olmamışdan, Islamı qəbul etmişdi və beləliklə, ilk müsəlmanlardan biri idi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qüreyşlilərin şərindən öz dinini xilas etmək üçün səhabələrinə Mədinəyə köçməyə icazə verəndə Abdullah ibn Cəhş ikinçi köçkün (mühacir) oldu və bu əməlində onu qabaqlayan təkcə Əbu sələmə olmuşdu.
Allah xatirinə mühacirət, Onun üçün qohumlardan və vətəndən ayrılmaq Abdullah ibn Cəhşdən ötrü yeni bir şey deyildi. O əvvəllər bir sıra yaxınları ilə Həbəşistana hicrət etmişdi.
Lakin bu dəfə mühacirət daha genişmiqyaslı idi. Çünki onunla artıq onun bütün qohum-əqrabası və yaxın adamları, habelə onun atasının digər öbladları öz ailələri, yaşlı və gənclər, oğlan və qızları ilə gedirdilər. Islam onun evi, iman isə onun qəbiləsi oldu.
Onlar Məkkəni tərk edən kimi, onların qoyub getdikləri evlər hüzn içində və həmişəlik tərk edilmiş kimi görünürdü, sanki onlarda əzəldən heç kim yaşamamış, onlara insan ayağı dəyməmişdi.
Abdullahın öz qohum-əqrabası ilə çox vaxt keçməmiş qüreyşlilərin başçıları Məkkə məhəllələrini gəzməyə başladılar ki, müsəlmanlardan kimin şəhəri tərk etdiyini və kimin qaldığını aydınlaşdırsınlar. Qalanların arasında Əbu Cəhl və Utba ibn Rabiə də vardı.
Bəni Cəhşin toz-torpaqlı küləklər oynayan və qapıları açılıb-örtülın evlərinə nəzər salaraq, Utbə dedi:
– Belə oxşayır ki, bəni Səhşin tərk edilmiş evləri onlar üçün yas tutub.
Əbu Cəhl ona etiraz etdi:
– Onlar kimdirlər ki, evləri onlardan ötrü ağlasın?
Bundan sonra Əbu Cəhl evlərin ən gözəli və varlısı olan Abdullah ibn Cəhşin evinə girdi və orada olan əşyalara dair, öz malı kimi, sərəncam verməyə başladı.
Abdullah ibn Cəhşə Əbu Cəhlin onun evində nə etdiyini xəbər verəndə, o bu barədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) bildirdi.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona belə buyurdu:
– Ey Abdullah, məgər səni Cənnətdə Allahdan alacağın gözəl ev qane etmir?
– Bəli, tamamilə qane edir, – deyə Abdullah cavab verdi.
– Onda, belə də olacaq, – deyə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bildirdi.
Bundan sonra Abdullahın ürəyi sakitləşdi.
Abdullah ibn Cəhş birinci və ikinci hicrət zamanı çəkdiyi ağrı-acılardan və qureyşlilərin fitnə-fasadından sonra qayğıkeş ənsarların yanında layiq olduğu istirahətin ləzzətini hələ dadmadığı bir vaxtda və Mədinədə yerbəyer olmağa macal tapmamış, tale Allahın iradəsilə, onu o Islamı qəbul etdikdən sonra, həyatında ən sərt sınağa və ən ağır yoxlamaya məruz qoydu.
Gəlin onun bu sərt və acı sınaqdan keçirilməsi haqqında hekayəti dinləyək.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Islam tarixində ilk hərbi əməliyyat keçirilməsi üçün səhabələri arasından səkkiz nəfəri seçdi. Bu səkkiz nəfərin arasında Abdullah ibn Cəhş və Səəd ibn Əbu Vaqqas da var idi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) seçdiyi şəxslərə buyurdu: “Mən, aclığa və susuzluğa hamıdan yaxşı və mətanətlə dözəni sizin komandiriniz təyin edirəm”. Sonra o Abdullah ibn Cəhşə bir bayraq təqdim etdi və beləliklə, o, müsəlman ümmətinin ilk sərkədəsi oldu .
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Cəhşə hərəkət istiqamətini müəyyən etdi və ona bir məktub verdi ki, deyilən vaxtdan əvvəl oxumamaq şərtilə, onu səfərin ancaq ikinci günündən sonra açıb oxumalıydı.
Məxfi səfərdən iki gün keçdikdən sonra, Abdullah məktubda aşağıdakıları oxudu:
“Bu məktubla tanış olduqdan sonra hərəkəti Taiflə Məkkə arasında yerləşən Nəhlə istiqamətində davam etdir, sonra isə qureyşliləri müşahidə edərək onlar haqqında bizə məlumat göndər…”
Abdullah məktubu oxuyub ucadan dedi: “Allahın Elçisinə itaət edirəm!”, sonra da yol yoldaşlarında müraciət etdi:
– Allahın Elçisi mənə əmr etmişdir ki, qureyşliləri müşahidə etmək üçün Nəhlə tərəf hərəkət edək və onların hərəkətləri haqqında ona ona məruzə edək. Eyni zamanda o mənə sizi mənimlə getməyə məcbur etməməyi qadağan etmişdir. Kim ki, qıhrəmancasına şəhid olmağa can atır və istəyirsə, qoy mənimlə getsin. Bunu istəməyən isə, heç bir üzüqaralıq hiss etmədən geri qayıda bilər.
Adamlar dedilər:
– Biz Allahın Elçisini eşidir və ona itaət edirik. Biz, Allahın peyğəmbərinin sənə əmr etdiyi yerə gedirik.
Nəhlə çatdıqda, bu kiçik dəstə qureyşlilərin gediş-gəlişini, hərəkətlərini müşahidə edərək, fəal surətdə kəşfiyyat aparmağa başladı. Bir dəfə onlar dörd nəfərin (Əmr ibn əl-Hadrami, əl-Hokm ibn Keysan, Osman ibn Abdullah və onun qardaşı əl-Muqirənin) olduğu qureyşi karvanı gördülər. Onlar dəri, kişmiş və qureyşlilərin adətən ticarətini etdiyi digər mallar aparırdılar.
Karvanı gördükdə, döyüşçülər öz aralarında məsləhətləşməyə başladılar. Bu, müharibənin haram olduğu ayların son günündə idi. Onlar bir-birinə deyirdilər:
– Əgər biz onları öldürsək, bu haram ayına düşəcək. Bununla da biz qadağanı pozmuş oluruq və bütün ərəblər bizə nifrət edər… Əgər biz onlara dəyməsək, bu gün ərzində onlar Məkkənin (döyüş) haram edilmiş ərazisinə çatarlar və təhlükəsizliklərini bizdən təmin edərlər.
Bu minvalla məsləhətləşərək, onlar karvançılara həmlə edib onları öldürməyin və qənimət əldə etməyin zəruri olduğu qərarına gəldilər… Bir-neçə anda onlar bir nəfəri öldürdülər, ikisini əsir götürdülər, dördüncü isə qaçaraq canını qurtarıb aradan çıxdı.
Abdullah ibn Cəhşin dəstəsi iki əsirlə birgə və ələ keçirilmiş mallarla Mədinəyə qayıtdı. Onlar Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) qarşısına gəldikdə, o onların etdiyi hərəkətləri haqqında bilib, onlara ən sərt şəkildə töhmət verdi.
O buyurdu:
– Allaha and olsun, mən sizə döyüş əməliyyatı aparmağa əmr verməmişdim. Mən sizə əmr etmişdim ki, qureyşlilər haqqında məlumat toplayıb ötürəsiniz və həmçinin onların hərəkətlərini müşahidə edəsiniz.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hər iki əsiri, onların taleyi həll olunana qədər öz yanında saxladı. Zəbt edilmiş mallara gəldikdə isə, onlardan özünə bir şey götürməyə qətiyyən razılıq vermədi.
Belə olduqda Abdullah ibn Cəhş və onun yoldaşları ruhdan düşdülər, çünki onlar başa düşdülər ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) əmrini pozublar.
Vəziyyət həm də onunla mürəkkəbləşmişdi ki, müsəlman qardaşların əksəriyyəti onları məzəmmətləndirirdilər, onların yanından keçərək, deyirdilər: “Onlar Allahın Elçisinin əmrini pozmuşlar”.
Onlar, qureyşlilərin bu hadisədən bir bəhanə olaraq, Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) xilas olmaq üçün istifadə etdiklərini və onu ərəb qəbilələri arasında hörmətdən saldıqlarını bildikdə özlərini daha da itirdilər. Qureyşlilər deyirdilər: “Muhamməd qan tökməklə, malları zəbt etməklə və adamları əsir götürməklə haram ayların qadağasını pozmuşdur…”
Əbdurrahman Rafat Əl-Başa
Tərcümə edən:
Fərahim Sələfi