Əbu Bəkr Əs-Siddiqin (Allah ondan razı olsun!) xilafəti!
Əbu Bəkr Əs-Siddiqin (Allah ondan razı olsun!) xilafəti!
(Hicri: 11-13)
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatı elan edildikdə Əbu Bəkr (Allah ondan razı olsun!) onun cənazəsinin yanına gəlib onun üzünü açdı və alnından öpdü və buyurdu: Atam anam sənə fəda olsun sən sağ olarkən və öldükdən sonra da necə gözəl insansan!. Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) örtdükdən sonra Əbu Bəkr (Allah ondan razı olsun!) minbərə çıxıb dedi: “Sizlərdən kim Məhəmmədə ibadət edirdisə, Məhəmməd artıq ölmüşdür! Sizlərdən kim Allaha ibadət edirdisə Allah daima diridir ölməzdir!. Allah təalə buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”(Ali İmran: 144).”
Bu zaman insanlar ağlayır, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri küçələrə çıxıb bu deyilən ayəni oxuyurdular. Ənəs (Allah ondan razı olsun!) həmin bu mənzərəni xatırlayaraq deyir: “Sanki biz bu ayəni heç vaxt eşitməmişdik!”[1].
Baxmayaraq Quran artıq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında nazil olub tamamlanmışdı. Lakin səhabələr Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatı xəbərinin təsirindən sanki o ayəni ilk dəfə eşidirdilər.
Sonra Abbas İbn ƏbdülMüttalib, Əli İbn Əbu Talib və əl-Fədl İbn Abbas (Allah onlardan razı olsun!) Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuyub, kəfənləməyə başladılar ki, onun üçün cənazə qılınıb, dəfn edilsin (Atam anam ona fəda olsun!). Çünki Abbas (Allah ondan razı olsun!) onun əmisi, Əli və Fədl əmisi oğlanları idilər. Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yuyub, kəfənləmək işlərini görməyə onlar daha layiq idilər.
Bənu Saidə evi:
Abbasın, Əlinin və Fədlin (Allah onlardan razı olsun!) başı Peyğəmbərin cənazəsini hazırlamağa qarışdığı vaxtda bəzi Ənsarlar Bənu Səqifə adlı yerdə toplaşmışdılar. Mən bu haqda olan rəvayəti birinci İmam Təbərinin (Allah ona rəhmət etsin!) tarix kitabında yalançı Əbu Mixnəfdən rəvayət etdiyini qeyd edəcəyəm sonra isə bu haqda digər rəvayəti Buxarinin səhih kitabından qeyd edəcəm və sonra hər iki rəvayət arasında müqayisə apararaq Əbu Mixnəfin əlavələrinin şahidi olacayıq.
Bəlkə də Əbu Mixnəfin bu əlavələrini çoxu qəbul etmişdir. Biz belə bir üsuldan şura məsələsi haqda danışarkən də istifadə edəcəyik.
İmam Təbəri (Allah ona rəhmət etsin!) buyurur: Hişam Ibn Məhəmməd Əbu Mixnəfdən, o da Abdullah İbn ƏbdürRəhman İbn Əbi Amr İbn Əbi Amra əl-Ənsaridən rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdən sonra Ənsarlar Bənu Səqifədə toplaşdılar və dedilər: Bu işi Məhəmməddən sonra Səəd İbn Ubadəyə həvalə edək. Bir nəfər qalxıb dedi: “Ərəblər sizə qılınc gücü ilə tabe olub, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə sizdən razı qalıb, sizinlə gözlərə işıq gəlir, yalnız siz bu işə layiqsiniz”. Yerdə qalanlar da dedilər ki, bəli sən çox düz buyurdun. Onlardan başqa biri dedi: “Əgər Qureyşli mühacirlər bununla razılaşmasalar onda onlara deyərik ki, bir rəhbər sizdən biri də bizdən olsun!” Bu zaman Səəd İbn Ubadə buyurdu: Bu ilk zəiflikdir! Sonra Ömər İbn əl-Xəttaba bəzi ənsarların Bənu Səəddə toplaşması və onların: “Sizdən bir rəhbər bizdən də bir rəhbər olmalıdır!” deməsi – xəbəri gəlib çatdı. (Bu xəbəri ənsarlardan bir nəfər çatdırmışdı.) Bunu eşidən Ömər Əbu Bəkrin yanına gəlib deyiləni xəbər verdi və oraya getməyi buyurdu. Əbu Bəkrlə Ömər yola çıxdılar və qarşılarına Əbu Ubeydə çıxdı və ona da bizimlə gəl dedilər. Üçü ənsarların yanına gəldilər. Ömər deyirdi: Mən öz-özlüyümdə bir söz deməyi fikirləşdim. Mən danışmaq istədikdə Əbu Bəkr mənə susmağı işarə etdi. Əbu Bəkr sözə başladı. Allaha həmd-səna etdi və sonra buyurdu: Allah Məhəmmədi göndərdi… (rəvayətdə Əbu Bəkrin uzun xütbəsini qeyd edir və orada həmçinin mühacirlərin hakimiyyətə daha layiq olmasını da qeyd edir).
Bundan sonra Hubbab İbn əl-Munzir dedi: Ey Ənsarlar! Siz öz dediyinizdən əl çəkməyin, insanlar sizin tərəfinizdə və kölgənizdədir. Heç kəs sizə müxalif olmağa cürət edə bilməz. İnsanlar yalnız sizin dediyinizlə durub-oturarlar. Siz həqiqətən izzətli və sərvətlisiniz. Sizin sayınız və gücünüz çoxdur. Əgər onlar sizin dediklərinizlə razı olmasalar onları öz torpaqlarınızdan sürgün edin. Allaha and olsun ki, siz ənsarlar hakimiyyətə onlardan daha layiqlisiniz. Çünki sizin qılıncınızla bu dinə tabe olmayanlar tabe olmuşlar. Mən bu işdə başqalarından daha layiqli və başaçanıyam.
Ömər və Əbu Ubeydə Əbu Bəkrə dedilər: “Əlini uzat sənə beyət edək (yəni xilafətini tanıyaq!)”. Onlar Əbu Bəkrə yaxınlaşmamış Bəşir İbn Səəd onlardan daha tez Əbu Bəkrə yaxınlaşıb ona beyət etdi. Bu zaman müdrik Useyd İbn Hudeyr qalxıb dedi: “Allaha and olsun ki, əgər Xəzrəc sizin üzərinizdə bir dəfə hakim olsa onlar sizdən daha üstün olacaqlar”[2].
Səəd İbn Ubadə dedi: “Allaha and olsun ki, əgər mənim qüvvəm olsaydı sən və sənin tərəfdarların mənim əlimdən Mədinənin hər tərəfində əziyyət çəkərdiniz. Allaha and olsun ki, indi səni sənin tabe olduğun adamlara qataram. Məni buradan aparın!”. Onu həmin məclisdən uzaqlaşdırıb evinə apardılar. Allah ondan razı olsun. Bir neçə gün evində tənha qaldıqdan sonra Allaha and içərək hər nə olursa olsun bu xilafətə tabe olmayacağını bildirdi. Səəd İbn Ubadə onların namazlarına qatılmaz, cammatla namaza durmazdı. Həcc edər amma onlarla birgə getməzdi. Səədin bu halı Əbu Bəkr həlak olana qədər davam etdi. Allah ona rəhmət etsin![3].
Bu rəvayət Əbu Mixnəfin Səqifə hadisəsi haqda olan rəvayətidir. İndi isə İmam Buxarinin (Allah ona rəhmət etsin!) bu hadisə haqda rəvayətini gətirək və müqayisə edək.
İmam əl-Buxari buyurur: İsmail İbn Abdullah, o da Süleyman İbn Bilaldan belə danışırdı ki, Hişam İbn Urva Urva İbn əz-Zubeyrdən o da Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşı Aişədən belə rəvayət etmişdir: “Peyğəmbər vəfat edəndə Ənsarlar Bənu Saidənin evində Səəd İbn Ubadənin başına toplaşıb: “Bir rəhbər bizdən biri də sizdən olsun” – deyirdilər. Əbu Bəkr, Ömər və Əbu Ubeydə onların yanına getdilər. Ömər danışmaq istədikdə Əbu Bəkr ona susmağı buyurdu. Ömər deyirdi: “Allaha and olsun ki, mən o zaman çox gözəl xoşuma gələn sözlər fikirləşmişdim. Qorxurdum ki, Əbu Bəkr birdən onları deməz. Ona görə birinci özüm danışmaq istəyirdim! Sonra Əbu Bəkr ən bəlağətli insan kimi danışdı və buyurdu: “Biz hakimlər siz isə vəzirlərsiniz”. Hubbab İbn əl-Munzir dedi: “Allaha and olsun ki, bunu etməyəcəyik. Bir rəhbər bizdən biri də sizdən olsun”. Əbu Bəkr buyurdu: “Xeyr, biz rəhbərlər siz isə vəzirlərsiniz. Qureyşilər ərəblərin ən yaxşı yerində yaşayanı, ən izzətli nəsəbdəndirlər”. İndi Ömərə ya da Əbu Ubeydəyə beyət edin!”. Ömər buyurdu: “Biz sənə beyət edirik. Sən bizim başçımızsan (seyidimizsən), ən xeyirlimizsən, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən sevimlimizsən. Sonra Ömər Əbu Bəkrin əlindən tutub ona beyət etdi, onun ardınca da hamı ona beyət etdi”[4].
Bu İmam əl-Buxarinin rəvayətidir. Göründüyü kimi bu rəvayət əvvəlkindən daha qısa və müxtəsərdir. Bu Bənu Səəd evində baş verənlərin həqiqətidir. Əbu Mixnəfin: Səəd İbn Ubadənin “Mən sizə qarşı döyüşəcəyəm deməsi, onlarla camaat namazı qılmaması, onlarla birgə həcc etməməsi, Hubbab İbn əl-Munzirin Əbu Bəkrə etirazı və s. – əlavələrinın hamısı batildir. Bənu Səəd evində olan toplantı heç yarım saatdan çox davam etməmişdir. Baxın görün Əbu Mixnəfin dediyi rəvayət olduğu həqiqətdən nə qədər uzundur.
Əbu Mixnəfin Səəd İbn Ubadə (Allah ondan razı olsun!) haqda dediklərinə cavab olaraq İmam Əhməd (Allah ona rəhmət etsin!) öz müsnədində Humeyd İbn Abdurrahmandan rəvayət etmişdir ki: Əbu Bəkr orada çıxış etdi və ənsarlar haqda deyilən bütün özəllikləri və üstünlükləri qeyd edərək buyurdu: “Siz hamınız bilirsiniz ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur ki: İnsanlar bir yolla, ənsarlar isə digər yolla getsələr, mən ənsarların getdikləri yolla gedərəm!” Ey Səəd sən də bilirsən ki, sən oturarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdu: “Qureyşilər bu işin rəhbərləridirlər. İnsanların ən yaxşıları onların (Qureyşilərin) yaxşılarına, pisləri də onların pislərinə tabedir” Bu vaxt Səəd dedi: Sən doğru buyurursan! Siz rəhbərlər biz isə vəzirlərik”[5].
Bu rəvayəti İmam Əhməd Müsnəd kitabında Humeyd İbn ƏbdürRəhman İbn Övfin rəvayətindən səhih mürsəl isnadla rəvayət etmişdir. Bu rəvayət mürsəl olsa da, Əbu Mixnəf kimi yalançıların rəvayətindən daha yaxşıdır.
1] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3467.
[2] Yəni, guya Usyed ibn Hudeyr bu sözləri xəzrəc qəbiləsindən olan Səd ibn Ubadəyə qarşı həsəd hissi keçirərək demişdir.
[3] Təbərinin Tarixi: cild 2, səh 455. Sitat müxtəsər formada nəql edilmişdir.
[4] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3467.
[5] Musnədi Əhməd: 1, 18. Əhməd Şakirin tədqiqatı.