“QURAN BU MİLLƏTİ KOR EDİB, GERİYƏ SALIB..” (?)
Deyir ki, “Quran bu milləti kor edib, bizi geri salıb”.
HALBUKİ 👇🏻
• Quran deyir içmə, içirsən.
• Quran deyir çəkmə, çəkirsən.
• Quran deyir qumar oynama, cibin adını çəkmədiyimiz uduş kuponları ilə doludur. Deyəndə də deyirsən ki, “əşşi bunun qumarla nə əlaqəsi varee, şans oyunudu”..
• Quran deyir zina etmə, həftəlik “eyş-işrət”-indən geri qalmırsan.
• Quran deyir qeybət etmə, burda birisinin etdiyini səhər qoyursan başqasının ovucuna.
• Quran deyir xaos yaratma, qanunlara uy, sənin “naruşeniya”ların, “vorzakonluq”ların sərhəd tanımır.
• Quran deyir ən böyük Allahdır, Ondan başqasından qorxma, Ondan başqasına güvənmə; sən isə bir az pul üzü görən kimi maşını az qala camaatın üzərinə sürəsən. “Day-day”, “tanış” gücünü hiss edən kimi, danışıq tərzin belə dəyişir..
• Quran deyir rüşvət alma, vermə, sənin alıb-verdiyin “şirinlik”lərindən yeri-göy “şəkər içindədir”.
• Quran deyir – ədalət öz mənfəətinə zidd də olsa onu qoru, sənin isə – ancaq özünə və ya yaxınlarına çatanda haqq-ədalət yadına düşür.
• Quran deyir tanımadığın insanların namusuna qara yaxma, sən məhəllədə “quş”, “bala”, “ceyran” çıxarmadığın qadın xeylağı qoymamısan qala.
• Quran deyir ‘zülmə boyun əymə’, sən “başını sal aşağı, öz işini gör” fəlsəfəsini özünə, Qurandan üstün fəlsəfə etmisən.
• Quran deyir oxu, düşündür beynini, nə üçün yaradıldığın barədə də bir fikirləş, yerə bax, göyə bax, özünə bax, heyvanlara bax, bitkilərə bax, öyrən, araşdır – sənin din adına indiyədək oxuduğun ya çərəkə kitabları olub, ya da “din” olaraq bildiyin “ağır seyid qəbri ziyarətləri”.. Sonra da deyirsən ki, din xurafatçılıqdır..
Hanı bəs Quran? Harda uymusan ki, sən Qurana, indi əcaib şəkildə deyirsən ki, bu milləti Quran geriyə saldı? Ay ‘rəhmətdiyin nəvəsi’, bu millət Quranı bir altından gəlin keçirəndə görüb, bir də yasda mollanın qabağında. Quran görüb bu millət ki, onu dala da sala? Bu arada.. Başqa ölkələrdə “İslam” deyə gördüklərini və ya müxtəlif şəxslərin qəribə hərəkətlərini misal gətirib, dinə sırıma, necə deyərlər söz oyunu oynama. Filan lyuks markalı bir avtomobili pis sürərək hadisəyə səbəb olan sürücünü deyil, maşını tənqid edən birisini görmüsənmi heç? İslamın və Quranın özünə bax, insaflı ol..
“(Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.” (Quran, İbrahim surəsi, 1-2)
www.islamevi.az
Düzəliş: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir!