featured-image-1444

Əbu Bəkr əs-Siddiqin əsl adı Abdullah Ətiqdir (Allah ondan razı olsun— r). O, Peyğəmbərlərdən sonra Allahın ən yaxşı quludur. (Abdullah Azərbaycan dilində Allahın qulu deməkdir).
Adının ikinci hissəsində Ətiq gəlir. Onun da mənası yaxşılıq etmək deməkdir. O, peyğəmbərə iman gətirən və İslamı qəbul edən ən gözəl və ən yaxşı insandır. Peyğəmbər (Ona və onun ailəsinə Allahın salavatı və salamı olsun! — s.ə.v.) ona Oddan uzaqlıq mücdəsini vermişdi. Bu mənada Əbu Bəkr (r) ən çox qul azad edən adam olmuşdur. Bilal da onun azad etdiyi qullardan bir idi. İslamda o, əs-Siddiq kimi tanınır. Çünki o, Peyğəmbəri (s.ə.v.) bütün məsələlərdə, xüsusilə İsra və Meracda təsdiq etmişdir.

Anası Umm əl-Xeyrdir (yəni xeyir anası). Onun ən böyük xeyri Əbu Bəkrdir (r). Onun adının bu mənaları daşıması təsadüfü deyil, Allah təalanın əs-Siddiqin bütün əlamətlərini bizə tam aydınlığı ilə nümayiş etdirmək üçün tərtib etdiyi hikmətidir. Əli bin Əbu Talib (r) Allaha and içirdi ki, Əbu Bəkr adını Allah nazil etmişdir (Bu hədis ət-Təbəranidən gəlir). Onun əxlaqi keyfiyyətləri cahiliyyə və İslam dövründəki sözləri və əməlləri ilə təmamilə uyğun gəlir. O, çox istiqanlı, hörmətli, xoş xasiyyətli bir adam olmuşdur. İnsanın malik olduğu ən xoş sifətlər Əbu Bəkrdə (r) var idi. İnsanlar onun təvəzökarlığına, təmkinli və vüqarlı olmasına, gözəl əxlaqı və mərdliyinə görə həmişə ona hörmət bəsləmişlər. O, heç vaxt şərab içməmişdi, bu onun qüruruna xələl yetirə bilərdi. O, özünə qarşı şübhə üçün yer qoymazdı. Hədisdə deyilir: «Bir gün səhabələrdən biri onu incidir. Peyğəmbər (s.ə.v.) bu münasibətlə deyir: «Allah məni sizə göndərmişdir. Siz dediniz ki , sən yalan danışırsan. Əbu Bəkr isə məni təsdiq etdi, mənə inandı, öz canını və malını mənim yolumda qoydu. Mənim dostumu rahat buraxın. Mənim dostumu rahat buraxın. Onu bir daha incitməyin» (əl-Buxari).
Səhabələr demişdir: «Peyğəmbərin bizim dinimizə razılıq verdiyi bir işə biz dünyamızda necə də razı olmayaq! Bu sözlər Peyğəmbər, Əbu Bəkrə camaatın qabağında namaz qılmağı əmr etdikdə deyilmişdir.
Əbu Bəkr əs-Siddiq (r) Allahın Peyğəmbəri Məhəm¬mədin (s.ə.v.) xəlifəsidir. Yaşlı kişilər arasında İslamı birinci qəbul etmiş adamdır. Səhih hədisdə deyilir ki, Əbu Bəkr Allahın Peyğəmbəri (s.ə.v.) üçün ən sevimli adam idi. Əmr əl-As (r) belə rəvayət etmişdir: «Peyğəmbər (s.ə.v) məni orduya başçı təyin etdikdən sonra onun hüzuruna gəldim. Aramızda bu söhbət oldu: «Mən dedim:
Sənin üçün ən sevimli adam kimdir?
— Aişə.
— Bəs kişilərdən?
— Onun atası.
— Sonra kim?
— Ömər.
Bundan sonra çoxlarının adını çəkdi. Mən sakit dur¬muş¬dum. Qorxurdum ki, adım lap axırda çəkilsin» (əl-Buxari, Müslüm).
Əmr bin əl-Ası (r) bu sualı verməyə sövq edən onun ordu başçısı kimi hərbi əməliyyatlarda qalib gəlməsi və buna görə də Allahın Peyğəmbərinə (s.ə.v.) çox yaxınlaşması və özünü Rəsulullahın ən sevimli adamı hesab etməsi olmuşdur.
Əbu Bəkr əs-Siddiq (r) Peyğəmbər (s.ə.v.) üçün möminlər içində ən sevimli adam olmaqla yanaşı ondan sonra adamların ən yaxşısı olmuşdur. İmam Məhəmməd ibn əl-Hənəfiyyənin səhih hədisində deyilir ki, bir gün o, atası İmam Əlidən (Allah ondan razı olsun!) Peyğəmbərdən (s.ə.v.) sonra kimin ən yaxşı adam olmasını soruşur. İmam deyir: «Əbu Bəkr». O soruşur: «Sonra kim?» Əli deyir: «Ömər». Bundan sonra Osmanın adının çəkiləcəyindən qorxan Məhəmməd ibn əl-Hənəfiyyə deyir: «Sonra sən?». İmam isə deyir: «Mən yalnız müsəlmanlardan biriyəm» (Bu hədis imam əl-Buxarinin Pey¬ğəmbər (s.ə.v.) haqqında rəvayət etdiyi ən səhih hədislərdən biridir).
Əbu bəkr əs-Siddiq (r) Peyğəmbərin (s.ə.v.) ən çox məhəbbət bəslədiyi adam idi. Həmçinin, onun sədaqətli və pak qızı Aişə onun ən çox sevdiyi qadın olmuşdur. Aişə, Peyğəmbərin (s.ə.v.) evləndiyi yeganə bakirə qız idi. Bu şərəfə Aişə İslama göstərdiyi xidmətlər müqabilində layiq bilinmişdir. Aişə böyük bir elm sahibi idi. Münafiqlər onu ərinin və atasının gözündən salmaq üçün zinada ittiham etmiş, onun haqqında yalan və iftiralar uydurmuşlar. Bununla onlar bu qadını tərbiyə etmiş və paklaşdırmış İslama zərbə vurmaq istəmişlər. Lakin Uca Allah bu barədə qiyamət gününəcən qüvvədə qalan ayə nazil etdi: «Həqiqətən, (Aişə barəsində) yalan xəbər gəti¬rənlər öz içərinizdə olan bir zümrədəndir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır… (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!» Bu ayədə sübut edildi ki, bu, münafiqlərin uydurduğu şaiyədir. Aişə pak və safdır («ən-Nur» surəsi, ayə 11-13).
Əbu Bəkr əs-Siddiqin (r) əsl adı Abdullah Ətiq ibn Quhafədir. O, Peyğəmbərdən (s.ə.v.) yaşca iki il kiçik idi. Cahiliyə dövründə onun sədaqətli dostu və İslamda yaxın silahdaşı olmuşdur. Peyğəmbər (s.ə.v.) İslamı ona təqdim edən kimi onu tərəddüdsüz qəbul etmişdir. Əbu Bəkr (r) vasitəsi ilə üçüncü Raşidi xəlifəsi Osman bin Əffan (r) və habelə başqaları İslamı qəbul etmişlər. Başqaları İsra (gecə vaxtı səyahət) və Merac (Peyğəmbərin (s.ə.v.) göyə səyahəti) məsələsində Rəsulullahı təkzib etdikləri vaxt Əbu Bəkr (r) onu təsdiq etdi. Bu mübahisədə İslamı yenicə qəbul edənlər tərəddüd etdilər. Kafirlər sevinib dedilər ki, möminlər İslamı inkar edib Məhəmmədi təkzib edəcəklər. Onlar Əbu Bəkrə də müraciət etdilər. Əbu Bəkr (r) soruşur: «Məhəmməd sizə deyib ki, Qüdsə getmiş və həmin gecə də qayıtmışdır». Kafirlər dedilər ki, «Bəli demişdir». Əbu Bəkr (r) deyir: «Allaha and olsun, əgər desə ki, səmaya səyahət etmişəm, mən buna da inanaram. Deməli bu belə də olmuşdur». Buna görə də Peyğəmbər (s.ə.v.) onu elə həmin gün «Siddiq» (yəni doğruçu) adlandırmışdır. Çünki o, sabit əqidə və aydın fikir sahibi olan bir adam olmuşdur. Peyğəmbər (s.ə.v.) demişdir: «Əgər tərəzinin bir gözünə Əbu Bəkrin imanı, başqa gözünə isə mənim ümmətimin imanı qoyulsa Əbu Bəkrin imanı ağır gələr. O, nə namazda, hə də orucda sizi qabaqlayır. Lakin onun üstünlüyü qəlbində sabitləşmiş iman və ya yəqinlik hissindədir».
Bir gün Rəsulullah (s.ə.v.) Hira dağında idi. Bir qaya parçası qopub yerə düşdü. Peyğəmbər (s.ə.v.) onu ayağı ilə vurub dedi: «Sakit dur, sənin üzərində Peyğəmbər, Siddiq və iki şəhid durub. Bu vaxt Əbu Bəkr, Ömər, Əli, Təlha və əz-Zübeyr (Allah onlardan razı olsun) Peyğəmbərlə (s.ə.v.) bir yerdə idilər» (əl-Buxari).
Siddiqlərdən (doğruçulardan) olanlardan Allah öz nemətlərini əsirgəmir. Siddiq sidq (doğruluq) sözündən deyil, təsdiq sözündəndir. Təsdiq qəlbin inam və yəqinlik hissləri kəsb etməsi deməkdir. Hər bir Siddiq Sadiqdir. Müsəlman qardaş, sən gecə-gündüz, yalnız vacib namazda 17 dəfə mübarək Fatihə surəsini oxuyursan. Allaha müraciət edib deyirsən: «İhdinə-s-siratə-l-müstəqim, sıratə-l-ləzinə ənəmtə aleyhim» («Bizi düz yola, nemət bəxş etdiyin kəslərin yoluna yönəlt»)!
Allahın nemətlər bəxş etdiyi kəslər kimlərdir? Bunların kimliyi başqa bir ayədə aydınlaşdırılır: «Allaha və Peyğəmbərinə itaət edənlər (axirətdə) Allahın nemətlər bəxş etdiyi peyğəmbərlər, siddiqlər (peyğəmbərin çağırışını qəbul və təsdiq edənlər), şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır» («ən-Nisa» 69). Əbu Bəkr (r) — siddiqdir, səhabələr—şəhidlər və salehlərdir. Biz onları izləməli, onlardan öyrənməliyik. Allah onlardan razı olsun!
Əbu Bəkr əs-Siddiq (r) Peyğəmbərin (s.ə.v.) yanında, Aişənin evində dəfn olunmuşdur. Onlar dünyada dost olmuşlar, axirətdə də bir yerdədirlər. O, həmçinin, Peyğəmbərdən (s.ə.v.) sonra onun xəlifi (xəlifəsi) olub müsəlmanların işlərini idarə etmiş, namaz, cihad, sərhədlərin qoyulması, qənimətlərin bölüşdürülməsi, sədəqə və zəkatın yayılması, nümayəndəlik¬lərin və orduların təhciz edilməsi və göndərilməsi, din və imanı yaymaq, İslam ümmətinin genişləndirilməsi kimi məsələlərdə onların İmamı olmuşdur.
Əbu Bəkrin (r) xəlifəliyi dövrü Allah Təalanın müsəl¬man ümmətinə vermiş olduğu vədlərin yerinə yetirilməsi dövrü idi. Allah Təala buyurur: «Allah sizlərdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün bəyəndiyi dini möh¬kəm¬lədəcəyini, onların qorxusunu sonrakı əmin-amanlıqla əvəz edəcəyini vəd etimişdir» («ən-Nur» 55).
Allahın vədi Əbu Bəkrin (r) əli ilə həyata keçirildi. Din onun dövründə, habelə, onun qardaşları Raşidi xəlifələrinin (Allah onların hamısından razı olsun və onları razı salsın) dövründə çox uğurlar qazandı və möhkəmləndi. Buna görə də Peyğəmbər (s.ə.v.) bizə onları izləməyi və onların qoyduğu yolla getməyi əmr etmiş və demişdir: «Aranızda olan həqiqəti axtaranlar, bir-biri ilə ixtilafda olanlar üçün mənim Sünnəm, məndən sonra haqq yolunu göstərən Raşidi xəlifələrin sünnəsi vardır. Onlara səbrlə dözün» (İmam Müslümün «Səhih» əsərindəndir). Hədis aydın şəkildə Raşidi xəlifələrinin sünnəsi ilə Peyğəmbər (s.ə.v.) Sünnəsinin bir—biri ilə tam uyğunluğunu göstərir. Raşidi xəlifələri də həqiqi hüda və rüşd (doğru, düzgün) yolunu bizə göstərmişlər. Allahın İslama bəxş etdiyi bu nemətə görə Ona həmd səna edirik. Allah təalanın təssübkeşlik və köməksizlikdən, Allahın sevmiş olduğu və razı qaldığı adamlara qarşı durmaqdan qorunmaq üçün Onun Özundən yardım diləyirik.
Əbu Bəkr əs-Siddiqə (r) Allah təala böyük kəramət göstərərək ona xəlifəliyi ərzində mürtədlərə (dindən üz dön¬dərənlərə) qarşı döyüşmək səadətini bəxş etmişdir. Aşağıdakı ayə məhz Əbu Bəkrə (r) aid edilə bilər: «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö¬minlərə qarşı mülayim, kafirlərə qarşı sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar…» («əl¬- Maidə» 54).
Əbu Bəkr əs-Siddiq (r) Allahın bu ayədə göstərdiyi, sevimli adamların birincisi idi. Çünki o, mürtədlərlə vuruş¬muşdur. Bu ayə nazil olanda Peyğəmbərimiz (s.ə.v.) dövründə riddə (itaətsizlik) hadisəsi baş verməmişdi. Bu ayə Peyğəm¬bərdən (s.ə.v.) sonrakı dövr barədə məlumat verir. Bu dəqiq elmdir. Onun haqqında dərindən fikirləşmək lazımdır Əbu Bəkr əs-Siddiq (r) səhabələr arasında Quranı şifahi məxəzlərdən, habelə vərəqlər, sümük, dəri, palma (xurma) qabığı üzərindəki yazılardan toplayıb vahid müshəf (yazılı nüsxə) şəklinə salan ilk şəxsiyyət olmuşdur. Bununla o, bu yazıların itməsinin qarşısını almışdır.
Əbu Bəkr əs-Siddiq (r) Quranı əzbər bilən səhabələrin çoxsunun dindən üz döndərənlərlə və Yəmamədə meydana gələn yalançı Müseylimə kimi peyğəmbərlik iddiasında olanlar¬la döyüşlərdə şahid olduqlarını görəndə bu Quranı müshəf şəklinə salmaqla müsəlman ümmətinə və Allahın Kitabına tarixi bir xidmət göstərmiş oldu. O, Allah Təalanın «Biz zikri nazil etmişik, Biz də onu qoruyacağıq» kəlamı ilə Kitabi Şərifi qoruyan adamlardan biri kimi nəzərdə tutulur. Ondan sonra İmam Osman bin Əffan (r) Qurani kərimi bir neçə nüsxə¬də toplayıb, vilayətlərə göndərdi. Allah onlara bu din yolunda xidmətlərinə görə ən ali bir mükafat bəxş etsin.
Əbu Bəkr əs-Siddiq (r) Allahın Kitabını və Rəsulullahın (s.ə.v.) Sünnəsini ən dərindən bilən, hərtərəfli axtarışlar aparan, məsələnin incəliklərindən xəbərdar olan bir şəxsiyyət olmuşdur. Bununla yanaşı Əbu Bəkr (r) heç də məsum (günah¬sız) bir adam olmamışdır. İnsanlar arasında ən günahsız yalnız peyğəmbərlər ola bilərlər. İnsanı məsum hesab etmək onu peyğəmbər kimi tanımaq deməkdir.
Heç kəs peyğəmbərlər qədər dərin, dəqiq, hərtərəfli və geniş əhatəli bilik sahibi ola bilməz. Allah Təala «ən-Nəsr» surəsini nazil edib: «(Ya Peyğəmbər!) Allahın köməyi və zəfəri (Məkkənin fəthi) gəldiyi zaman Rəbbini həmd-sana ilə təqdis et və Ondan bağışlanmağını dilə. O, tövbələri qəbul edəndir!» kəlamını səhabələr eşidəndə çox sevindilər. Onlar başa düşdülar ki, din kamildir və yayılır. Bu haqqın qələbəsidir. Əbu Bəkr əs-Siddiq (r) də sevindi, bu ayənin ən dərin və incə mənalarını başa düşdü, onun gözləri sevinc yaşları ilə doldu. O, başa düşdü ki, Rəsulullahın (s.ə.v.) ömrü artıq başa çatmaq üzrədir . O, dini təbliğ etmək vəzifəsini uğurla yerinə yetirdi. Allah onu bağışladı. Əbu Bəkrin bu uzaqgörənliyini başqa səhabələr də etiraf etdilər. Abdullah bin Abbas (Allah ondan razı olsun) öz təfsirində bu barədə yazır: «Peyğəmbər (s.ə.v.) insanları könüllü ianəyə dəvət edəndə Əbu Bəkr əs-Siddiq malik olduğu bütün sərvəti nəzir vermişdi». Əbu Əfsanın Ömər ibn Xəttabdan (r) verdiyi hədisdə deyilir: «Ömər demişdir: «Rəsulullah (s.ə.v.) bizə sədəqə verməyi əmr etdi. Mən öz malım¬dan bu məqsədlə ayırıb heç olmasa bu gün Əbu Bəkri qabaqlayaram» — dedim. Öz malımın yarısını gətirdim. Rəsulu¬l¬lah (s.ə.v.) məndən soruşdu: «Ailənə bir şey saxladınmı?» Mən dedim ki, bir bu qədər də ailəm üçün qalıb. Əbu Bəkr gələndə malik olduğu bütün sərvətini gətirdi. Peyğəmbər (s.ə.v.) ondan da soruşdu: «Ailənə bir şey saxladınmı?». Əbu Bəkr dedi: «Onlara Allahı və Onun Rəsulunu saxladım». Mən dedim: «Heç vaxt onu heç nədə qabaqlaya bilmirəm» (ət-Tirmizi və Əbu Davudun etibarlı hədisidir).
Allahın nəzarəti altında olan heç vaxt başqasına möhtac olmaz, məhrumiyyət keçirməz. Bu günlərimizdə şəhvət və ehtirasların hər tərəfi bürüdüyü, şəhər və kəndlər, bütöv ölkə¬lər fitnə-fəsada batdığı, fəzilətin yerini rəzalətin tutduğu bir vaxtda bizim belə sabit bir imana böyük ehtiyacımız var. Biz, Allaha məxsusuq, Ona da qayıdırıq.
Əbu Bəkr əs-Siddiqə (r) və onun Raşidi xəlifə qardaş¬larına Peyğəmbər (.s.ə.v) Cənnət mücdəsi vermişdir. Əbu Musa əl-Əşarinin (Allah ondan razı olun) səhih hədisində deyilir: «Peyğəmbərlə (s.ə.v.) birgə Mədinə bostanlarından birində idik. Bir kişi gəlib Fatihə surəsini oxudu. Peyğəmbər (s.ə.v.) bu adama Cənnət mücdəsini verib dedi: «Aç qapını, qoy gəlsin». Mən qapını açanda qarşımda Əbu Bəkri gördüm. Peyğəmbərin (s.ə.v.) dediyini ona çatdırdım. O, Allaha həmd səna etdi…» (Buxari, Müslüm).
Əbu Hüreyra (r) rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) üzünü səhabələrə tutub soruşdu: «Kim bu gün oruc tutub?». Əbu Bəkr «mən» deyə cavab verdi. Peyğəmbər (s.ə.v.) yenə soruşdu «Kim bu gün cənazənin arxasınca gedib?». Əbu Bəkr «mən» deyə cavab verdi. Peyğəmbər (s.ə.v.) yenə soruşdu: «Kim bu gün kasıb yedizdirib? Əbu Bəkr «mən» deyə cavab verdi. Peyğəmbər (s.ə.v.) yenə soruşdu: «Kim bu gün xəstə ziyarətinə gedib?». Əbu Bəkr «mən» deyə cavab verdi. Pey¬ğəmbər (s.ə.v.) bundan sonra belə buyurdu: «Bu dörd gözəl xisləti özündə toplayan cənnətə daxil olar».
Əbu Bəkr əs-Siddiq (r) sayı 400-dən artıq olmayan azsaylı səhabələrlə və Peyğəmbər (s.ə.v.) ilə birlikdə Bədr döyüşündə iştirak etmişdi. Allahın köməyi ilə onlar həmin gün sayı bir mindən çox olan müşrüklər üzərində zəfər çaldılar. Döyüşdən sonra Rəsullulah (s.ə.v.) özü döyüşə hazırlaşdı və əshabələrə də hazır olmağı əmr etdi. Lakin hara gedəcəklərini demədi. Bədr döyüşünün iştirakçısı olmuş və müşriklərlə döyüşmüş Hatib ibn Bəltəə elə bildi ki, ordu Məkkənin fəthinə gedir, Məkkə əhlindən olan müşriklərə məktub yazıb onlara gələcək hücum haqqında xəbər verdi. Məktubu bir qadına verdi ki, saçlarının arasında gizlədib, yerinə çatdırsın. Allah Öz Peyğəmbərinə Hatibin əməli barədə xəbər çatdırdı. Peyğəmbər (s.ə.v.), Əli bin Əbu Talibə (r) tapşırdı ki, qadını yolda saxlasın və məktubu ondan alsın. Hatib də tapıldı, onun böyük xəyanəti aşkar oldu. Hər hansı bir ölkədə belə əmələ yol verəni edam cəzası gözləyir. Buna görə də Ömər ibn Xəttab (r) heç nə gözləmədən qılıncını siyirdi və dedi: «Ey Allah Peyğəmbəri! İcazə ver mən bu münafiqin boynunu vurum» Rəsulullah (s.ə.v.) dedi: «Sən nə bilirsən? Bəlkə, Allah Bədr əhlini xəbərdarlıq edib deyirmiş: «Nə istədiyinizi bilin. Mən sizi bağışlayıram». Hatib üzr istədi və dedi: «Vallahi, ya Rəsulul¬lah, mən həqiqətən nifaqa yol verdim. Lakin mənim ailəm oradadır, müşrüklərin əlindədir. Onlar üçün qorxdum. Peyğəm¬bər (s.ə.v.) dedi: «O səni qabaqcadan bağışladı. Narahat olma ey Hatib! Allah sənin xoş niyyətindən, narahatçılığından da xəbərdardır. Mən istəmədim ki, Bədr və Hüdeybiyyə şahidi olan bir kəs Cəhənnəmə daxil olsun. Belə olmaz, inşallah!» (Buxari, Müslüm).
Əbu Bəkr əs-Siddiq (r) Bədr və Hüdeybiyyə döyüşlə¬rində iştirak edənlərdən olmuşlar. Buna tarixdə Rizvan beyəti deyilir. Bu ona görə Rizvan beyəti adlanır ki, Allah Təala ağac altında Peyğəmbərə (s.ə.v) beyət edənlərdən razı olmuşdur (Rizvan — razı qalmaq deməkdir). Allah Təala Kitabi Şərifdə bu barədə buyurur: «(Ya Peyğəmbər!) Ağac altında sənə beyət edən möminlərdən razı qaldı, onların ürəklərindən onları bildi və onlara Öz dərgahından xatircəmlik, rahatlıq gön¬dərdi və yaxın qələbə mücdəsini onlara çatdırdı» (əl-Fəth 18). Bu gün 1400 səhabə Peyğəmbərə (s.ə.v.) beyət gətirdi.
Əbu Bəkr (r) Peyğəmbəri (s.ə.v.) mağarada müşayiət etmiş, hicrət vaxtı onun sağında, başqa vaxt onun solunda, bir dəfə də arxasında getmişdir. Peyğəmbər (s.ə.v.) bir dəfə ona demişdi ki: «Ey Əbu Bəkr, belə etmə!» O belə cavab verdi: «Düş¬mənin arxada olduğunu fikirləşəndə sənin arxanda gedib, sə¬ni qoruyuram, sağında olduğunu fikirləşəndə sağında gedirəm».
Mağaraya qaça-qaça gedib oranı süpürən, ilan-əqrəbdən təmizləyən, bununla da Peyğəmbərin (s.ə.v.) təhlükəsizliyini təmin edən Əbu Bəkr (r) olmuşdur. Allah bu münasibətlə Qiyamət gününə qədər oxunacaq ayə nazil etdi. Allahın himayəsi altında olan şəxs kədərlənməməlidir, heç bir insan və ya cin bu şəxsə zərər yetirə bilməz. Peyğəmbər (s.ə.v.) xəstələndikdən iki həftədən də artıq bir müddət ərzində namaz qılanlara imamlıq etməyi məhz Əbu Bəkrə (r) tapşırdı. Peyğəmbərin (.s.ə.v.) özü də onun arxasında namaz qılmışdı. Peyğəmbərin (s.ə.v) arvadları istəmişdilər ki, imam Ömər olsun. Çünki Əbu Bəkr çox ürəyi yumşaq, sınıq qəlbli, tez ağlayan bir adam idi. O, heç vaxt Allahın ən yaxşı məxluqunun yerinə durmağa dözməzdi. Onun özü bu işi görməyə hazır deyildi, ola bilər ki, adamlar onun ağlaması səbəbindən Qu¬randan nə oxuduğunu başa düşməsinlər. Lakin adamlar ona alışdılar. Peyğəmbər (s.ə.v.) əmr etdi ki, Əbu Bəkr imam olsun: «Allah və peyğəmbəri Əbu Bəkrdən başqa heç kimi qəbul etmir» (Müslüm). Allahu Əkbər, Əbu Bəkrin karamətinə imam¬lıq və xilafət haqqında bundan da böyük, bundan da aydın bir dəlil ola bilərmi?! Bu mükafat deyil — əmr, qanimət deyil — böyük məsuliyyət idi. Adamların çoxu onun əksini fikirləşirlər. O, dünyadan müsəlmanların baş hakimi kimi köçəndə nə toraq sahələrinə, nə imarətlərə, nə daşınmaz əmlaka, nə qızıla, nə gümüşə, nə bir dinara, nə də ki, bir dirhəmə malik idi. Müsəl¬manların xəlifəsi olan şəxs onların sərvətini ələ keçirtmək, özlərini cəzalandırmaqla deyil, onların siyasəti, tərbiyəsi ilə məşğul olmalı, onları qorumalı və müdafiə etməli, xidmətində durmalıdır. Əgər biz Raşidi xəlifələrin müsəlman¬lara göstərdiyi xidmətləri sadalamaq istəsək bu çoxcildli bir əsərə çevrilər. Lakin bizim fikrimizcə onların xilafətinin nübuvvət olduğunu bilsək kifayətdir. Peyğəmbərimiz (s.ə.v) demişdir: «Sizin xilafətiniz otuz il çəkəcəkdir. Sonra məlik (şah, kral) gələcək, bunu da Allah istədiyinə qismət edəcəkdir» (ət-Tirmizi). Əbu Bəkrin (r) xilafəti iki il yarım (632-634), Ömərin (r) xilafəti 10 il (634-644), Osmanın (r) xilafəti 12 il (644-656), Əlinin (r) xilafəti isə yerdə qalan müddət ərzində davam etmişdir (656-661). Allah onların hamısından razı olsun! Əbu Bəkrə (r) mühacirlər və ənsarlar beyət etmişdilər. Onlar Rəsulullahın (s.ə.v.) ən yaxın adamları və silahdaşları idilər. İslam onlara qüvvət və izzət kəsb etdi, onlara müşrüklərə qələbə çaldırdı, onlarla Ərəbistan yarmadası fəth edildi. Rəsulullaha (s.ə.v.) beyət edən kütlə Əbu Bəkrə də beyət gətirdi. Buna qarşı yalnız bəzi ənsarlar çıxdılar. Onlar istəyirdilər ki, mühacirlərdən və ənsarlardan hərəsindən bir əmir seçilsin. Bunu sübut edən hədislər batildir. Rəsulullah (s.ə.v.) müsəlmanlara Qureyşə tabe olmağı əmr edərək demişdir: «Bu iş hələ də Qureyşə aiddir. Sizdən iki nəfər vardır. Onlara qarşı çıxanı Allah oda atacaqdır». Bundan sonra ənsarlar hamılıqla Əbu Bəkrə beyət etdilər. Həqiqət budur ki, Peyğəmbər (s.ə.v.) Müsəlmanlara Əbu Bəkri xəlifə etməyi tövsiyə etmişdir. Onun çoxsaylı söz və əməllərini nəzərə alıb bu fikri irələ sürmüşdür. Onun Əbu Bək¬ri xəlifə kimi təqdim etməsinə sübutu əl-Buxari «Səhabələrin fəziləti» kitabında (5/5) verir: «Peyğəmbərin (s.ə.v.) yanına qadın gəlir. Ona yaxın gəlməyi əmr edir. Qadın deyir: «Bura gəlib səni görməsəm kimi axtarım? Bununla qadın elə bil ki, ölüm xəbərini çatdırırdı. Peyğəmbər (s.ə.v.) ona deyir: «Məni tapmasan Əbu Bəkri taparsan».
Həmçinin deyilir ki, bir gün Aişənin yanına gəlib ona deyir: «Atanı və qardaşını yanıma çağır. Əbu Bəkrə bir yazı yazım ki, bu işə heç kəs tamah salmasın» (əl-Buxari, «Xəstəlik» kitabı, 7 /119. Müslüm «Səhabələrin fəzilətləri» kitabı 4/1857).
Bu mövzuda çoxsaylı hədislər vardır. Buna görə də Peyğəmbər (s.ə.v.) xəstə olanda səhabələrin onun yanına gəlib bu barədə yazılı göstəriş almaları vacib olmadı. Çünki onlar bilirdilər ki, bu yazıda Peyğəmbər (s.ə.v.) mütləq Əbu Bəkrin (r) adını çəkəcəkdir. Onun özü bunu demişdir. Ömər (r) də demişdir ki, bizim yazıya ehtiyacımız yoxdur, biz həqiqəti bilirik, ona tabe olmalıyıq. Peyğəmbər (s.ə.v.), həmçinin özü müsəlmanlara Əbu Bəkrin (r) ətrafında toplanmağı öyrətmişdir. Buna görə də yazı yazmaq tələbini təkrar etmədi və ona israr etmədi.
Əbu Bəkr (r) də Peyğəmbər (s.ə.v.) kimi 63 yaşında vəfat etdi və onun yanında dəfn edildi. Bu şərəf və karamət ona bəsdir ki, Rəsulullah (s.ə.v.) onun haqqında demişdir: «Dostluqda mənim üçün ən etibarlı adam Əbu Bəkrdir. Özümə bir dost seçməli olsam, mütləq Əbu Bəkri seçərəm, İslam qarda¬şlığı məhəbbətlədir…» (əl-Buxari və Müslüm).
Uca Allah Özü Əbu Bəkri Peyğəmbərin (s.ə.v.) dostu adlandırır: «(Ey möminlər) əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): «Qəm yemə, Allah bizimlədir!» — dediyi zaman (göstərmişdi). O vaxt Allah ona (Peyğəmbərə və ya Əbu Bəkrə) bir arxayınlıq nazil etmiş… » («ət-Tövbə» 40).

————
Yaşar Qurbanov
“İslam Nuru” kitabından

Bənzər Məqalələr