MӘHӘRRӘM AYI VӘ AŞURA GÜNÜ HAQDA HƏR ŞEY (araşdırma)
Mәhәrrәm ayı – Hicri təqviminin ilk ayıdır. Uca Allahın aşağıdakı ayədə bildirdiyi kimi, dörd haram (müqәddәs) aylardan biridir.
ƏLAVƏ OLARAQ OXU:
https://islamevi.az/haram-aylar-eshurul-haram-menasi-sayi-ve-meshur-gecikdirme-hadisesi
Uca Allah belə buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu (İslam), doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. (Tövbə, 36)
Әbu Bəkrə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) dedişdir: “İl – on iki aydan ibarətdir. Onlardan dördü haramdır: arda-arda gələn üç ay – Zül-Qadə, Zilhiccə və Mәhərrəm; Cumədəl-Axir və Şaban ayının arasında olan Rəcəb ayı”. (Buxari, 2958)
Bu ayın Mәhərrəm adlandırılması, mənasının ‘haram (müqəddəs) olan’ olmasına görədir.
Uca Allahın “..həmin aylarda özünüzə zülm etməyin” sözü, bu aylarda edilən günahların, digər aylarda edilən günahlardan daha böyük olması səbəbilədir.
Qatadə (Allah ondan razı olsun) “..həmin aylarda özünüzə zülm etməyin” ayəsi haqda belə demişdir:
“Bu haram aylarda günah etmək, digər vaxtlarda edilən günahlardan daha şiddətli və daha böyükdür. Digər vaxtlarda edilən günahlar da təbii ki böyükdür. Lakin Allah, istədiyi zamanı seçərək daha da əzəmətləndirir”. Həmçinin deyir: “Allah, Öz məxluqundan müəyyən kəsləri seçmişdir. O, mələklər arasından elçilər, insanlar arasından peyğəmbərlər, sözlər arasından Onu zikr etməyi, yerdә üzündə məscidləri, aylar arasından Ramazan və haram ayları, günlərdən Cümə gününü, gecələrdən isə, Qədr Gecəsini seçmişdir. Buna görə də Allahın əzəmətləndirilməsini söylədiklərini, əzəmətləndirin.” (İbn Kəsir, Tövbə surəsi 36-cı ayənin təfsiri).
Bizdən öncə yaşamış xeyirli insanlar üç “10-luğu” əzəmətləşdirərdilər:
“Məhərrəm ayının ilk on gününü, Zilhiccə ayının ilk on gününü və Ramazan ayının son on gününü.” (Raddul-Mənsur, 8/501)
✔ Məhərrəm ayında daha çox nafilə oruc tutmağın üstünlüyü
Hədisdə deyilir: “Allah Rəsulu (ona Allahın salamı olsun) dedi: “Ramazan ayından sonra ən üstün dərəcəli oruc, Allahın ayı olan Mәhərrəmdədir”. (Muslim, 1982)
Ay adının Allah sözü ilә birgә işlәdilmәsi (nisbət edilməsi), bu ayın əzəmətini daha da açıq şəkildə ifadə edir.
Uca Allah, istədiyi zamanı və məkanları seçәrәk, onları fәzilәtli etmiş, insanları da bu fürsәtlәrdәn istifadә edәrәk savab qazanmağa çağırmışdır. Böyük alim İbn Abdus-Salam (Allah rәhmәt etsin) demişdir: “Zamanlar və məkanlar iki yolla fəzilətləndirilir. Biri dünyəvi, ikincisi isə dini yolla. İkincisinə gəldikdə – səbəbi budur ki, Uca Allah o vaxt və məkanlarda edilən əməllərə daha böyük savab verməklә, qullarına Öz səxavətini bəxş edir. Məsələn, Ramazan ayında tutulan oruca, digər vaxtlarda tutulan orucdan daha böyük savab verir. Eləcə də, Aşura günündə.. Bunun üstünlüyü, Allahın qullarına qarşı səxavəti və mərhamətindən dolayıdır..” (Qavaid әl-Әhkәm, 1/38).
✔ Mәhərrəm ayından əldə olunacaq ibrətlər.
Mәhərrəm ayı, Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrət etməsi hadisəsindəki bir çox dərs və ibrətləri xatırladır. Bütün bunlar bizlərə, Hicri təqviminin başlıca əhəmiyyətini anlamağa yardım edir. Hicrət hadisәsinin, İslamın inkişafında mühüm bir addım olmasını yada salmaqda da fayda vardır. Belə ki, tarix boyunca İslam, hicrətdәn faydalanmışdır. Bir çox qitәlәrdә İslamın mövcud olması və inkişaf etmәsi, oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların zəhmətləri nəticəsində olmuşdur.
Mәhərrəm ayının 9 və 10-cü günü oruc tutmaq Peyğəmbərimizin tövsiyyəsidir (sünnəsidir). O (ona Allahın salamı olsun) 10-cu günü (Aşura günü) oruc tutmuş, öz səhabələrini də buna təşviq etmişdir.
* Hz Hüseyn (Allah ondan razı olsun) və onun ailəsinin böyük fədakarlığı.
Əhli-Beytin dahi şəxsiyyəti və İmamı olan Hz. Hüseyn’in Kərbəla’da şəhid olması da, aşura gününə təsadüf edir. Yəni, bu hadisə, aşura gününün əsl səbəbi deyildir. Peyğəmbərimizin vəfatından illər sonra, bu faciə baş vermiş və aşura gününə təsadüf etmişdir. Biz Kərbəla epizodundan qəhrəmanlıq dərsləri, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik.
Nə Peyğəmbər, nə də əhli-beyt, bu ayı yasa çevirməmiş, sinə vurub, ağı deməmişlər. Bu, hər kəsin dəqiq olaraq bildiyi bəsit bir məsələdir. Deməli, aşura – Kərbəla faciəsi ilə başlamayıb və tamamilə fərqli bir şeydir. Fəzilətli bir şəxsin, mübarək bir gündə şəhid olması, o günün mahiyyətini sonradan dəyişə bilməz. Çünki, din artıq tamamlanmışdır, yeni ritualların əlavə olunması mümkünsüzdür. Peyğəmbər vəfat etmiş, Quran tamamlanmışdır.
Aşura orucunun da nə Kərbəlayla, nə bayramla, nə də Yezidlə bir əlaqəsi yoxdur,birbaşa Peyğəmbərin tövsiyəsidir. Ümumiyyətlə İslam şəriətinə görə bayram günü oruc tutmaq haramdır, qadağandır. Bir sözlə, bəzi iddialar həqiqətən də çox əsassız və məntiqsizdir.
ƏLAVƏ – 1:
https://islamevi.az/yezid-ibn-muaviyenin-xelifeliyi-ve-bas-veren-hadiseler
ƏLAVƏ – 2:
https://islamevi.az/huseyni-r-kim-qetle-yetirdi
Lakin Quran və Sünnədə əsası olmayan bəzi adət-ənənələri (matəm, ağlaşma, zəncir vurmaq və s.) etməkdən də çәkinmәliyik. Çünki bunu nə Allah, nə də onun Rəsulu buyurmamışdır, ondan sonra gələn xeyirli insanlardan heç vaxt belə əməllər etməmişlər.
✔ Aşuranın tarixi
Uca Allahın göndərmiş olduğu dini, doğru anlamağa yardımçı olacaq vasitələrdən biri də, Qurani-Kərimdə olan peyğəmbərlər vә keçmiş ümmətlərə dair hekayələrdən ibrət almaq-dır.
Uca Allah buyurmuşdur: “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır..” (Yusuf, 111)
Onun Öz Kitabında söylədiyi hadisәlərdən biri dә, Allahın ayı olan – müqəddəs Məhərrəm ayında baş verən hadisədir. Bu, Musa peyğəmbər və Misirin qəddar Fironu (kralı) olmuş || Ramzes’lə bağlıdır. Rəbbimiz Quranda bu haqda belə buyurmuşdur:
“Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik. Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək. Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.” (Qasas, 3-6)
Firon, İsrail övladlarına hökmranlıq edәrәk onları kölə edir, yeni anadan olmuş uşaqları öldürür, qadınları isə, sağ saxlayırdı. Bu cinayət əməli etmə səbəbi, doğulacaq uşaqların birindən gələ biləcək haqq və hakimiyyət qorxusu idi. İsrail övladları, İbrahim peyğәmbәrdәn onlara gәlmiş bilgilәrә əsasən bilirdilər ki, onun nəslindən gələcək bir şəxs, Misir krallığını dağıdacaq. Falçıların verdikləri xəbərə əsasən, qorxuya düşən Firon isә, öz güc varlığını qorumaq üçün əsgərlərinə, İsrail övladlarının yeni doğulan bütün uşaqlarını öldürməyi əmr etmişdi.
Bununla belə, əvvəlcədən aldığı bütün tədbirlər, onu Allahın Qədər’indən mühafizə etmək üçün kifayət etmədi. Beləcə Allah, Musa peyğəmbərin əmin-amanlıqda böyüməsini, öldürülməkdən xilas olunmasını və həmçinin yetkinlik dövrünə çatana qədər Allahın himayəsi altında Fironun öz evində böyüməsini tәmin etdi. İllər sonra isə, Fironun ‘fironluğunun’ bir nömrәli әngәllәyicisi olan Musaya qarşı olan zülmlәr, bu dahi peyğәmbәrin vә onunla birlikdə olan haqq әhlinin canlarını qurtarmaq üçün qaçmalarıyla yekunldı. Mәşhur – dәnizin yarılması hadisәsi nәticәsindә, Musa peyğәmbәr vә onunla birgә olanlar qurtulmuş, Firon isә hәlak olmuşdu.
Bu əzəmətli hadisə müqəddəs Muhərrəm ayının 10-cu günü baş vermişdir. Bu günü yəhudilər ‘Yәvmul Aşura‘ (Aşura günü) olaraq adlandırırlar. Musa peyğəmbər (ona Allahın salamı olsun) həmin günü oruc tutmuş, insanları da bu əmələ çağırmışdır.
İbn Abbas rəvayət edir ki, Hz. Məhəmməd Mədinəyə gəldikdә, yəhudilərin Aşura günü oruc tutduqlarına şahid olmuş vә onlardan belə soruşmurdu: “Bu günün əhəmiyyəti nədir ki, siz bu gün oruc tutmusunuz?” Onlar belә cavab verdilәr: “Bu, böyük əhəmiyyəti olan bir gündür. Allah, Musa və onun camaatını xilas etmiş, Fironu və onun camaatını isә suda boğmuşdur. Musa, təşəkkür əlaməti olaraq həmin günü oruc tutmuşdur ki, biz də buna riayət edirik.” Bunun üzərinə Allah Rəsulu dedi: “Biz buna daha haqlıyıq və bizim Musaya olan yaxınlığımız, sizin yaxınlığınızdan daha çoxdur”.
Beləcə Allahın elçisi Aşura günü oruc tutdu və həmin gün oruc tutulmasını da müsәlmanlara tövsiyyә etdi.
✔ Aşura günündə oruc tutmağın əhəmiyyəti.
Müdrik bir müsəlman, hər zaman mübarək günlərdən fayda götürmәli vә Allaha daha da yaxınlaşmağa can atmalıdır. Bu cür etməklə, öz həyatının bütün sahələrində öndər bir Peyğəmbəri olan Muhəmməd’i (ona Allahın salamı olsun) özünə nümunə və örnək götürmәlidir.
İbn Abbas demişdir: “Allah elçisinin bu gündən (Aşura günündən) və bu aydan (Ramazan ayından) başqa vaxtlarda oruc tutmağa daha istəkli olduğunu görmədim”(Buxari, 1867).
Başqa bir hədisdə Peyğəmbərimiz demişdir: “Aşura günü orucunun böyük üstünlüyü/fəziləti vardır. Ümid edirəm ki, Allah bu orucu, keçən il (o ildə edilәn günahlar) üçün kəffarə (bağışlanma) kimi qəbul edəcəkdir”. (Muslim)
✘ Aşura günündə oruc tutmaq, İmam Huseynin (Allah ondan razı olsun) şəhid olmasını yas, matəm ilə keçirmək mənasını ifadə etmir. Eləcə də bu, sevinc ifadə etmir. Yuxarıda qeyd etdiyimiz kimi, Məhərrəm ayı və Aşura gününün tarixcəsi çox qədimlərə dayanır. Sonralar baş vermiş hadisələr, bu günün dini fəzilətinə heç bir şey əlavə etməz. Çünki, Peyğəmbərimizin vəfatı ilə, bütün dini ritual və qaydaların əlavə edilməsin – Allah tərəfindən dayandırılmış, İslam dini tamamlanmışdır.
Biz İmam Huseynin (Allah ondan razı olsun) şəhadətinə dərindən hörmət edir, İslam uğrunda onun əzəmətli fədakarlığına, şücaətinə ehtiram edirik. O, bizlərə haqq, cəsarət, igidlik və təqvaya dair böyük bir örnək nümayiş etdirmişdir. Hicrətin 61-ci ilində baş vermiş bu hadisə zamanı Hz. Hüseyn, bir çox zalım və fasiqlərin əli ilə öldürülmüşdür. Lakin, Aşura orucunun tarixi çox qədimdir. Bir çox hədis kitablarındakı rəvayətlәrә әsasәn bilirik ki, Peyğəmbərimiz və onun səhabələri Məkkədə olduqları zaman, Məhərrəm ayının 10-cu günü oruc tutardılar. Bu elə bir gün idi ki, Məkkə əhalisi Kəbənin örtüyünü dəyişərdilər. Qureyş qəbiləsi də həmin günü oruc tutardı. (Buxari, 1489 və 1760)
Başqa bir rəvayətdə qeyd olunur ki, Mədinə yəhudiləri o gündə ziyafət edәr, Peyğəmbərimiz isә öz səhalərinə onun əvəzinə oruc tutmağı əmr edәrdi. (Buxari, 1866)
✔ Qeyd etmәk lazımdır ki, ilk vaxtlarda Aşura orucunu tutmaq, müsәlmanların üzәrinә vacib idi. Hicrətin 2-ci ilində Ramazan ayı orucu haqqında Allahın əmri gəldiyi zaman, Peyğəmbərimiz, Aşura günü orucunun artıq nafilə (müstəhəb) bir oruc’a çevrilməsini insanlara elan etməsi üçün bir nəfər carçı göndərmişdir. Bütün bunlar göstərir ki, hər bir kәs, bu günü oruc tutmaq və ya tutmamaq mövzusunda sərbəstdir. Lakin, oruc tutanlar üçün böyük bir mükafat vardır (yuxarıda qeyd olunmuşdur). Bu mükafatı әldәn qaçırmaq, biz günahkar müsәlmanlar üçün böyük bir itkidir!
ƏLAVƏ OLARAQ OXU:
https://islamevi.az/asura-orucu-ehli-sie-ve-ehli-sunne-kitablarinda-arasdirma
İbn Abbas demişdir: “Yahudilәrdәn fәrqlәnmәk üçün biz, bu iki gündə (Məhərrəm ayının 9-cu və 10-cü günləri) oruc tutmalıyıq”. (Tirmizi, 686)
Digər hədisdə isə, Peyğəmbərimizin belə dediyini rəvayət etmişdir: “Gələn il sağ olsam, (10-cu gün olan aşurayla bәrabәr) 9-cü günü dә oruc tutacağam”. (Musnəd, 2002)
Bildiyimiz kimi, növbəti il Əziz Peyğəmbərimiz bu dünyadan, əbədi dünyaya köçmüşdür. Ona və ailəsinə salam olsun!
✔ Aşura ilə əlaqədar yanlış anlayışlar və əsassız adətlər.
✘ Bu gün Adəm’in yarandığı gündür.
✘ Bu gün İbrahim peyğәmbәrin anadan olduğu gündür.
✘ Bu gün Adəm’in tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür.
✘ Qiyamət günü aşura günü baş verəcək.
✘ Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.
✘ Sinә vuraraq ağı demәk.
✘ Bu gündә mütlәq bәdәndәn qan çıxmalıdır -deyә etiqad etmәk.
✘ Baş yarmaq, zәncir vurmaq (әzadarlıq), qola qara ip bağlamaq.
✘ Saat 12-yә kimi sabundan istifadә etmәyin haram olduğuna etiqad etmәk.
✘ Bu vә bundan sonrakı ayın matәm ayları olduğuna etiqad etmәk.
ƏZADARLIQ BARƏDƏ ÖZƏL BİR ARAŞDIRMA:
https://islamevi.az/yehudi-ve-xristianliqda-ezadarliq
Bütün bunlar vә qeyd etmәdiyimiz buna bәnzәr digәr hallar, nә peyğәmbәrimiz, nә onun әhli-beyti, nә dә digәr sәhabәlәr tәrәfindәn edilmәmiş vә edilmәsi dә tövsiyyә olunmamışdır. Biz müsәlmanlara düşәn, aşura gününün xeyir vә fәzilәtindәn faydalanmaq vә peyğәmbәrimizin (ona vә ailәsinә salam olsun) keçirdiyi kimi bu günü faydalı şәkildә keçirmәyә çalışmaq olmalıdır. Bununla yanaşı, Peyğәmbәrimizin әziz nәvәsi Hz. Hüseyn’in zalımlar tәrәfindәn şәhid edilmәsi hadisәsinin məhz bu mübarәk günә tәsadüf etmәsini dә xatırlamalı vә Allah yolunda canlarını fәda etmiş öndәrlәri xeyirlә anmalı, lakin dindә әsası olmayan, xurafat әmәl vә inanclardan da uzaq olmalıyıq.
İbn Teymiyyə – Hz. Həsən və Hz. Hüseyn (Allah hər ikisindən və atalarından razı olsun) haqqında belə buyurur:
“Uca Allah, bu gündə (Aşura günündə) şəhadəti nəsib edərək Hüseyni ucaltmış, onu öldürənləri, öldürülməsinə kömək edənləri və buna razı olanları isə, alçaltmışdır. Ondan öncə şəhid edilənlər, onun üçün gözəl bir nümunədir. O və qardaşı (Həsən), cənnət gənclərinin seyyidləri/ağalarıdırlar. İkisi də İslamın izzətli/güclü olduğu bir dövrə yetişdi. Hicrət, cihad və əziyyətlərə səbr kimi – əhli-beytin (İslamın ilk illərində) nail olduğu digər (böyük) üstünlüklərə nail ola bilməmişlər. Bu səbəblə də Uca Allah, onların izzətini tamamlamaq və dərəcələrini yüksəltmək üçün (onlara) şəhidlik şərəfini nəsib etmişdir.” (Fətəva, 4/511)
Uca Allahın, bizlәri bu gözәl gündәn faydalanan bәndәlәrindәn etmәsini dilәyәrәk bol-bol dua etmәk – әn başlıca etmәli olduğumuz әmәllәr siyahısında olmalıdır.
www.islamevi.az saytının elmi heyәti tәrәfindәn hazırlanmışdır.
Tərtib etdi: Ayxan Yaquboğlu (2021)
Materiallardan istifadə edərkən istinad vacibdir!