Allahın İsimlərindən – FƏTTAH
Əl-Fəttah – hökm verən, yolları və qapıları açan, yardım edən, zəfər və fəth bəxş edən, varlıqlara surət verən mənalarına gəlir.
Fəttah olan Allah – mübarək ad vasitəsilə haqq ilə batili bir-birindən ayırmış, aralarını yer ilə göy qədər uzaqlaşdırmışdır. Haqqı üstün tutaraq batili yox etmişdir.
Bu mənaya əsasən Qurani-Kərim, Fəttah adının ən böyük aynasıdır. Çünki Quranın nazil olması ilə haqq gəlmiş, batil isə aradan qalxmışdır. Quranın hər hökmü haqq və ədaləti təcəlli etdirmiş, batilin və zülmün caynağından insanları xilas etmişdir.
Uca Allah belə buyurur:
“De: Rəbbimiz bizi bir yerə toplayacaq, sonra aramızda haqq ilə hökm verəcəkdir. O, hər şeyi bilən Fəttahdır.”
(Səba surəsi, 26-cı ayə)
Bu ayədə Allah-Təala Özünü Fəttah olaraq tanıdır – yəni haqq ilə hökm verən və nəticəni açıb göstərən. Bu, Fəttah isminin ilahi və mühakiməedici yönünü təsdiqləyir.
Fəttah adı ən ali şəkildə Peyğəmbərimizdə (sallallahu aleyhi va səlləm) təcəlli etmişdir. O, insanlar arasında haqq ilə hökm vermiş, verdiyi hər qərarla haqqı üstün tutmuş, batili isə yox etmişdir.
Bu səbəbdəndir ki, Rəsulullahın (sallallahu aleyhi va səlləm) vəsflərindən biri də “Fateh”dir. Bu ad da Fəttah isminə bağlıdır. O, haqqı təcəlli etdirərək, batilin qarşısını alan ədalətli dövlətlərə və cəmiyyətlərə yol açmışdır.
Bu adın təcəllisi bəzi tarixi şəxsiyyətlərdə, fateh, sultan və dövlət rəhbərlərində də özünü göstərmişdir.
Bu İsimdən faydalanmaq üçün:
İnsan əvvəlcə öz nəfsində haqq ilə batili ayırmağı bacarmalıdır. Haqqı tanıyıb ona tabe olmalı, batili isə batil olaraq tanıyıb ondan uzaq durmalıdır. Daha sonra insanlar arasında da haqq ilə hökm verməli, hətta öz əleyhinə olsa belə ədalətdən dönməməlidir. Həmçinin, həqiqətin ortaya çıxması üçün qərəzsiz ədalət prinsiplərinə sadiq qalmalıdır. Bunları edən insan, Fəttah adının bir aynasına çevrilmiş olar.
Həyatında müxtəlif sıxıntılara məruz qalan, bağlı qapıların açılmasını arzulayan kəs üçün – dualarında Fəttah İsmindən çoxlu-çoxlu istifadə etmək – şəfa və çıxış yolu olacaqdır.
Ayxan Yaquboğlu