İnsanların təzyiqindən yaxa qurtara bilməzsən..
Qurani-Kərim hər dövrdə yaşayan insana, onun keçirdiyi hisslərə uyğun şəkildə xitab edir. Orada bəhs olunan hekayələr və nümunələr yalnız keçmişə aid deyil — insanın hər zaman var olacaq təbiətinə uyğundur.
Çünki 14 əsr öncə insan sevgi, nifrət, təkəbbür və digər hislər qarşısında nə duyurdusa, bu gün də eyni duyğular içindəyik. Sadəcə formalar dəyişib. O dövrdə birinin on dəvəsi olanda təkəbbür hissi yaranırdısa, indi on avtomobili olan eyni duyğunu keçirir. Əşyalar dəyişib, amma hisslər eyni qalıb. Fironluq barədə də bir xislət və xarakter olaraq bəhs olunmuşdur.
Bəzən insanlar elə qəribə tələblər irəli sürürlər ki, adam başını itirir, manipulyasiyanın qurbanına çevrilir. Narsist və cahil yanaşmalar bəzən insanı o qədər yaralayır ki, insan öz xeyirli işlərindən, doğru yolundan belə vaz keçmək istəyir, təzyiqlər qarşısında gücü zəifləyir.
Quranda Allah bu vəziyyəti çox incə bir nümunə ilə açıqlayır. İslamı qəbul etməyən müşriklər Peyğəmbərə ﷺ qarşı güclü psixoloji təzyiqlər göstərirdilər. Hz. Muhəmməd də ﷺ bir insan olaraq sarsılır, bəzən ruhən çətinliklər yaşayırdı. Allah bu halı belə təsvir edir
“Onların: ‘Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?’ – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq…” (Quran, 11/12)
Uca Allah burada insanların hər cür psixoloji təzyiq göstərə biləcəyinə, şərin həmişə xeyirə qarşı mübarizədə bütün vasitələrdən istifadə edəcəyinə işarə edir. Ayədə Peyğəmbərin ﷺ keçirdiyi sarsıntıya toxunaraq buyurur ki, “az qala sənə gələn vəhyin bir hissəsini tərk edəcəkdin. Onların inkarı, inadkarlığı və möcüzə istəmələri səni bəlkə də sıxıntıya salır. Sən, onlara ağır gələcəyindən qorxaraq, Allahın sənə buyurduqlarından bəzilərini təbliğ etməkdən çəkinmək istəyə bilərsən və ürəyində daralma hiss edə bilərsən.”
Bu ifadə göstərir ki, insan — hətta Allahın elçisi də olsa — bəzən insanların manipulyasiyası və “linçi” qarşısında çaş-baş qala bilər. Qəlbi daralar, ruhən sıxılar, bəzən depressiv hallara düşə bilər. Bu, insan təbiətinin bir parçasıdır. Heç kim özünü “biləyi bükülməz” hesab etməməlidir. Çünki qüvvət və güc yalnız Allaha məxsusdur və insan daima Ondan yardım diləməyə möhtacdır.
Ayənin davamında Uca Allah buyurur: “…Sən ancaq insanları xəbərdar edib (Allaha üsyan etdikləri halda əzabla) qorxudansan. Allah isə hər şeyə Vəkildir (Qoruyandır, yoluna qoyandır).” (Quran, 11/12)
Burada Allah Peyğəmbərinə ﷺ insan olduğunu xatırladır. Yəni: “Onlar deyirlər: “Niyə ona (Muhəmmədə ﷺ) bir xəzinə endirilmədi, yaxud onunla bir mələk gəlmədi ki, dediklərini təsdiq etsin?” Amma sən, bu kimi sözlərə görə Allahdan gələn vəhyi tərk etmə.Sənin vəzifən yalnız xəbərdar etmək və Allahın əmrlərini təbliğ etməkdir. Onların istədiyi möcüzələri göstərmək sənin üzərinə düşmür. Çünki Allah hər şeyi qoruyandır və hər bir işə nəzarət edəndir. Sən insansan və zəifsən. Sənin vəzifən Mənim dediklərimi insanlara çatdırmaqdır. Özünü çox yükləmə — Mən özüm hər şeyi yoluna qoyacağam.”
İnsan anlamalıdır ki, o zəif yaradılmış bir məxluq olan insandır. Buna görə də öz gücünə həddən artıq güvənməməlidir. O, daim Rəbbindən yardım diləməli, möhtac olduğunu dərk etməlidir.
Bu mesaj təkcə Peyğəmbərə ﷺ deyil, bütün insanlara yönəlib. Çünki insanın imtahanı insanladır. O, başqalarının təzyiqi, haqsızlığı, cahilliyi, bəzən isə xəyanəti ilə sınağa çəkilməkdən yaxa qurtara bilməz. Qarşısındakı insan da nəfs daşıyır, eqoistdir. Buna görə də hər kəs bu reallığı zehninə həkk etməlidir ki, belə hallarla qarşılaşdıqda sarsılmasın və tək dostunun Allah olduğunu dərk etsin. Allahın pislik edənlərə möhlət verməsinə də aldanmasın.
Quran bu ayələr vasitəsilə bizə çox incə, dərin nüansları çatdırır: İnsana yol göstərir, dayaq olur və həyatına işıq salır.




