‘Göyə çıxırmış kimi sıxılan qəlb’ | Quran möcüzəsi (Ənam, 125: qısa təfsir)
“Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman etməyənləri beləcə rəzalətə salar.” (Quran, 6/125)
Bu ayədə Uca Allah, bu mükafata layiq bildiyi hər bir insanın qəlbini doğrulara açacağını vəd etmişdir. Bunun nəticəsində həmin insan doğru yola yönəldilərək, İslamla şərəfləndirilər.
Bununla yanaşı, qeyd olunmuş ayədə bir təbiət qanununa da işarə edilir..
Göyə yüksəldikcə təzyiq azaldığına görə, həmin nisbətdə tənəffüs də çətinləşmiş olur. Hətta, iyirmi min metr yüksəklikdən sonra, xüsusi cihazlar olmadan insan nəfəs ala bilmir və ölür. İnsanlığın hələ uzaq olduğu bir elmi kəşfə yüzlərlə il öncə işarə etmiş bu ayə, Quranın Uca Yaradan tərəfindən nazil edilmiş haqq və son kitab olduğunu bir daha sübut edir.
Rəbbimiz məhz bu qanuna işarə edərək, İslamdan üz çevirənlərin köks/qəlblərinin – göyə qalxırmış kimi dar və sıxıntılı olacağını bildirmişdir. Şirk və küfrlə dolu qəlb, heç vaxt daimi rahatlıq içində ola bilməz.
Həqiqətən də İslam dini, insana qəlb rahatlığı verərək, dünya və axirət səadətinə müvəffəq edən ən böyük qüvvədir. Allaha həqiqi mənada iman edərək, buyurulan əməlləri yerinə yetirən hər bir kəs bunun əyani şahididir.
Ayxan Yaquboğlu (islamevi.az)