featured-image-1781

Əziz oxucu! Artıq Cəhənnəm, oradakı zəqqum ağacları və acı zəri’, qaynar su və irin, qandallar və zəncirlər, üzlərin qaralması və Cəhənnəm alovuna sürüklənməsi, yandırılması, dərilərin bişməsi və əriyərək axması, bağırsaqlarda alov səsinin eşidilməsi, Cəhənnəmin qəlblərə qorxu salması, onun öz sakinlərini bürüməsi, bürkülü istisi və sərt şaxtası , boğucu tüstüsü və alışqan qığılcımı, yandırıb-yaxan alovu və dərin nəfəsi, qəzəbli nəriltisi və Cəhənnəmin bu qəbildən olan digər sifətləri haqqında digər məqalələrdə bəhs olundu.

Heç bir şübhə yoxdur ki, sən bütün bunları oxuyub və bir gözünün qabağına gətirdikdən sonra həm özünə, həm də ətrafında olan insanlara Cəhənnəmdən qurtuluş yolu axtaracaqsan. Əmin ola bilərsən ki, bu kitabçada sənə göstərilən qurtuluş yolu hər bir insanın təhlükəsizliyi, istəyi və uğurudur. Bu nicat yolu nəsihətlərimizin başlıca məqsədi və arzuolunan bəhrəsidir. «Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır».

NİCAT YOLU ÇƏTİNDİR

Əziz oxucu! Nicat yolunun əvvəli çətin və keşməkeşlidir. Buna baxmayaraq, sən bu çətinliyə tab gətirə bilsən, əbədi ləzzətlər dünyasına qovuşar, şiddətli əzablarla dolu olan bir diyardan isə xilas olmuş olarsan. Cəhənnəmə aparan yolu başlanğıcı isə fərqli olaraq çox asan və xoşagələndir. Lakin sən bu yolun gözəlliyinə aldansan, o səni əbədi bədbəxtçiliyin hökm sürdüyü bir məkana çatdıracaqdır. Elə isə buyur, hansı yolun yolçusu olacağını özün heç! Sonda əmin-amanlığa və səadətə çatacağına ümid edərək haqq yolun çətinliyinə və çala-çuxuruna dözə biləcəksənmi? Yoxsa əyri yollarda müvəqqəti naz-nemətə və ya boş eyşi-işrətə uyub aldanacaqsan?!
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cənnət pisliklərlə, Cəhənnəm isə ehtiraslarla əhatə olunmuşdur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Cəhənnəmə gedən səni özünə yoldaş etməyə çalışar. Bunun üçün də o, haram buyurulmuş ləzzətlərdən istifadə edərək sənin: “Bir bu qadınlara bax, pornoqrafik curnalları vərəqlə, peyklə yayınlanan erotik kanallara bax. Haram oldu-olmadı bu dünyadan ləzzət al, əsəbləşəndə boş ver, heç nəyə əhəmiyyət vermə, ürəyindən keçənləri et, ancaq yaşadığın anı fikirləş, beynini ölüm, qəbr, axirət kimi şeylərlə yorma” — kimi sözlərlə ağlını başından çıxarmağa çalışar. Təbii ki, «Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər» ayəsindən də göründüyü kimi bütün bunları etmək insan nəfsi üçün çox rahat və xoşdur. Çünki nəfs halal və ya haramla zorlanmağı sevməz. Lakin bu yolun sonu həqarət və zəlillikdən, itki və alçaqlıqdan başqa nə ola bilər?!
Səni Cənnətə doğru səsləyən isə bütün bunların əksinə olaraq, nəfsin istəklərinə, şəhvani duyğularına, haram işlərə uymamağın qarşılığında sənə Allahın razılığını təklif edəcək və: “Şirin yuxunu burax sübh namazına vaxtında dur, yemək içməkdən müvəqqəti əl çək, oruc tut, onun ağırlığına və yorğunluğuna tab gətir, həccə get, onu et, bunu etmə” — kimi nəsihətlərlə səni haqq yoluna istiqamətləndirəcəkdir. Sözsüz ki, bu cür nəsihətləri qəbul edib onlara əməl etmək nəfs üçün son dərəcə çətin və məşəqqətli bir işdir. Lakin sonu Cənnəti qazanaraq Cəhənnəmdən xilas olmaqdır. Bu da ən böyük zəfər, uğur, qurtuluş və heç bir səadətlə müqayisə olunmayan bir səadət və xoşbəxtçilikdir.
Əziz oxucu! Unutma ki, sən bu dünyada amansız və qəddar bir düşmənlə daim müharibədəsən. Bu elə bir düşməndir ki, səni hər tərəfdən həlaka, məhvə çağırır və səni şirnikləndirməklə, başını tovlamaqla yolundan azdırmağa can atır. Onun öldürücü bir qüvvə olduğunu Allah-taala Quranda belə xəbər verir: «Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”». Bu sənə qurtuluş arzulamayan, əksinə, sənə hər cür zərər yetirmək üçün fürsət axtaran, səni günahlarla bəzəyən, etdiyin hər günaha sevinən bir düşməndir. İndi özün fikirləş, səni ölümə, əzaba aparan bir yolun yolçusu olmaq istərsənmi?!

CƏHƏNNƏMDƏN BƏYƏNİLƏN ŞƏKİLDƏ QORXMAQ

İbn Rəcəb (Allah ona rəhmət eləsin!) demişdir: «Cəhənnəmdən lazımi şəkildə qorxmaq dedikdə insanın fərz namazlarını vaxtı vaxtında qılması və günahlardan çəkinməsi nəzərdə tutulur. Vacibatlara bu şəkildə riayət etmək insanda nafilə ibadətlərə qarşı diqqətli olmağa, kiçik günahlardan yayınmağa və daha faydalı işlərə vaxt sərf etməyə gətirib çıxarır. Bu da öz növbəsində Allah dərgahında tərifəlayiq bir hal kimi qiymətləndirilir. Lakin bunda ölüm və ya hansısa xəstəliklə nəticələnəcək ifratçılıq və bunun da Allah-taala üçün sevimli və lazımi fəzilətli əməllərin qazanılmasına olan mənfi təsiri təbii ki, heç də Allah tərəfindən bəyənilən bir hal kimi qarşılanmır. İnkar etmirik ki, bununla qəlblərdəki Allah qorxusu, Onun vahiməsi və dəhşəti də nəzərdə tutulur. Lakin bu qorxunun mənfəətli dərəcədə yəni, həddi aşmamış olması Allahın sevdiklərini yerinə yetirmək, bəyənmədiklərini isə tərk etməklə Ona doğru yaxınlaşmağa kömək edər. Əgər qorxu buna hansısa bir maneçilik törədərsə, onda məqsədə nail olmaq da olmaz, yox əgər bu hal hansısa üstünlüyün təsiri altında baş verərsə bu üzürlü hesab olunar. Buna misal olaraq Sələf arasında elə insanlar var idi ki, onlar Cəhənnəm qorxusu qəlblərinə hakim olduğu üçün qeyri-adi hallarla qarşılaşardılar».

SƏLƏF ALİMLƏRİNİN CƏHƏNNƏM XOFU

Sələf Allahın Öz bəndələrini Cəhənnəmlə qorxutduğundan və Ondan Cəhənnəm xofu ilə qorxan bəndələrini sevməsindən xəbərdardır. Cəhənnəmdən qorxmaq həqiqətdə Allahdan qorxmaq, Cəhənnəmdən qorxan isə elə Allahdan qorxan və Onun məhəbbət və rizasının dalınca qaçandır. Sələf Cəhənnəm həqiqətinin nə olmasını, Allahın orada hazırladığı müxtəlif cəza üsullarının nədən ibarət olmasını bilmiş və qorxusu, həyəcanı daha da artmışdır. Ona görə də Cəhənnəmin adı çəkilən hansısa bir ayəni oxuyarkən sanki Cəhənnəmin ah-naləsi onların qulaqlarını batırırmış kimi və sanki axirət onların gözlərinin önündə imiş kimi qorxularından hönkürtü qoparardılar. Budur, onların bizlərə bu qorxunun hansı dərəcədə olmasını xəbər verən kəlamları və bu qorxunun təsirindən düşdükləri hal. Bəlkə bunlarla tanış olduqdan sonra biz də onlar kimi qorxaq və onlar kimi bir-birimizi Cəhənnəmə düşməkdən çəkindirək.
Ömər (Allah ondan razı olsun!) demişdir: «Əgər kimsə göy üzündən: “Ey insanlar, bir nəfərdən başqa hamınız Cənnətə daxil olacaqsınız” — deyə səslənsə, həmin bir nəfərin mən özüm olmağımdan qorxaram».
Osman ibn Əfvan (Allah ondan razı olsun!) demişdir: «Əgər mən hara düşəcəyimi bilmədiyim bir halda Cənnətlə Cəhənnəmin arasında qalsam, onda hara gedəcəyimi bilməmişdən qabaq kül olmağımı seçərdim».
Həsən əl-Bəsri (Allah ona rəhmət eləsin!) demişdir: «Cənnətə ancaq ora ümid edənlər düşəcək və Cəhənnəmdən də ancaq ondan qorxanlar yan keçəcək».
Cəhənnəmi anma sələfin gözündən yuxunu qaçırmışdır. Belə ki, Əsəd ibn Vədaə demişdir: «Şəddad ibn Aus yorğan-döşəyinə girəndə günəbaxan tumunun tavada qızardığı kimi vurnuxar və: “Allahım, cəhənnəmi yada salmaq məni yatmağa qoymur” — deyərək namaz otağına keçərdi».
Tavis yatağını sərər, yerinə girər-girməz günəbaxan tumunun tavada qızardığı kimi yerində o tərəfə, bu tərəfə çönər, sonra isə dərhal atılıb yerindən qalxar, yatağını salar və üzünü qibləyə sarı tutub sübhə qədər namaz qılardı. Həmçinin belə deyərdi: «Cəhənnəmi anmaq ibadət əhlinin yuxusunu əlindən alıb».
Bir dəfə Rəbiə ibn Xeysəmin qızı atasından soruşur: “Atacan, sənə nə olub axı hamı yatır, sən isə oyaqsan?” Atası isə belə cavab verir: “Qızım, Cəhənnəm atanı yatmağa qoymur”.
Amir ibn Abdullah demişdir: «Cənnətə oxşar elə bir şey görməmişəm ki, onu istəyənin gözünə yuxu getsin. Cəhənəmə bənzər elə bir şey görməmişəm ki, ondan qaçan yata bilsin». O, günorta olanda: “Cəhənnəmin istisi yuxunu qaçırtdı” — deyər və axşam olana kimi yatmazdı. Gecə də gələndə: “Qorxan gecə yola çıxar” — deyərdi və səhər açılanda camaata gecə gəzməyi tərifləyərdi».
İbn əl-Mübarəkfuri deyir:

إذا ما الليل أظلم كابدوه فيسفر عنهم وهم ركوعُ
أطار الخوف نومهم فقاموا وأهل الأمن في الدنيا هجوعُ

Tərcüməsi:
Gecə nə qədər qaranlıq olsa da, onlar bu zülmətə dözər, səhər açıldıqda isə onlar hələ də rüku vəziyyətində olardılar. Cəhənnəm xofu onların yuxusunu qaçırtdıqda ayağa qalxar (namaza durar), dünyada əmin-amanlıq içində yaşayanlar isə hələ də şirin yuxu içində idilər.
Sələflər arasında elələri var idi ki, Cəhənnəm xofundan onların üzləri belə gülməzdi. Səid ibn Cübeyrə: “Eşitmişik ki, sən heç gülməmisən” — deyildikdə o: “Cəhənnəmin artıq alovlandırıldığı, qandalların vurulduğu, zəbanilərin hazır vəziyyətə gətirildiyi bir vaxtda axı mən necə gülə bilərəm” — deyə cavab vermişdir.
Həmçinin sələflər arasında elə insanlar da var idi ki, dünyadakı Cəhənnəmi gördükləri zaman həyəcanlanar, halları dəyişərdi. Əta əl-Xorasaninin sözlərinə görə Uveys əl-Qərni dəmirçilərin emalatxanalarına gedər, onların körüyü necə alışdırdığına tamaşa edər, bundan dəhşətə gələrək qışqırar və yıxılaraq bayılardı.
Həsən söyləyirdi ki, Ömər (Allah ondan razı olsun!) üçün od qalanardı, o, əllərini ona tərəf uzadar və deyərdi: «Ey Xəttab oğlu! Məgər sən buna dözə bilərsən?!»
Bir dəfə Əli ibn Fudeyl Sufyan ibn Uyeynənin yanında idi. Sufyan da nədənsə danışırdı və söhbət əsnasında Cəhənnəmdən də söz düşdü. Əlinin də əlində bağlı bir şeydə kağız var idi. Elə bu zaman Əli hıçqırtı qopararaq ağlamağa başladı, yerə yıxıldı, əlindəki kağızı tulladı, bəlkə də əlindən düşdü. Bunu görən Sufyan ona sarı baxaraq: «Bilsəydim ki, sən burdasan bu barədə heç danışmazdım».
Sələflər içində Cəhənnəm xofundan xəstə olanlar, hətta bundan ölənlər belə var idi. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) gecə təhəccüd namazına duraraq ət-Tur surəsini oxuyan bir kişinin səsini eşidibmiş. Kişi surədə «Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! Onu heç kəs dəf edə bilməz!» — ayələrinə çatdıqda Ömər and içərək: «Kəbənin Tanrısı haqdır» — deyib evinə qayıdıb. Bu hadisədən sonra Ömər bir ay evində xəstə yatıb. Ona baş çəkənlər xəstəliyinin nə olduğunu anlaya bilməyiblər.
Deyilənlərə görə Əli ibn Fudeyl «(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən olaydıq!” – demələrini görəydin!» ayəsinin təsirindən dünyasını dəyişibmiş.

BƏSDİR BİR-BİRİMİZİ ALDATDIQ!

Hər birimiz Cəhənnəmdən xilas olmaq istəyirik, hər birimiz Cənnətə düşməyi arzu edirik. Lakin bizlərdən nə qədəri öz arzusuna uyğun hərəkət edərək öz əmin-amanlığını təmin edə bilir?! Bizlərdən nə qədəri nicat yolunun yolçusu ola bilir?!
Axı dinin dirəyi, küfrlə iman arasında ayırıcı hesab olunan namazı tərk edən bir insan Cəhənnəmdən necə qurtula bilər?!
Məscidlərə ayağı dəyməyən birinin Cəhənnəmdən nicat tapmasını necə düşünmək olar?!
Günahları qurşanan, eyni zamanda ibadətə laqeyd münasibət bəsləyən insan canını Cəhənnəmdən necə yaxa qurtara bilər?!
Hansı saatda qapısının ağzında dayanacağını bilmədən gecə-gündüz Cəhənnəmə sarı irəliləyən insan Cəhənnəm alovundan necə yan keçə bilər?! Cənnət və Cəhənnəmin nə qədər yaxın olmasını isə Peyğəmbərimizin aşağıdakı hədisindən öyrənmək olar. Belə ki, o səhabələrinə xitabən buyurmuşdur: «Cənnət hər birinizə ayaqqabınızın qaytanından da yaxındır. Cəhənnəm də belədir». Hədisi Buxari rəvayət etmişdir.
Ailəsini günahlar içində başlı-başına buraxaraq şər qapılarını açan, onu Allahın dinindən sapındıran yollara çəkən, peyk vasitəsilə yayınlanan pozğun kanalların və əxlaqsız curnal, qəzetlərin öz evinə daxil olmasına şərait yaradan, və bəzən də bu curnalları stolüstü mütaliə vasitələrinə çevirən insan necə Cəhənnəmdən xilas ola bilər?!

Ey Allahın günahkar bəndəsi! Unutma ki, böyük günahlar və xatalarla bu dünyadan köçməli olsan, səni Cəhənnəmdən olan dəhşətli bir təhlükə gözləyir. Bir anlıq təsəvvürünə gətir ki, Cəhənnəmin vadilərində səfeh-səfeh dolaşır, yeməyindən yeyir, suyundan içirsən. Sonra isə üzüstə Cəhənnəm alovuna sürüklənirsən. Cəhənnəmin isə istisi boğucu, dibi dərindir.
Ona görə də neçə ki, sirat körpüsünü və onun nazikliyini görüb Cəhənnəmdən qorxmaq imkanın var, düşün və bundan yararlan. Sonra, gözün körpünün altından Cəhənnəmin qaranlığına sataşacaq, qulaqlarını Cəhənnəmdən gələn hönkürtü və onun nəfəsi deşəcək, sən isə zəif halınla, ürəyinin döyüntülərilə bu körpünün üzərilə getməyə məhkum olacaqsan. İnsanların sənin qarşında körpü ilə getdiyini görəcəksən. Körpüdən keçə bilən Cəhənnəmdən xilas olacaq, üz-başı cırmaqlanan isə üzüstə Cəhənnəm alovuna sürüklənəcəkdir. İndi özün fikirləş, nəfsin bütün bu əzaba dözə biləcəkmi, cismin bu ağırlığa tab gətirə biləcəkmi?!
Sonda Allahdan mərhəmətini bizim başımızın üstündən əskik etməməsini diləyir, peyğəmbərimiz Məhəmmədə, onun əhli-beytinə və qiyamətə qədər onun yolunun yolçusu olanlara Allahın xeyir-duası və salamı olsun deyirik.

Bənzər Məqalələr