media-img_9488
Qurani-Kərim, insanın daxili aləmini ən incə tərəflərinə qədər izah edən ilahi bir kitabdır. Tövbə surəsinin 127-ci ayəsində münafiqlərin – yəni iman iddiası edib, amma daxilində gizli küfr daşıyanların – vəhy qarşısındakı ikili davranışları təsvir edilir:
“Bir surə nazil ediləndə onlar (münafiqlər) bir-birinə baxar, ‘Bizi görən varmı?’ deyə (gizlicə) soruşar, sonra (sürətlə) çəkilib gedərlər. Allah isə onların ürəklərini çevirmişdir. Çünki onlar anlamayan bir tayfadır.”
(Quran, 9/127)
Ayədə deyilir ki, onlara bir surə nazil olunduqda, dərhal bir-birlərinə baxar, “Bizi görən varmı?” deyə narahatlıqla ətrafa nəzər salarlar. Çünki bilirlər ki, ayələrin bəzi hissələri onların iç üzünü açır. Bu həqiqətlə üzləşməkdən qorxur, nifaq pərdələrinin yırtılacağından ehtiyat edirlər. Ona görə də gizli işarələrlə bir-birlərini xəbərdar edir, fürsət tapıb yavaşca məclisi tərk edirdilər.
Bu, həm gülünc, həm də düşündürücü bir mənzərədir. Gülüncdür, çünki Allahın hər yeri görüb bildiyi halda, insan özünü gizlədə biləcəyini sanır. Düşündürücüdür, çünki bu vəziyyət, qəlbin haqdan tamamilə uzaqlaşmasının, qorxunun və daxili parçalanmanın əlamətidir.
İslam alimləri xəbərdarlıq edirlər ki, heç bir mömin özündə nifaq əlaməti olmadığını iddia etməməlidir. Çünki hər bir insanda nifaq təhlükəsi hər zaman mövcuddur. İbn Əbi Muleykənin rəvayət etdiyi kimi, bu mövzuda soruşulan – Allahın elçisinin ﷺ otuz səhabəsi nifaqa düşməkdən qorxardı. Onlardan heç biri, “Cəbrail və Mikail kimi kamil imana sahibəm” deməzdi. (Buxari)
Bu dərs bizə göstərir ki, Qurana və peyğəmbərimizin buyuruqlarına qarşı səmimi və təslimiyyətli olmaq, imanımızın qorunması üçün əsas şərtdir. Əgər insanlar Peyğəmbərin ﷺ gəlişini və Qurani-Kərimin nazil olmasının mənasınl dərk edə bilsəydilər, buna qarşı laqeyd qalmaz, tam təslimiyyətlə sarılar, hətta maddi və mənəvi olaraq özlərini bu yolda fəda edərdilər.
Yuxarıdakı ayə bizə həm münafiqlərin psixologiyasını, həm də Allaha iman etdiyini deyən edən kəsin özünü daim yoxlaması gərəkdiyini öyrədir. İman yalnız dildə deyil, qəlbdə və əməldə sabit qaldıqda həqiqi olur. Ona görə də insan, gizli və açıq – bütün halları ilə Allahın onu gördüyünü unutmadan yaşamalı, nifaqdan qorunmaq imanında səmimi olmalıdır.
Ayxan Yaquboğlu

Bənzər Məqalələr