Nəfsə qarşı!
Biri var idi, biri yox idi, Ayaz adlı bir kölə var idi. Bir gün bu kölə Sultan Mahmudun köləsi olur.Sultan, köləni gözəl xarakterinə görə çox sevir. Bu kölə Sultanın elə etibarını qazanır ki, bütün sultanlığın xəzinəsi ona etibar
edilir. Bu vəziyyəti görən saray sakinləri isə çox narahat olurlar. Qarınlarındakı qurdlar onlara gecə rahat yatmağa imkan vermir. Bir kölənin saray xəzinədarı olmasını həzm edə bilmirlər.
Bu düşüncələr icində saray adamları Sultanın gəzdiyi, keçdiyi hər yerdə kölənin əleyhinə danışmağa başlayır ve bununla Sultanın gözündən salmağa çalışırlar. Bir gün Sultanın hüzurunda bir saray sakini digərinə deyir:
“Kölə Ayazın tez-tez xezinəyə getdiyini bilirsən? Onun qızılları oğurladığına adım kimi əminəm.”
Sultan qulaqlarına inanmır, bunu öz gözləri ilə görmək istəyir. Divara kiçik deşik açdırır və baş verənləri seyr etməyə başlayır. Görür ki, kölə səssizcə xəzinəyə gəlir, qapını arxadan bağlayır və sandıqlara doğru gedir.
Sandıqların birini açıb içindən boxça cıxarır. Boxçanı açır və içindən kölə olarkən geydiyi cırıq-cındır paltarı çıxararaq aynanın qarşısına keçir.
Öz-özünə “əvvəllər bu paltarı geyindiyin günləri xatırlayırsan? Bir heç idin
sən!…” – deyir.
Olsa-olsa bir satışa çıxarılan kölə idin. Allah sənə Sultanın əli ilə bəlkə də heç layiq olmadığın nemətləri verdi. Heç zaman haradan gəldiyini unutma! Çünki, mal-mülk insanın hafizəsini zəiflədir, unutqanlığa səbəb olur.
“Indi sən də, imkanca səndən aşağı olanlara yuxarıdan aşağı baxma. Daima xatırla Ayaz, daima!”-deyib, sandığı bağlayir ve səssizcə qapıya yaxınlaşır. Xəzinədən cıxarkən birdən Sultanla üz-uzə gəlir. Sultan gözlərini Ayaza zilləyib
dayanır, gözlərindən yaşlar axir, danışmaqda cətinlik cəkir.
Sultan Mahmud: “Bu günə qədər qızıllarımın xəzinədarı idin, amma indi…qəlbimin
xəzinədarısan. Mənə mənim də qarşısında bir heç olduğum Sultanımın hüzurunda necə davranmalı olduğumu öyrətdin.” – deyir.
————-
Tamilla Mirzoyeva