media-img_9142
Müasir insanlığın və paralel (virtual) dünyanın ən böyük meydanı olan sosial şəbəkələrin çılğın təbliğatının bizə aşıladıqları: “Daha çoxuna sahib olmalısan, daha çoxuna layiqsən, ancaq özünü düşün (yəni, eqoist ol), dözümlü olma, dərhal kəs at, narazı ol” və digər qorxunc şeylərdir. Dövrün gəncliyi bu düşüncələrlə yetişir və cəmiyyət tam fərqli simaya bürünür..
Halbuki, dünənin, bu günün və gələcəyin insanının möhtac olduğu həqiqi xoşbəxtlik – sahib olduqlarını dərk etməklə başlayır. Bu çağırışların nəticəsində insanlar saxta gözləntilər burulğanında boğulur, sahildə olan, şükür ediləsi saysız-hesabsız nemətləri görə bilmir..
Müdriklər deyərdilər ki:
“Bu 10 şey varsa, deməli sənin həyatında hər şey yaxşıdır:
1. Başının üzərində dam (yaşadığın ev) var.
2. Bu gün yemək yemisən.
3. Mərhəmətli qəlbə sahibsən.
4. Başqalarına pislik deyil, yaxşılıq arzulayırsan.
5. Təmiz suyun var.
6. Sənə qayğı göstərən, sənə dəyər verən biriləri var.
7. Pisə deyil, daha xeyirli olan şeylərə can atırsan.
8. Təmiz geyimin var.
9. Nəfəs alırsan.
10. Allaha möhkəm inamın var, buna görə də gözəl və xeyirli olana ümid edir, nə olursa olsun ümidini üzmürsən.

 

Bu kiçik görünən şeylər, əslində ən böyük nemətlərdir. Allahın bəxş etdiyi, bəzən heç önəm belə vermədiyimiz, bir çoxlarının möhtac olduqları o “sadə” nemətlərin sayı-hesabı yoxdur..
Uca Allah buna işarə edərək belə buyurur: “Əgər Rəbbinizin nemətlərini saymağa çalışsanız, onları sayıb qurtara bilməzsiniz.” (Quran, 16/18)
Allahın yaratdığı real dünyada doya-doya yaşa və virtual, real olmayan dünyanın çağırışlarına aldanma. Aldanmağa başladığın anlarda bu ayəni xatırla və sənə bəxş edilən nemətləri xatırlayaraq saymağa başla.. Sayıb qurtara bilməyəcək və Allaha şükr edərək səcdəyə qapanmaq istəyəcəksən.
Ayxan Yaquboğlu

Bənzər Məqalələr