NÖVBƏ ARTIQ KASIBLARIN OLACAQ..
Allah qatında zənginlik və ya kasıblığın bir önəm kəsb etmədiyini hər kəs bilir. Buna görə də, artıq şablonlaşmış və hər kəsin az-çox gözəl bildiyi sözləri təkrarlamayacağıq. Önəmli olan, bilinənləri həyata tətbiq etməkdir. Bunun üçün isə, səmimi olmaq və dərindən düşünmək – mütləqdir.
Dünyada ikən özündən aşağı hesab etdiyi kəslərə qarşı ‘yuxarıdan aşağı’ baxan şəxs bilməlidir ki, hər kəsin Allahın qarşısında duracağı haqq-hesab günü, vəziyyət tamamilə əksinə ola bilər. Yəni, dünyada ikən kasıb olan varlı, varlı olan isə, kasıb ola biləcək. Peyğəmbərimiz (ona salam olsun) bu barədə belə buyurmuşdur:
“Kasıblara yaxşılıq edin, əl tutun. Çünki, Qiyamət günü zənginlik növbəsi onların olacaq”. (Cəmi’us-Sağir, 60)
Buna görə də, bu dünyada kasıb olan, üzülməməli, şikayətlənməməlidir! Çünki, üstünlük – varlılıq və ya kasıblıqda deyil, iman’dadır! Müsəlmanın bu dünyada həsrətini çəkdiyi və səbr etdiyi hər bir şey, artıqlaması ilə Cənnətdə veriləcəkdir.
Abdullah b. Amr (Allah ondan razı olsun) Peyğəmbərin (ona salam olsun) belə dediyini rəvayət etmişdir:
“Qiyamət günü toplanacaqsınız və (hər kəsə) belə deyiləcək: “Hanı bu ümmətin kasıbları?” Onlar (kasıblar) ayağa qalxacaqlar və onlardan: “Nə əməl etdiniz?” – deyə soruşulacaq. Onlar: “Rəbbimiz! Bəla İlə imtahan olunduq və səbr etdik. İşləri idarə etməyi və hökmranlığı bizdən başqasına həvalə etdin” – deyə cavab verdikdə, Allah: “Doğru dediniz!” – deyə buyuracaq. Sonra (kasıblar, digər) insanlardan öncə cənnətə girəcəklər. Şiddətli hesab isə, mal-mülk sahibləri və hökmdarlar üçün qalacaq. Onlar (səhabələr): “Möminlər o gün harda olacaq?” – deyə soruşduqda belə Peyğəmbər belə dedi: “Onlar üçün nurdan kürsülər qoyulacaq. Uzərində buludlar olan kölgəliklər olacaq. O günün gündüzü, möminlər üçün bir saatdan daha qısa gələcəkdir.” (İbn Hibban, 7419)
Hazırladı: Ayxan Yaquboğlu