featured-image-3712

İslam dininə görə insanlar bir-biri ilə zarafat edə bilər. Zarafat zamanı bəzi şərtlər tələb olunur. Zarafat etdikdə yalan danışmaq, qorxutmaq, aldatmaq, kiminsə eyibini açmaq, fiziki qüsurlarını özünə demək, real olmayan məsələlərdən zarafatlaşmaq həm bəyənilmir, həm də dinimizdə qadağan olunub.

Biz islamı yaşadıqda özümüzə ancaq bacardığımız qədər Allah Rəsulunu (ona və ailəsinə salam olsun) örnək götürməliyik. Zarafat məsələsində də onu örnək götürmək bizim üçün faydalıdır. Gəlin bununla bağlı peyğəmbərin həyatında baş verən bəzi hadisələrə diqqət edək.
Əbu Hüreyrə (Allah ondan razı olsun) deyir: “Səhabələrdən bir neçəsi: “Ey Allahın elçisi! Sən bizimlə zarafatlaşırsan!” dedilər. Peyğəmbər onlara belə buyurdu: “Buna şübhəniz olmasın ki, zarafat da olsa mən yalnız haqqı (həqiqəti, doğru olanı) söyləyirəm!” (Tirmizi, Birr 57).
Ənəs (Allah ondan razı olsun) deyir: “Bir şəxs Peyğəmbər səlavatüllahın yanına gələrək: “Ey Allahın elçisi! Məni bir dəvəyə mindir!” dedi. Peyğəmbər səlavatüllah da: “Mən səni dəvənin balasına mindirəcəyəm!” dedi. Həmin şəxs: “Ey Allahın elçisi, mən dəvə balasını nə edirəm, axı ona minmək olmur” dedikdə Peyğəmbər səlavatüllah: “Görəsən dəvəni dəvədən başqa bir məxluqmu dünyaya gətirib?” buyurdu” (Tirmizi, Birr 57). Burada Allah Rəsulu həmin şəxslə zarafatlaşıb. Çünki hamı bilir ki, dəvəyə minmək mümkün olsa da onun balasına minmək olmur (Əbu Davud, Ədəb 92).

Ənəs (Allah ondan razı olsun), Rəsulullahın (ona və ailəsinə salam olsun) ona: “Ey Zül-üzüneyn ( yəni ey iki qulaqlı)” deyə müraciət etdiyini, bu sözüylə ona zarafat etdiyini rəvayət etmişdir” (Tirmizi, Birr 57; Əbu Davud, Ədəb 92).
Useyd bin Hudeyr (Allah ondan razı olsun) rəvayət edir: “Ənsardan yumorist bir şəxs var idi. Bir gün yenə adəti üzrə danışıb yanındakıları güldürərkən Rəsulullah (səlavatüllah) əlindəki çubuğu zarafatca həmin şəxsin böyrünə vurdu. Həmin şəxs dərhal: “Ey Allahın elçisi canımı incitdiniz. İcazə verin qisas alım!” – dedi. Peyğəmbər səlavatüllah da: “Hə qisas al!” – buyurdu. Həmin şəxs: “Axı əynində köynək var, mənim əynimdə köynək yox idi (yəni qisası olduğu kimi almaq üçün köynəyinizi çıxarmalısınız)!” dedi. Həmin şəxsin tələbindən sonra Peyğəmbər səlavatüllah köynəyini qaldırıb böyrünü açdı. Həmin şəxs, Rəsulullahı qucaqlayıb böyrünü öpməyə başladı və: “Mən bunu arzu etmişdim ey Allahın elçisi!” — dedi” (Əbu Davud, Ədəb 160).
İbn Əbu Leyla deyir: “Rəsulullah əleyhissalatu vəssəlamın səhabələri – Allah onların hamısından razı olsun – bizə rəvayət etdiklərinə görə, onlar bir səfərdə idilər. Bir əyləmə yerində içərlərindən biri yatarkən, yoldaşı gedib ipini götürür. Oyandıqda ipini tapa bilməyən şəxs onu itirməsindən qorxur. Vəziyyətdən xəbərdar olan Peyğəmbər səlavatüllah: “Bir müsəlmana digər müsəlmanı qorxutmaq halal olmaz!” buyurur (Əbu Davud, Ədəb 93).
Abdullah ibn Sabit ibn Yezid ibn Saib atasından, babası Yezid ibn Saibdən (Allah onlardan razı olsun) rəvayət edir: “Rəsulullah səlavatüllah buyurdu: “Sizdən biri nə zarafat, nə də ciddi olaraq qardaşının dəyənəyini götürməsin. Kim qardaşının dəyənəyini götürmüşsə dərhal özünə qaytarsın” (Əbu Davud, Ədəb 93; Tirmizi, Fitən 3).

Əkrəm Həsənov (ilahiyyatçı).

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı