İFTAR NƏYƏ GÖRƏ XURMA İLƏ AÇILIR? (elmi əsaslar)
Oruc – Allahın ən sevdiyi əməllərdən biridir. Oruc tutan adam, təkcə mədəsini deyil, gözlərini, qulaqlarını və digər orqanlarını da yalnış işlərlə məşğul olmaqdan qorumalıdır. Bu mövzuda digər yazılarımızda ətraflı məlumat verməyə çalışmışıq.
Uca Allah, oruc tutan insanı çox sevir və onun dəyərini ucaldır. Buna görə də, oruclu insanın iftar açarkən öz sağlamlığına diqqət yetirməsini istəyərək, yeyiləcək qida vasitələrini belə ona izah etmişdir. Müasir elm bir çox şeyi yenicə kəşf etsə də, Uca Allah Öz əzəli və əbədi Elmi ilə, insanlar üçün bir çox faydaları, əsrlər öncə bildirmişdir. Uca Allah bəndələrinə qarşı çox şəfqətli və rəhmlidir.
XURMA.. 🫘
Quranda adı çəkilən üç meyvədən biri olan xurma, ərəb dünyası üçün “səhra çörəyi” simvoludur.
Əziz Peyğəmbərimiz ﷺ Ramazan ayında iftarını xurma ilə açar və mümkün olduğu qədər sahur və iftarda xurma yeyilməsini tövsiyə edərdi.
Təbii şirniyyat olan xurma, insana güc verir, habelə böyrək, ürək və qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda olan faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən daha çoxdur.
Xurmanın tərkibi: şəkər, zülal, karbohidrat, dəmir, maqnezium, fosfor, A, B1 və B2 vitaminləridir. Orucun su və xurma ilə açılması, saatlarla ac olan beyin, mədə və bağırsaqların işə hazırlanması, özünə gəlməsi üçün ən ideal variantdır. Məhz xurma, bağırsaqları və ümumilikdə selikli qişanı iftar zamanı yemək qəbuluna hazırlayır, normal fəaliyyət göstərməsinə kömək edir. Xurma damarları yumşaldır, sinir hüceyrələrini lazım olan qlükoza ilə təmin edir. Xurma qəbizlik, həzm pozğunluğu, ürək bulanma, iştahasızlıq kimi problemlərə də ən ideal çözümdür.
Xurma antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır. İnsan ac olarkən, orqanizm təmizləndiyinə görə dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya ilə dolu ərp yaranır. Əgər insan başqa qida vasitələri ilə iftarı dərhal açarsa, bu toksin maddələr orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur. Lakin xurma və su, bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə də, əsrlər keçsə belə xurma – iftar süfrəsindəki öz şah yerini qoruyub saxlayır.
Həqiqətən də, Allah və Onun peyğəmbərinin bizlərə vermiş olduğu tövsiyələrdə çox böyük hikmət və möhtəşəm faydalar vardır.
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” (Quran, 2/185)