media-9294bb6b-8ce2-495c-8ddb-1997ee81ad67

Əl-Qahhar, Allahın ən gözəl adlarındandır. Bu isim, düşmənlərini və Öz dostlarına düşmənlik edənləri məhv edən, hər istədiyini istədiyi şəkildə reallaşdıran, mütləq hakimiyyət sahibi olan Allahın qüdrətini ifadə edir. “Qahr” sözünün ərəb dilində mənası güc və əzici üstünlükdür. Bu baxımdan, Əl-Qahhar – qarşısında heç bir varlığın dayana bilmədiyi, hər şeyə hakim və üstün olan Allahdır.

Əl-Qahhar ismi tarix boyunca Allahın qəzəbinə məruz qalmış ümmətlər üzərində təcəlli etmişdir. Qurani-Kərimdə Ad qövmü, Səmud qövmü, Nuh qövmü kimi bir çox toplumun Allahın əmr və nizamına qarşı çıxdıqları üçün məhv edildiyi bildirilir. Hər biri öz dövründə peyğəmbərlərə qarşı inad göstərmiş, Allah isə Əl-Qahhar adı ilə onları qəhr etmiş, darmadağın etmişdir.

Bu isim yalnız keçmiş ümmətlərin tarixində deyil, həm də zaman-zaman baş verən təbii fəlakətlərdə təcəlli edir. Minlərlə insanın həyatını itirdiyi zəlzələlər, güclü tufanlar, ağacları kökündən qoparan qasırğalar və digər təbii hadisələrdə də Allahın Əl-Qahhar isminin təzahürü görünür. Bəzən bu fəlakətlər xəbərdarlıq, bəzən isə ilahi ədalətin təcəllisi kimi baş verir.

Bəzən bu qəhr fiziki deyil, mənəvi olur. İman nemətindən məhrum olan insanlar dünyada ruhən əzab çəkirlər. Onlar daim qəlb boşluğu, tənhalıq və mənasızlıq içində yaşayırlar. Bu hal da Əl-Qahhar isminin mənəvi təcəllisidir. Allah-Təala onları dünyada mənəvi iztirabla sarsıdır, axirətdə isə daha dəhşətli əzabla qarşılaşdıracaq. Peyğəmbərimiz buyurur: “Əgər bir bəndənin qəlbi Allahı yad/zikr etmirsə, o qəlb ölüdür.” (Tirmizi)

Allahın bu adı axirətdə daha geniş şəkildə təcəlli edəcək. Dünyada isyan edənləri, haqsızlıq edənləri, iman gətirməyənləri Əl-Qahhar adı ilə cəhənnəmdə qəhr edəcək, onları perişan edəcək və bu vasitə ilə ədalətini, qüdrətini və mütləq qalibiyyətini açıq şəkildə göstərəcəkdir. Cəhənnəm – Əl-Qahhar isminin ən güclü aynasıdır.

Bu dünyada yaşadığımız hər bir an bizə göstərir ki, bu aləmin sahibi var. Ona iman gətirmək, Onun adlarını tanımaq, həyatımıza tətbiq etmək və Ona yönəlmək insanı həm qoruyar, həm də doğru yola yönəldər.

Əl-Qahhar ismini tanımaq yalnız qorxu deyil, həm də bir çağırışdır – günahdan uzaq durmağa, haqqın tərəfində olmağa, zalıma boyun əyməməyə və bütün varlığımızla Allahın ədalətinə sığınmağa bir çağırışdır. O, rəhm sahibidir, lakin isyana qarşı cavabı da mütləqdir. Qəlblər Onun qarşısında titrəsin, dillər Onun adını zikr etsin, əməllər isə itaətə yönəlsin.

Allah bizləri Əl-Qahhar isminin qəhrindən qorusun, mərhəməti və məhəbbəti ilə əhatə etsin. Amin.

Əl-Qahhar — “O, hər şeyə Qahhar olan tək bir İlahdır” (Rad, 16) “O, öz qulları üzərində Qahir olandır.” (Ənam, 18)

Həlimi deyir ki: “Qahir — qullarının işlərini dilədiyi şəkildə düzüb-qoşan, idarə edən, onların üzərində yeganə hakim olandır. Qahhar — isə heç bir şəkildə məğlub edilməyən və üstün gəlinməsi mümkün olmayandır.”

Xattabi deyir: “Qahir — canlılar arasında həddini aşanları əzab ilə digər bütün məxluqatı isə ölümlə yox edəndir”. Mülkün, güc və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey məğlub və acizdir. Bütün hər şeyin ziddi, ortağı vardır. Yalnız Onun ziddi və ortağı yoxdur. Allah göy və yer əhlini Özünə boyun əydirmişdir. Göy əhlini Özünə xidmət etməklə, yer əhlini də Ona ibadət və itaət etməklə boyun əydirmişdir. Zalımların belini qıran, üsyankar və həddi aşanların boyunlarını bükən, dünyadakı son hədəflərinə çatmaqlarına mane olan Allahdır. Uşaq sahibi olmaq istədiyi halda olmayan, qocalmaq istəmədiyi halda qocalan, güclü və üstün olmaq istədiyi halda zillətdən qurtulmayan, zəngin olmaq istədiyi halda miskinləşən kimsələrin istəklərini Allahın diləməsi ilə həyata keçməməkdədir. Onların iradəsi heç bir zaman Allahın iradəsinin önünə keçməz və onu aşmaz. Allahın istək və iradəsi daima onların istəklərinin üzərindədir. Bütün varlılıqlar Allahın diləməsi və hökmü altındadırlar. Onun izzəti altında əzilməyən, sonsuz gücünə boyun əyməyən heç bir şey yoxdur. Varlılıqların dilək və istəkləri Onun diləməsi altındadır. “Allah istəmədikcə siz istəyə bilməzsiniz” (İnsan, 30)

Ey Rəbbimiz! Ey Qahhar! Sənin qəhrin ədalətinlə təcəlli edər. Hər şeyin taleyi sənin əlindədir. Heç bir günahkar sənin qəhrindən qaça bilməz, heç bir zalım sənə qarşı gələ bilməz. Sən möhlət verərsən, lakin əsla yaddan çıxarmazsan…

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr