“Ölüb gedəcəyik və hər şey bitəcək, axirət yoxdur” – düşüncəsinə məntiqi yanaşma
“Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.” (Quran, Ənbiya, 16)
Bu həyatda hər bir şeyin sonu sadəcə məhvdirsə, o zaman bu dünyada yaşamağın, qarşına qoyduğun məqsədlərin, əldə etdiyin uğurların və ümumiyyətlə hər bir şeyin nə mənası var ki?.. Cavab sadə olardı – heç bir mənası yoxdur. Buna inanan birisinin sadəcə silahı başına dayamasından başqa çarəsi yoxdur. Çünki, onsuz da nəticə eynidir.. Yaşasan da, ölsən də.. Dünyanın ən zalım adamı ilə, ən xeyirxahı arasında heç bir fərq yoxdur – onsuz da aqibət eynidir.
Lakin, hər bir insanın içində başqa bir hiss vardır. Bu hiss “yox, axı belə deyil..” deyir. O zaman, fərqli yanaşmanın vaxtıdır.. Yaxşıca düşünün: biz uşaqlarımızı – sadəcə olaraq oynadıb, bezdikdə bir tərəfə atmaq üçün həyata gətirmədiyimiz kimi, Yaradan da bizi sadəcə bu şəkildə ölmək üçün yaratmayıb. Əgər kimsə yenə də inad edərək: “yeyib, içib ölməyi” Yaradanın məqsədi olaraq görürsə və bunun Yaradan üçün nöqsan olmadığında israr edirsə, ona deyərik: məgər sən özün uşağını dünyaya gətirəndə, ona tərbiyə verəndə, onu məktəbə, sonra isə ali təhsil ocağına göndərəndə uşağın üçün düşündüyün – onun sadəcə yeyib-içib sonda ölməsidir? Yoxsa, bu dünya həyatının çərçivəsində olsa belə müəyyən ali məqsədlərə çatması üçün çabalayırsan? Özün belə bir şeyi məntiqsiz hesab etdiyin halda, elmi və qüdrəti hər şeyi əhatə edən, böyük hikmət sahibi olan Uca Yaradana bunu axı necə nisbət etməyə cəsarət edirsən? Hətta ölümdən sonrakı həyata/axirətə iman etməyən kəslər belə, bu dünya həyatında müəyyən ali məqsədlərinə çatmaq üçün çabalayırlar. Ateistlərin çoxu bunu təsdiq edə bilər.
Digər məsələ isə budur ki, “yeyib, içib, ölməyi” heyvanlar da bacarır. Yaradanın insan üçün düşündüyü bu olsaydı, onu da heyvan kimi şüursuz yaratması lazım olardı. O zaman insana verilən və onu bütün varlıqlardan üstün edən əqlin mənası nədir? Ona – özünü, digər insanları, içində yaşadığı Kainatı və hətta onu Yaradanı dərk etməyə imkan verən bu mükəmməl hədiyyənin axı rolu nədir? Sadəcə olaraq yaşayıb, yeyib, içib, gəzib, əylənib, sonra isə, ölüb, məzarda çürümək üçünmü?
İnsan sevinir və kədərlənir, sevir və nifrət edir, ümid edir və çarəsiz qalır, qorxur və özünü təhlükəsizlikdə hiss edir. İnsana bu möhtəşəm ağlı, bu hisləri verən, bunu sadəcə yemək-içmək üçünmü etdi? Həqiqətən, çox məntiqsizdir. Bütün bu yazdıqlarımızı, Quran bizə bir möhtəşəm ayədə izah edir:
“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız? Haqq Hökmdar Allah (hər şeydən) ucadır! Ondan başqa heç bir ilah yoxdur. O, şanlı Ərşin Rəbbidir.” (Quran, Muminun, 115-116)
Çox deyil, azca düşünən insanın bunu anlaması asan olmalıdır. Bu dünya – insan və milyonlarca digər məxluqat “sonda məhv olmaq üçün” yarana bilməz.
‘Organic elm’