“Sizi qoruya bilmirik və aldığımız vergini geri qaytarırıq..” (Müsəlmanların şanlı ədaləti)
Britaniyalı orientalist və tarixçi Sir Thomas Arnold “The preaching of Islam” kitabında belə bir unikal hadisəni nəql edir:
“Suriya fəthindən sonra müsəlman general Əbu Übeydə b. Cərrah düşmənin böyük bir ordu topladığını eşitdi. O, müxtəlif cəbhələrdə vuruşan müsəlman ordularını bu orduya qarşı cəmləşdirməli idi və bu səbəbdən də bir qədər geri çəkilmək qərarını aldı. Əbu Ubeydə bunun ardınca Suriyanın fəth edilmiş şəhərlərinin valilərinə məktub yazaraq şəhərlərdən yığılan bütün cizyələri (can güvənliyi vergisini -red.) əhaliyə geri vermələrini əmr etdi* və insanlara bu məktubu yazdı:
– “Aramızda olan razılaşma ondan ibarət idi ki, sizi qorumalıyıq.. Və biz hal-hazırda bunu edə bilmədiyimizə görə sizdən aldıqlarımızın hamısını geri qaytarırıq”.
Əmrə uyğun olaraq dövlət xəzinəsindən külli miqdarda vəsait xalqa geri qaytarıldı. Bu mənzərə qarşısında yerli xristianlar belə dedilər:
“Tanrı səni yenidən bizə hökmdar etsin və sənə Romalılara qalib gəlməyi nəsib etsin! Əgər bu vəziyyətdə siz yox, onlar olsaydı, bizə heç nə verməz, əksinə, əlimizdə qalan hər şeyi götürərdilər.”
*Cizyə ödədikdə dinindən asılı olmayaraq həmin xalqın qorunması müsəlman ordularının vəzifəsi idi.
E. Bulud