media-0cb5e240-2375-49be-9804-1c70a7de72d6
Qurani-Kərimin Tövbə surəsinin 2-ci ayəsində belə buyurulur:
فَسِیحُوا۟ فِی ٱلۡأَرۡضِ أَرۡبَعَةَ أَشۡهُرࣲ وَٱعۡلَمُوۤا۟ أَنَّكُمۡ غَیۡرُ مُعۡجِزِی ٱللَّهِ وَأَنَّ ٱللَّهَ مُخۡزِی ٱلۡكَـٰفِرِینَ﴿٢﴾
“(Ey müşriklər!) Dörd ay ərzində yer üzündə dolaşın (rahat yaşayın). Ancaq bilin ki, siz Allahı (əzabından qaçaraq) aciz qoya bilməzsiniz və Allah kafirləri rüsvay edəcəkdir.”
Təfsirə görə, ayə müşriklərə dörd aylıq təhlükəsiz möhlət verir. Bu müddət ərzində onlara toxunulmayacaq. Amma bu möhlət bitdikdən sonra, əgər İslamı qəbul etməsələr, əvvəl bağlanmış əhdlər ləğv ediləcək və Allahın cəzası qaçılmaz olacaq. Bu, həm əhdini pozanlara, həm də müddətsiz müqavilə bağlayanlara aiddir. Ancaq müqaviləsi vaxtla məhdudlaşdırılmış tərəflərin əhdləri sona qədər qüvvədə qalacaq.
Mədinədən güc mərkəzinə
Tövbə surəsi Hicrətin 9-cu ilində, Təbuk səfərindən sonra nazil olmuşdu. Artıq İslam dövləti yalnız Mədinədəki bir topluluq deyildi – Məkkə fəth edilmiş, ətraf tayfalarla müxtəlif müqavilələr bağlanmışdı. Lakin bu müqavilələrdən bəziləri pozulmuş, digərləri isə müddətsiz olduğuna görə hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə idi.
Bu ayə, bu qeyri-müəyyənliyə son qoyur: kim müqavilə pozubsa və ya əhd müddətsizdirsə, onlara dörd ay vaxt verilir. Bu müddət ərzində onlara toxunulmayacaq, lakin bundan sonra artıq nə əhd qalacaq, nə də amanlıq. Ayə eyni zamanda bildirir ki, əgər kimin müqaviləsi konkret müddətlidirsə, o müddət sona çatana qədər qüvvədə qalacaq.
Ayənin ictimai şəkildə elan olunması da əhəmiyyətlidir. Həcc ziyarəti zamanı bu ayəni insanlara çatdırmaq üçün əvvəlcə Hz. Əbu Bəkr (radıyallahu anhu), sonra isə Hz. Əli b. Əbu Talib (radıyallahu anhu) göndərilmiş və ayənin mətni Minada (Həcc edənlərin qaldıqları bölgə –red.)hamıya oxunmuşdur. Bu, yeni siyasi-hüquqi nizamın gizli yox, açıq şəkildə təqdim edilməsi demək idi.
Müasir Geosiyasi Paralellər
Bu ayənin mahiyyəti təkcə VII əsrə deyil, bugünkü dövlətlərarası münasibətlərə də toxunur. Müasir dövrdən misallar:
– Münaqişələr öncəsi diplomatik möhlət və xəbərdarlıq:
Məsələn, İranın nüvə proqramı ilə bağlı xəbərdarlıqlar, Rusiyanın Ukrayna işğalından əvvəl Qərbin verdiyi diplomatik siqnallar. Quran da bildirir ki, cəza və ya hərbi əməliyyatdan əvvəl açıq xəbərdarlıq və zaman verilməlidir.
– Keçid zamanı təhlükəsizlik zəmanəti:
Qarabağdan erməni əhalisinin Laçın dəhlizindən çıxışı zamanı verilən humanitar dəhliz imkanı bu ayədəki “yer üzündə dörd ay sərbəst dolaşın” prinsipi ilə oxşarlıq təşkil edir.
– Müqavilə hüququnda sabitlik və şərt fərqləndirməsi:
Quranda müqavilənin pozulması ilə müddətli müqavilənin fərqi açıq şəkildə qoyulur. Müasir müqavilə hüququnda da bu yanaşma eyni ilə tətbiq olunur – pozulmuş müqavilə ləğv edilə bilər, amma qüvvədə olan əhd sona qədər qorunmalıdır.

 

Tövbə 2 və Dövlət İdarəçiliyində Strateji Prinsiplər
Tövbə surəsinin bu ayəsi yalnız hərbi və beynəlxalq münasibətlər üçün deyil, daxili dövlət idarəçiliyi üçün də bir yol xəritəsi təqdim edir. Burada tətbiq edilə biləcək beş əsas prinsip aşağıdakı kimidir:
1. Qanun və islahatlarda möhlət prinsipi
Quranda müşriklərə yeni siyasi vəziyyəti qəbul etmələri üçün dörd ay möhlət verilir. Bu, qanun dəyişikliyi və ya islahat zamanı vətəndaşlara adaptasiya fürsəti verilməsi prinsipidir.
2. Əhdə sadiqlik və hüquqi ardıcıllıq
Ayədə bildirilir ki, müddətli müqavilələr başa çatana qədər qüvvədə qalır. Bu, dövlətin əvvəlki rəhbərlik dövründə bağladığı müqavilələrə hörmətlə yanaşmasının vacibliyini göstərir.
3. Cəza tətbiqindən əvvəl xəbərdarlıq
Ayədə müşriklərə son xəbərdarlıq edilir. Bu, təhlükə yaratmadan, vətəndaşı ani olaraq cərimələmədən və ya təzyiq göstərmədən əvvəl bildiriş göndərmə prinsipidir.
4. İdeoloji və mədəni keçidlərdə psixoloji mərhələ
Ayədə müşriklərə verilən möhlət yalnız hüquqi deyil, həm də ideoloji bir keçid dövrüdür. Yeni nizamın mənimsənməsi üçün vaxt və düşünmə məkanı verilir.
5. Təhlükəsizlik zəmanəti ilə sosial dəyişiklik
Dörd aylıq möhlət eyni zamanda təhlükəsizlik zəmanətidir. Dəyişiklik dövründə insanlara zərər toxunmayacağı təmin edilir.
Tövbə surəsinin 2-ci ayəsi — bir ayədən daha çox şeydir. O, keçid ədaləti, hüquqi sabitlik, xəbərdarlıq mədəniyyəti, təhlükəsizlik zəmanəti və strateji dövlət davranışı üçün nümunədir. Ayənin sətirləri arasında gizlənmiş bu məntiqli ardıcıllıq, bizi idarəetmədə daha müdrik, daha insani və daha əxlaqlı davranmağa çağırır.
Bəli, nəyisə dəyişmək də olar, cəza da vermək olar. Amma əvvəl xəbərdarlıq etmək, zaman tanımaq və hüquqa sadiq qalmaq şərtilə.
Qurani-Kərim bunu 1400 il öncə – beynəlxalq hüquq sistemlərinin olmadığı bir zamanda demişdir.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_7866

يَـٰأَيُّهَا ٱلَّذِينَ آمَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوۤا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥۤ إِلَيْهِ تُحْشَرُونَ ﴿٢٤﴾ وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَاۤصَّةً […]
Daha ətraflı