Müsəlman – faydalı və uğurlu bir insandır. Ən böyük hədəfi əbədi həyat olan bu insan, dünyada da uğur sahibidir. Acizlik və pessimizm – onun ən çox uzaq olduğu şeylərdir. Həyatda uğur əldə etmək üçün əsas beş qanunu qeyd edə bilərik:

 

1. Güzgü qanunu.

Məni əhatə edən insanlar – mənim güzgülərimdir. Onlar mənim şəxsiyyətimin xüsusiyyətlərini əks etdirirlər, hansı ki, mən heç özüm o xüsusiyyətləri bəzən dərk etmirəm. Bu haqda Peyğəmbərimiz (ona Salam olsun) demişdir: “Mömin möminin güzgüsüdür!” (Əbu Davud). Həqiqətən də mömin möminin güzgüsüdür. Çünki müsəlman qardaşın, eyiblərini sənin üzünə söyləyər, əsla arxanca danışmaz! Bir xəta görərsə, bildirər, doğru yol göstərər, özünə istədiyi xeyri sənə də istəyər. Buna görə də, özümüzə güzgü ola biləcək insanları seçməli və onların tənqidlərini gözəl şəkildə dəyərləndirməliyik.

 

2. Seçim və məsuliyyət qanunu.

Mən başa düşürəm və dərk edirəm ki, həyatımda baş verən hər şey – mənim öz şəxsi seçimlərimin nəticəsidir. Mən bütün bu seçimləri öz emosiyalarıma və duyğularıma, öz düşüncəmə əsaslanaraq etmişəm. Ona görə də heç kəsi heç nədə ittiham etməyin, heç kəsi günahkar görməyin, məsuliyyəti öz üzərinizə götürün. Allahın yaratdığı Qədər (tale) çərçivəsində, öz seçimlərimizdə sərbəstik. Uca Allah qazandığımız uğurları/xeyirləri “..etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik..” (Nəhl, 97). – sözlərilə, başımıza gələn çətinlikləri isə “Sizə üz verən hər bir müsibət, öz əllərinizlə qazandığınız günahların ucbatındandır!..” (Şura, 30). – sözlərilə izah etmişdir.

 

3. Səhv etmə hüququ (günahkarlıq).

Mən öz düşüncə, mühakimələrimin və qərarlarımın qüsurlu ola bilməsini qəbul edirəm. Həmişə haqlı olmaq iddiası gec-tez insanın şəxsi fəlakətinə gətirib çıxarır. Kim ki, dəlicəsinə heç bir tərəddüd etmədən öz dünya obrazına inanırsa, o, real dünyanı görmür. Çünki, hər bir insan xətakardır/günahkardır. Bu, insan üçün fiziki/fitri bir qanundur. Əsas olan, o xətalardan dərs çıxarmaqdır. Peyğəmbərimiz (ona Salam olsun) demişdir: “Hər bir Adəm oğlu xəta edəndir, ən xeyirli xəta edənlər tövbə edənlərdir.” (Musnəd). Lakin, bu o demək deyildir ki, Allah qullarından günah etmələrini istəyir və ya bunu sevir. Lakin Allah sevir ki, qulları günah işlədikdə, xətalarını anlasınlar və Ona tövbə edərək bağışlanma diləsinlər.

 

4. Uyğunluq qanunu.

Mən məhz uyğun olduğum (layiq olduğum) nemətlərə sahibəm, istər bu şəxsi münasibətlər olsun, istər vəzifə, istərsə də pul. Ona görə də mənim bütün iradlarım, etirazlarım əhəmiyyətsizdir. Allahın bəxş etdiyi nemətlərə qarşı naşükürlük və digər insanlara qarşı həsəd duyğusu, insanı həlak edən xəstəliklərdir. Əlində olmayanlara deyil, əlində olanlara bax və Uca Allahın bu sözlərini unutma: “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Nəhl, 18).

 

5. İştirak qanunu.

“Burada və indi”. Keçmiş yoxdur, çünki o, artıq gedib. Gələcək yoxdur, çünki o hələ gəlməyib. Keçmişə bağlılıq depressiyaya gətirib çıxarır, gələcəklə bağlı qayğılar isə narahatlığı və həyəcanı artırır. Böyük alim Həsən əl-Basri demişdir: “Dünya üç gündür. Biri – dünən idi və o geri qayıtmayacaq. Biri – sabahdır, onu yaşayıb görəcəyinə ümid yoxdur. Sənin bir günün var, o da bu gündür! Elə isə, ondan doğru şəkildə istifadə et!”

Həqiqətən də insanın öz hədəf və yolunu doğru seçməsi (həmçinin, doğru yerdə olması) ən əsas amildir. Bundan sonra isə, hərəkətə keçmək və çoxlu çalışmaq lazımdır. Necə deyərlər: “Üstün həyəcanınız, üstün bir düşünmə və plan qurmaya çevrilsin.” (Winston Churchill). Bir müsəlmanın ən üstün çalışması – əbədi həyatı və Allahın razılığını qazanmaq adına gözəl bir həyat yaşamaq və ümumiyyətlə – hədəflədiyi hər bir işdə uğur qazanmaq üçün olmalıdır.

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

  Həcc – möhtəşəm bir ibadətdir və Peyğəmbərimizin buyurduğu kimi ‘Allah tərəfindən qəbul olunmuş həcc’in mükafatı yalnız Cənnətdir’. Müxtəlif simvolik əməlləri özündə cəm edən bu ibadət, böyük bir mənəvi məktəbdir.. […]
Daha ətraflı