media-f61dc5b6-feb0-4498-b9fd-834492c621e8
İnsan bu dünyada boyun əymədən, zəifliyini hiss etmədən yaşa bilməz. Yəni, bir ilaha mütləq itaət edəcək. Bunun adını istər itaət qoyun, istər boyun əymə, istərsə də ibadət… insan nə qədər də “mən əsla heç bir qüvvəyə boyun əymərəm, ibadət etmərəm” desə də, bu qayda dəyişməz və mütləq gerçəkləşər.
O zaman insan ilahını öncədən seçməlidir. Ya onu yaradan Uca və Əzəmətli qüvvə olan Allah, ya da başqası.. ya da, öz nəfsi və həva-həvəsi. Mütləq bu üçündən birinə yönələcək. Bir çox insan Allaha qulluq etmədikdə və ya başqa bir məxluqa ibadət etmədikdə azad olduğunu, bir qulluq bağının olmadığını sanır. Əslində isə, o, özü də bilmədən öz nəfsinə ibadət edir və arzu-istəklərinin köləsi olur. Buna görə də Uca Allah:
“Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı?!” (Quran, Casiyə, 23)
İlah – səni yönləndirən və idarə edən şeydir. Ucaldılan şeyə tapdığınız (ibadət etdiyiniz) zaman ona, onda olan bir özəllik səbəbilə bunu edirsiniz. Beləcə, o bağlantı həmin şeyə deyil, insanın öz nəfsinə qayıdar. Yəni, əslində öz nəfsini ilahlaşdırmış olar. Quranda şirk barədə yüzlərlə ayənin varlığının səbəblərindən biri də budur. Biz isə elə bilirik ki, şirk təkcə daşdan və ya ağacdan düzəldilən bütlərə aiddir. Əgər onlara aid olsaydı, bu, mənasız olardı. Çünki, şirkin həmin növü demək olar ki, tarixin tozlu səhifələrinə həkk olunub. Quran ayələri hər dövr üçün aktualdır; ən çox danışılan mövzu, deməli hər zaman – sadəcə başqa cildlərə keçmiş halda var olmağa davam edir. Kimisi məxluqları, ölüb getmiş kəsləri, kimisi də – lap pisi – öz nəfsini ilahlaşdırıb şirkə düşməyə davam edir.
Buna görə də Uca Allah insanları yalnız Özünə ibadət etməyə çağırarkən, onları iki ilahdan qurtarmaq istəyir. Başqasına qulluqdan və nəfsin arzularına köləlikdən… İnsan üçün ən böyük azadlıq və ən əzəmətli güc – yalnız Allaha qul olmaq, Ondan başqa gücə tapmamaq, ibadət etməmək və boyun əyməməkdir. “Lə iləhə illəllah”ın mənası məhz budur.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr