QƏLB NİYƏ YORULUR? – QURANIN DƏYİŞMƏYƏN CAVABI | Rad surəsi (18–29) əsasında
Tarix boyu insan daim rahatlıq, xoş güzəran və daxili sakitlik axtarışında olmuşdur. Bəzən bu yolu tapmış, bəzən yanlış istiqamətdə axtarmış, bəzən isə müvəqqəti olaraq tapdığını zənn etmiş, lakin bir müddət sonra yenidən məyus olmuşdur.
Rad surəsinin 18–29-cu ayələrində bu mövzuya geniş şəkildə toxunulur. Ayələrdə açıq şəkildə bildirilir ki, dünyada rahat və xoşbəxt qəlbə sahib olmağın yeganə yolu Allahın buyurduğu yolda olmaqdır. Bu ayələr insanın seçimi ilə onun aqibəti arasındakı birbaşa əlaqəni aydın şəkildə ortaya qoyur.
“Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik bir o qədəri də onların olsaydı, (əzabdan qurtarmaq üçün) onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!” (Quran, 13/18)
Bu ayə göstərir ki, insanı xilas edən nə var-dövlət, nə də dünya imkanlarıdır. Bu dünyada ayaqqabısını belə fəda etməyə tərəddüd edən insan, Allahın qəzəbindən qurtulmaq üçün bir deyil, iki dünyanı verməyə razı olacaqdır. Lakin insanlıq tarixində dünyanın yarısına belə sahib olmuş bir insan yoxdur. Bu da göstərir ki, heç kim dünyanı tam mənada ələ keçirə bilməz. Əgər bu mümkün olsaydı və onun bir o qədəri də əldə edilsəydi, insan onu tərəddüdsüz fəda etməyə razı olardı. Deməli, əsl qurtuluş və rahatlıq Allahın dəvətini vaxtında qəbul etməkdədir.
“Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, (onu anlamayan və ya üz döndərən) kora bənzəyə bilərmi? (Bundan) ancaq ağıl sahibləri ibrət alarlar.” (Quran, 13/19)
Haqqı bilənlə ondan üz çevirən eyni ola bilməz. Bu həqiqəti yalnız düşünən və anlamağa çalışan insanlar dərk edirlər. Qəlb rahatlığının ilk qapısı iman etmək, təslim olmaq və bu imanı əməllərlə təsdiqləməkdir.
“O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. (Quran, 13/20–21)
Bu ayələr imanla əxlaqın ayrılmaz olduğunu göstərir. Əhdə sədaqət, qohumluq bağlarının qorunması və haqq-hesab gününün məsuliyyəti ilə yaşamaq Allaha gerçək mənada iman etmiş kəsin həyatının əsas sütunlarıdır. Davamlı qəlb rahatlığı da məhz bunlara bağlıdır.
“O kəslər ki, (qiyamət günü) Rəbbinin Üzünü (görməyi) diləyərək (çətinlik və imtahanlara) səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar (ehtiyaclılara) xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər.” (Quran, 13/22)
Səbir, namaz, əliaçıqlıq və qisasçı deyil, əfv edici olmaq insanın qəlbini saflaşdırır və onu mənəvi rahatlığa aparır. Bu ayə onu da göstərir ki, Allah yolunda olan insan dünyada yalnız rahatlıq və zövq içində yaşayacağını gözləməməli, çətinlik və imtahanlara hazır olmalıdır. Bu çətinliklərə göstərilən səbir isə onun əbədi səadətinə səbəb olacaqdır. Növbəti ayələr bu mükafatı belə təsvir edir:
“Əməlisaleh ataları, həyat yoldaşları və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər): ‘Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!’ Allahla əhd bağladıqdan (iman etdikdən) sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.” (Quran, 13/24-25)
Qohumluq və ailə bağlarını qıran, insanları tənhalığa sürükləyən kəslərə lənət edilmişdir. Lənət Allahın mərhəmətindən uzaq qalmaq deməkdir. Halbuki bu dünyada hər şey Allahın mərhəməti sayəsində mövcuddur. Dünya və axirətdə bu mərhəmətdən məhrum qalmaq insan üçün ən ağır cəzadır. Yer üzündə fitnə-fəsad törədənlər, insanlığa və əmin-amanlığa qarşı çıxanlar da bu lənət və xəbərdarlığın əhatə dairəsindədirlər.
“Allah istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.” (Quran, 13/26)
Bu ayə dünya rahatlığının aldadıcı olduğunu xatırladır. Məntiq göstərir ki, əsl rahatlıq keçici deyil, qalıcı olmalıdır. Bu işdə bədənin deyil, ruhun xoşbəxt olması əsasdır. Çünki xoşbəxtliyi hiss edən bədən deyil, ruhdur. Ruh isə yalnız mənəvi qida ilə sükunət tapır.
“Kafir olanlar deyirlər: ‘Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?’ De: ‘Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir’.” (Quran, 13/27)
İnadkar inkarçılar daim əlavə möcüzə tələb etmişlər. Halbuki səmimi insan üçün Quranın özü və insanın varlığı möcüzə olaraq kifayətdir. Kainatdakı nizam, ölçü və qanunauyğunluq həyatın məqsədsiz olmadığını açıq şəkildə göstərir.
“Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Quran, 13/28)
Bu ayə bütün axtarışların yekun cavabıdır: qəlbin həqiqi rahatlığı yalnız Allahı zikr etməkdə və Ona təslim olmaqda gizlidir.
“İman edib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır.” (Quran, 13/29)
Bu son ayə göstərir ki, xoş güzəran – yəni qəlb rahatlığı ilə yaşamaq – yuxarıdakı ayələrdə sadalanan iman və əməllərin cəmindədir. Bədənin qidası torpaqdan gələn ruzilərdə, ruhun qidası isə mənəviyyatdadır. Çünki bədən torpaqdan yaradılmış, ruh isə ucalardan gəlmişdir:
“Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz!” (Quran, 32/9)




