media-img_2761
İnsan çox vaxt Rəbbini düzgün tanımır. Onun gücünü də, səxavətini də layiqincə dərk etmir. Bəzən nəyisə mümkünsüz görür, dar çərçivədə düşünür. Amma Quran insana xatırladır ki, Allahın qüdrəti ölçüyə sığmaz və hər şeyin xəzinəsi Onun yanındadır.
Uca Allah nəzərdən qaçırdığımız, amma insanlıq üçün həyati əhəmiyyətli olan nemətlərə işarə edərək belə buyurur:
“Yer üzünü yaydıq (döşədik), orada möhkəm dağlar yaratdıq və hər şeyi (əkin və bitkiləri qüsursuz bir) ölçü ilə bitirdik. Orada (həyat sürəsiniz deyə) sizin üçün dolanışıq vasitələri və ruzisini sizin vermədiyiniz varlıqlar yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir) Elə bir şey yoxdur ki (!),  onun xəzinələri Bizim yanımızda olmasın; Biz onu yalnız müəyyən ölçü ilə (lazım olduğu qədər) endiririk. Biz küləkləri göndərdik, (küləklərin gətirdikləri buludlar vasitəsilə) göydən su endirdik və onu sizə içirdik. Onun xəzinədarları siz deyilsiniz (o buludları yığıb saxlaya, depolaya bilməzsin) (Hicr surəsi)
Yuxarıdakı ayələrdə küləklərin dölləndirici olaraq göndərildiyi ifadə edilmişdir. Bu gün elmi tədqiqatlar yağışın yağmasında küləyin böyük rol oynadığını, eyni zamanda külək əsərkən bitkilərdə də onun vasitəsilə tozlanma getdiyini isbat etmişdir. Quran bu elmi işarəni əsrlər öncə vermişdi.
“Həqiqətən, dirildən də Bizik, öldürən də Bizik. Hər şeyə varis olan da Bizik. Şübhəsiz, Biz sizdən əvvəl gəlib-gedənləri də, (bundan sonra qiyamətə qədər) kimlərin gələcəyini də bilirik.” (Hicr surəsi)
Nə istəsən, hamısı xəzinə halında Allahın mülküdür. Qəlbində arzuladığın təkcə o “mümkünsüz” şey deyil, həmin şeyin – xəyal belə edə bilməyəcəyin daha da gözəl formalarından Allah dərgahında xəzinə-xəzinə var. İstəsə verər, istəsə saxlayar. Xeyirli şeyləri istəməkdən və ya səbrlə israr etməkdən üz döndərmək böyük bir məhrumiyyətdir…
Elə isə Rəbbini düzgün tanı. Kimdən istədiyini bil. Kimə əl açdığını, necə bir Rəbbə boyun əydiyini dərk et. Allahı tanıyan, Onu tapan, duanın, imanın və Ona boyun əyməyin mənasını dərk edən, həyatın ləzzətini də tapmışdır.

Ayxan Yaquboğlu

Bənzər Məqalələr