Dünya bu gün çox sürətlə dəyişir. Bir çox şeylər artsa da, insan yenə də keçmişlərdə olan həyatın və insanlığın həsrətini çəkir, o zamanların geri gəlməsini istəyir. Çünki, insanın daxilindəki boşluq özünü daha da çox biruzə verməyə başlayır. Texnologiya artdıqca sakitlik azalır, imkanlar çoxaldıqca narahatlıq dərinləşir. Müharibələr, ədalətsizlik, əxlaqi çöküş, mənəvi yorğunluq, keçici zövqlər… Axı, niyə? Çünki insan öz istəklərini ölçü götürür, ancaq nəfsini yol xəritəsi edir. Halbuki nəfs doymaz, istək sərhəd tanımaz.
İnsanlıq bu gün müxtəlif ideologiyalarda, sistemlərdə və ya təkcə maddi rifahda qurtuluş axtarır. Amma qaranlıq qaranlıqla işıqlanmır. İşıq yalnız mənbəyinə bağlananda işıq olur. İlahi iradədən qopmuş azadlıq insanı xilas etmir, sadəcə istiqamətsiz buraxır. Həqiqi qurtuluş insanın özünü Yaradanın istəyinə təslim etməsi ilə başlayır. Çünki nizam Ondandır, tarazlıq Ondandır, qurtuluş da Ondandır və insanın əsl ehtiyacı da elə budur.
İbn Qayyim belə deyir:
عَاشَ النَّاسُ حَيَاتَهُمْ عَلَى مُرَادِهِمْ فَهَلَكُوا، وَوَاللّٰهِ لَوْ عَاشُوهَا عَلَىٰ مُرَادِ اللّٰهِ لَفَلَحُوا وَنَجَوا.
“İnsanlar həyatlarını öz istəkləri üzərində yaşadılar və həlak oldular (xoşbəxtliyi əsla tapa bilmədilər, dünyada qəlbləri sıxıntıdan qurtula bilmədi, axirəti də qazana bilmədilər). Lakin Allaha and olsun ki, əgər onlar həyatlarını Allahın istəyi üzərində yaşasaydılar, mütləq (qaranlıqlardan) qurtuluş/nicat tapardılar.”
Ayxan Yaquboğlu