İNSANLARIN XƏYANƏTİNƏ ƏNGƏL OLACAQ 14 SƏBƏB
Hər insana güvənərək, ona sirləri demək, həyatının hər bir sahəsinə daxil etmək, müsəlman üçün bağışlanılmaz xətalardan hesab olunur. Çünki, həmin insanın etdiyi xəyanət zamanı ortaya çıxan fitnələr çox ağır olur və insanı bəlkə də illərlə peşman edir. Düşünmə ki, “mən insanları tanımaqda mütəxəssisəm”, elə ən çox xəyanətə məruz qalanlar da bəzən mütəxəssilər olur..
O zaman nə edək? İnsanları necə tanıyaq?..
Bunu bir neçə bənddə izah edək:
1. Zamana burax, zamanla tanımağa çalış, tələsmə. Ayda bir dəfə çayxanada çay içdiyiniz bir nəfər öz qüsurlarını sizdən gizlətmək üçün dişini sıxa bilir. Lakin mütəmadi görüşdüyünüz, bir müddət bərabər qaldığınız insanların bunu edə bilməsi o qədərdə asan deyil. Vərdiş halına gəlmiş mənfi əməllərdən uzun müdət ayrı qalmaq onlar üçün çətin olur.
2. Bəzən hər hansı bir məkanda, həmin insanı tanıyacaqsınız. Həqiqətən də, insanların yetişdiyi məkanların əxlaqlarına, şəxsiyyətlərinə ciddi təsir etdiyi təcrübəylə sabit olan bir faktdır. Hətta məşhur İslam sosioloqu İbn Xaldun, “əl-Muqəddimə” adlı əsərində bu barədə xüsusi bir bölüm açmışdır. İnsanların yetişdiyi mühitin onlara təsiri, Qurani Kərimdə də vurğulanan bir həqiqətdir.
3. Dini şüarlara dərhal aldanma, müşahidə et! İnsanlar hər dövrdə öz məqsədlərini dini pərdələr altında gizlətmişlər. Səhabə zamanında belə sevdiyi qadın üçün “Hicrət” edən kimsələr vardı. Sevdiyi qadının bunu tələb etməsi üzrə Mədinəyə “hicrət” edən adam, səhabələr arasında “Ummu Qaysın mühaciri” (Ummu Qays üçün hicrət edən/köçən) ləqəbiylə tanınırdı. Hətta “Əməllər niyyətlərə görədir…” hədisinin bu səbəblə varid olduğu söylənmişdir.
4. İnsanların davranış tərzindən, zahiri görkəmlərindən nəticə çıxarın. İnsanların özləri haqda ortaya qoyduğu bilgilər iki qisimdir. Özlüyündə ortaya qoyduqları və bizim sınayaraq ortaya çıxmasına səbəb olduqlarımız.
Elədiyi hər məsuliyyətsizliyi “haqqını halal et”, edəcəyi hər məsuliyyətsizliyi isə “inşa Allah”deyərək sığortalayan, onu bu davranışına görə qınadıqda isə sizi Allahla üz üzə qoyaraq, “Allah izin verərsə” dediyini xatırladan “sığorta əhli” insanlardan uzaq durun. Bir kimsə ona yaxşılıq edən birini sataraq sizin yanınıza gəlibsə, sizi istifadə etdikdən sonra sizi də satacaq. Çünki, nemətlərə qarşı nankor olmaq belə kimsə üçün artıq bir xislətə çevrilmişdir…
Detallara fikir verin! İnsanlar kiçik işlərdə necə varlarsa, böyük işlərdə necə lazımdırsa elə davranarlar.
5. İnsanları sınayaraq əlavə məlumatlar əldə etməyə çalışın. Təcrübənizə əsaslanaraq, “bu, artıq güvənilir insandır” hissindən əmin olana qədər sınayın, hər şey (ya yaxşı, ya da pis mənada) yavaş-yavaş ortaya çıxacaqdır.
6. İnsanların keçmişiylə maraqlanın. Münasibət quracağınız, tanımaq məcburiyyətində olduğunuz insanların dəyərləndirilməsində ən önəmli qaynaqlardan biri, onların keçmişidir. Bu məsələni boş vermək olmaz.
7. İnsanların ətrafını araşdırın. Həqiqətən də bir çox insan, özünü olduğundan fərqli göstərməyə çalışır. Belə kimsələr adətən toplum içində tək olarlar. Kimsə onların ailələrini, dostlarını, yaxınlarını tanımaz. Keçmişi və ətrafı bilinməyən kimsələrin özlərini fərqli tanıtması çox asandır.
Münasibətdə olduğunuz insanları fərd olaraq deyil, ətrafıyla bərabər tanıyın. Beləliklə qarşınızdakının özünü fərqli təqdim etmə ehtimalı ciddi şəkildə azalar.
8. İnsanlarla yaxınlığınız etaplı/mərhələli formada olsun. Adətən bizlər insanlara bir qədər güvəndikdən sonra onlar üçün qapıları sonuna qədər açırıq. Münasibətdə olduğumuz insanlar hər şeyimizə vaqif olur. Daha sonra onları yanlış tanıdığımızı anladıqda uzaqlaşdırmaq, qoparmaq çox çətin və ağrılı olur. Belələri dərinə kök atmış ağac kimi, dağıdaraq çıxarıla bilir…
9. Özünüzü güclü deyil, zəif kimi göstərin. Çünki, pis niyyətli insanlar, qarşısındakı ağıllı, təcrübəli biridirsə, onunla oynamaq üçün daha dərin rollara bürünər, qapanar və ehtiyatlı davranarlar. Yox əgər qarşıdakının zəif bəsirətli biri olduğunu düşünərlərsə, daha rahat olar, ehtiyatı əldən verərlər… Bu halda ifşa edilmələri daha asan olar.
10. İnsanları müxtəlif dəyərlərə görə sinifləndirin. Ətrafınızdakı mənfəətçiləri, fasiqləri, sizi istifadə etməyə çalışanları tanıyın. İslamın ən seçkini olan səhabələr belə, öz aralarında Mühacir, Ənsar, Tuləqa, Utəqə, Bədəvilər şəklində ümumi sinifləndirməylə yanaşı, Bədr əhli, Uhud əhli, Ridvanilər və bənzəri adlarla daha detallı sinifləndirməyə tabe tutulmuşdular.
11. Sözə deyil, əmələ baxın. Çünki, söz söyləmək əziyyət və səbir tələb etmir. Söz-əməl uyuşmasını test edin!
12. Zahir və batin uyuşmasına diqqət edin. Hətta Peyğəmbərlər belə zahirən insanları tam tanıya bilməmişlər. Bu səbəblə də, Allahın elçisi (ona salam olsun) dəfələrlə xəyanətə məruz qalmış, səhabələri öldürülmüş, vəhy katiblərindən mürtəd olanlar olmuşdur…
Bu sifətlər kimlərə məxsusdur? Əlbəttə ki, münafiqlərə.. Günümüzdə onlara bənzəyənlər çoxdur, elə deyilmi? Uca Allah bir ayəsində, münafiqlərin öz zahirlərini bəzəməkdə necə usta olduqlarına, hətta Allahdan vəhy alan Hz. Peyğəmbərin belə bəzən onlara aldandığına diqqət çəkərək, onların düşmən olduğunu vurğulayır:
“Sən onları gördükdə cüssələri xoşuna gəlir. Danışdıqları zaman sözlərinə qulaq verirsən. Sanki söykədilmiş dirəklərdir. Onlar hər səs küyü öz əleyhlərinə sanarlar. Onlar düşməndir! Onlardan qorun!…” (Munafiqun, 4)
13. Günümüzün reallıqlarını nəzərə alaraq, sosial şəbəkələr vasitəsilə də insanları test etmək mümkündür. Bəzən şəxsi səhifələr – iş yoldaşları, qohumlar və başqa qruplarla da əlaqəli olduğu üçün, insanın həqiqi kimliyini ört-basdır etməsi çox çətin olur.
14. Bəzən lənətləşmə kimi metodlar da işə yaraya bilər. Çünki, ən azından bunun psixoloji təsiri də həmin insanda hiss oluna bilər. Lakin unutmamalıyıq ki, and və lənətləşmə hər zaman qəti nəticələr verməz. Bunlar sadəcə bir tədbirdir. Qarşı tərəfdə üzərinə lənət almayacaq qədər iman və Allah qorxusu olduğu zaman səmərəsi görülər… Rahatlıqla yalandan and içən, üzərinə lənət tələb edən neçə neçə münafiqlər vardır. Bu baxımdan fayda alacağımız nöqtə, kiminsə lənəti qəbul etməsi deyil, lənətləşməkdən və ya anddan qaçmasıdır..
Qeyd etdiklərimiz, Quran, etibarlı hədislər və həyati təcrübələrdən ortaya çıxarılmış önəmli məsələlər idi. Bu siyahını daha da genişləndirmək mümkündür. Sözün özü: İnsanları vaxtında tanıyaq ki, sonradan ağır xəyanətlərlə sarsılmayaq..
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!