(Sual-cavab) “FAİZ” VƏ “SƏLƏM” ARASINDAKI FƏRQ / NİSYƏ SATIŞDA OLAN QİYMƏT ARTIMI
Sual: Salamu aleykum. Bir malın nəğd və nisyə qiyməti arasındakı fərq nəyə görə sələm sayılmır? Bu icmadırmı? Və dəlil zəhmət olmasa.
Cavab: Va aleykum Salam. İlk öncə qeyd etməliyik ki, dövrümüzdə müsəlmanlar arasında belə bir anlayış formalaşıb ki, faiz (riba) – sələm’dir. Bu, xətadır. Sələm ona deyirlir ki, satıcı müştəriyə malı satır və razılaşırlar ki, müştəri pulu indi ödəyəcək: lakin satıcı, malı müəyyən müddətdən sonra müştəriyə çatdıracaq. Buna sələm deyilir. Bəzi mallar vardır ki, onlarda sələm haramdır. Misal üçün qızıl və gümüşdə sələm icazəli deyildir. Yəni, qızıl və gümüş satışı, nağd şəkildə, ‘əldən-ələ’ olmalıdır. Çünki Peyğəmbərimizin buyurduğuna görə bu əşyalarda mübadilə, satış zamanı baş verməlidir və bu növ malda sələm — artıq riba sayılır (Buxari, 4/ 379).
Sizin soruşduğunuza gəldikdə isə, ona təqsit (taksit) deyilir. Buna icma (bütün alimlərin eyni fikirdə olması) deyə bilmirik, çünki bəzi alimlər buna etiraz ediblər. Lakin İslam dininin dörd mötəbər məzhəb ittifaq edib ki, pulu sonradan ödəmənin müqabilində qiyməti artırmaq icazəlidir. Çünki aradakı fərq budur ki, satılan mal, borc verilmiş pul deyildir. Mal satmaq, satdığı maldan qazanc əldə etmək, sonra o qazanc ilə bir daha mal almaq və bu vasitə ilə qazancı artırmaq tacirin işidir. Buna görə də onun maldan aldığı puldan, o yenə pul qazandığı üçün, pulu gecikdirmə müqabilində qiyməti artırmağı icazəli görüblər. Önəmli olan odur ki, qiymət – öncədən təyin olunmalıdır. Misal üçün, bu əşyanı nağd alsan, qiyməti 100 manat; nisyə alsan, 130 manat olacaq. Bir sözlə, sonradan qiymət artımı və gecikmə faizi kimi, İslamın qadağan etdiyi prinsiplər xaricində olmalıdır.
Bununla yanaşı deməliyik ki, insanların faiz’ə qaçmaması üçün, müsəlman tacirlərin bu cür kredit satışı zamanı qiymət artımında insaflı davranmaları tövsiyə olunur. Daha doğrusunu Allah bilir.
Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu