SƏBƏ QÖVMÜNÜN DƏRSİ: NEMƏTƏ NAŞÜKÜRLÜK VƏ SON (yolların uzanmasını istədilər və həlak oldular)
Tarix boyu bir çox millətlər Allahın onlara verdiyi nemətlərin qədrini bilməmiş və nəticədə cəzaya düçar olmuşlar. Qurani-Kərimdə bu cür xalqlardan biri kimi Səbə qövmü də təsvir edilir. Onlar bolluq və firavanlıq içində yaşadıqları halda, şükür etmək əvəzinə naşükürlük etdilər, nəticədə isə məhv oldular.
Səbə qövmü kim idi? Səbə qövmü indiki Yəmən ərazisində, Marib şəhərində yaşayan güclü bir sivilizasiya idi. Tarixçilər bu qövmü inkişaf etmiş, ticarətlə məşğul olan və mühəndislik sahəsində böyük nailiyyətlər əldə etmiş bir xalq kimi təsvir edirlər. Bir çox hekayədən oxumuş olduğumuz məşhur kraliça Bilqeysin (Makida) hökmranlıq etmiş olduğu Səba’nın ən böyük uğurlarından biri Marib bəndi idi. Bu bənd sayəsində su qaynaqlarını nəzarətdə saxlayır, münbit torpaqlar və məhsuldar bağlar əldə edirdilər.
Allah onlara rahat həyat, təhlükəsiz ticarət yolları və bir-birinə yaxın olan gözəl şəhərlər bəxş etmişdi. Quranda onların iki böyük bağçası olduğu və bol məhsul yığdıqları bildirilir:
“Səbə xalqının yaşadığı yerdə bir-birindən sağda və solda yerləşən iki bağça vardı. (Onlara belə dedik:) ‘Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin! Gözəl bir məmləkətiniz və Bağışlayan bir Rəbbiniz var.’” (Quran, 34/15)
Bu ayə Allahın onlara verdiyi nemətləri və onlardan gözlənilən şükür borcunu vurğulayır. Lakin Səbə xalqı bu nemətlərin qədrini bilmədi.
Səbə qövmünün ən böyük yanlışlarından biri Allahın onlara verdiyi rahatlığı dəyərləndirməmələri oldu. Quranda bu hadisə belə izah edilir:
“Onlar isə dedilər: ‘Ey Rəbbimiz! Səfərlərimizin arasını uzaqlaşdır!’ və bununla özlərinə zülm etdilər. Biz də onları əfsanələrə çevirdik və darmadağın etdik. Həqiqətən, bunda çox səbir edən və çox şükür edən hər kəs üçün ibrətlər vardır.” (Quran, 34/19)
Burada “səfərlərin arasını uzaqlaşdır” ifadəsi onların təhlükəsiz və qısa səfərlərdən şikayət etdiyini göstərir. Bu, iki cür izah edilir:
- Ticarət yollarının uzun olmasını istədilər ki, daha çox sərvət qazansınlar.
- Allahın onlara verdiyi rahatlığı bəyənmədilər, çətin həyat istədilər.
Hər iki halda bu, Allahın verdiyi nemətə qarşı bir etinasızlıq idi. Bu naşükürlük onları təkcə dünya nemətlərindən deyil, həm də ilahi rəhmətdən məhrum etdi.
Allahın cəzası – bir mədəniyyətin süqutu..
Səbə qövmünün naşükürlüyü nəticəsində Allah onların sivilizasiyasını çökdürdü. Quranda bu cəza “Seylu’l-Ərim” (Bəndin daşqını) hadisəsi kimi qeyd edilir:
“Lakin onlar üz döndərdilər. Biz də onların üzərinə Ərim daşqınını göndərdik və onların iki bağını acı meyvəli, içi boş ağaclarla və bir az da sidr ağacı ilə dəyişdirdik.” (Quran, 34/16)
Bu hadisə nəticəsində:
- Marib bəndi dağıldı və şəhərlər su altında qaldı.
- Onların gözəl bağları məhv oldu və məhsuldar torpaqlar çöllərə çevrildi.
- İqtisadi gücləri yox oldu və xalq müxtəlif yerlərə səpələndi.
Tarixi mənbələrə görə, bu hadisədən sonra Səbə qövmünün bir qismi Yəməndə qaldı, digərləri isə Şam, Hicaz və başqa bölgələrə köç etməyə məcbur oldu.
Səbə qövmünün başına gələnlər bizə çox vacib dərslər verir:
- Allahın verdiyi nemətlərə şükür etmək lazımdır.
- Nemətlər naşükürlük edildikdə onlar insandan alınır.
- Rahatlığın və firavanlığın qədrini bilmək vacibdir.
- Dünya malına həddindən artıq aludə olmaq insanı məhv edər.
- Səbə qövmü daha çox var-dövlət arzuladığı üçün sonda hər şeyini itirdi.
- Maddi sərvət naminə axirəti unutmaq insan üçün fəlakət gətirir.
- Quranda deyilənlər boş əfsanələr deyil, tarixi gerçəkliklərdir.
- Səbə qövmünün süqutu arxeoloji və tarixi mənbələr tərəfindən də təsdiqlənmişdir.
- Allahın qanunları dəyişməzdir: Kim naşükürlük edərsə, o, cəzalandırılar.
- Hər bir xalq öz taleyini özü müəyyənləşdirir.
- Səbə qövmü Allahın verdiyi imkanları dəyərləndirmədi və nəticədə öz mədəniyyətlərini məhv etdi.
- Hər dövrün insanı, əgər təbiətə, ona bəxş edilən nemətlərə və mənəvi dəyərlərə laqeyd yanaşarsa, zamanın dəyişməsinə baxmayaraq, səbə qövmünün aqibətindən fərqli bir sona çata bilməz.
Səbə qövmü dünya tarixində “naşükürlüyün cəzası” kimi yadda qalan xalqlardan biridir. Allah onlara bolluq, firavanlıq və təhlükəsiz həyat bəxş etmişdi, lakin onlar bunun dəyərini bilmədilər.
Onların hekayəsi, nemətlərin qədrini bilməyən hər bir qövm üçün ilahi bir xəbərdarlıqdır. Şükrün yerini nankorluq, itaətin yerini azğınlıq aldıqda, tarix yalnız bir nəticəni göstərmişdir: məhv və unudulmaq. Səbə qövmünün aqibəti, insanın öz əlləri ilə qurduğu səltənətin, yenə öz asi əlləri ilə necə viran edilə biləcəyinin açıq bir nümunəsidir. Haqqı görməzlikdən gələnlər, zaman keçsə də, eyni qəzaya uğramağa məhkumdurlar.
Ayxan Yaqububoğlu