“Torpaq onları yerin yeddinci qatına qədər çəkməkdə davam edir..”
Uca Allah buyurur:
«Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!» (Qasas, 76)
A`məş rəvayət edir ki, İbn Abbas (Allah onlardan razı olsun) dedi:«Qarun — Musanın əmisi oğlu idi.»
İbn Cureyc`in bildirdiyinə görə, onların babaları Qahis adlı birisi idi. Tabəri buyurur:
«Elm əhlinin əksəriyyətinin rəyinə görə, Musa və Qarun əmioğlu idilər. İbn İshaq`ın rəyi isə (Qarun`un Musanın əmisi olduğu) zəifdir..»
Rəvayətlərə görə, Qarun İsrailoğulları arasında Tövratı ən gözəl oxuyan idi. Bir tərəfdən elmi, digər tərəfdən isə, mal-dövləti ilə öyünürdü. Qatədə buyurur:
«Qarun, Tövratı gözəl səslə oxuduğu üçün ona «münəvvər» deyirdilər. Lakin, Allahın düşməni olan Qarun, eynilə Samiri kimi, azaraq münafiqliklərdən oldu, sərvətinin çoxluğu onu azdırdı..»
Şəhr b. Hə`şəb buyurur: «Qarun, millətinə qarşı təkəbbürlənmək məqsədilə paltarının ətəyini bir qarış da uzadaraq yerlə süründürürdü..»Buxarinin rəvayət etdiyi hədisdə Allah Rəsulu (Allah ona salavat və salamı olsun) buyurur:
«Vaxtilə bir nəfər ətəyi uzun paltar geyinir (və təkəbbürlənərək eləcə gəzib dolaşırdı). O anda Uca Allah onu yerə batırdı. O, Qiyamət gününə qədər batmağa davam edəcək..»
Qarunun xəzinələrinin çoxluğunu Uca Allah yuxarıdakı ayədə bildirir. Belə ki, sadəcə onun xəzinələrinin açarlarını, güclü insanlardan qurulmuş bir dəstə daşıya bilmirdilər. Deyilənə görə, açarlar sərt dəridən hazırlanmış olub, 60 qatır üzərində daşınırmış. Doğrusunu Allah bilir.. (Təfsir Tabəri, 20/68-69)
Fironun valisi olan Qarun, xalqına zülm edər, bununla yanaşı öz elmiylə öyünərdi. Hətta onun kimya (o zamankı adı ilə: «Simya») elmini bildiyi deyilsə də, Müfəssir İbn Kəsirin bildirdiyi kimi, bu, öz təsdiqini tam olaraq tapmamışdır. Daima gözəl paltarlar geyinərək xalqının qarşısına çıxaraq təkəbbürlənir, xalqının ona etdiyi bu nəsihətə qulaq asmazdı: «(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!..» (Qasas, 76)
İbn Abbas (Allah onlardan razı olsun) və əs-Suddi (Allah ondan razı olsun) belə deyiblər: «Qarun, fahişə bir qadının Musaya «sən mənə belə-belə etdin» deməsi üçün bir miqdar pul vermişdi. Həmin qadın bu sözləri deyincə Musa peyğəmbər (Allahın ona salamı olsun) dəhşət qapıldı və iki rükət namaz qıldı. Bundan sonra qadına üz tutaraq, dediklərinin doğru olduğunu deməsini və buna dair and içməsini tələb etdi. Qadının hər şeyi etiraf edərək tövbə etdi və Musa səcdəyə qapanaraq Qaruna bəddua etdi. Uca Allah Musaya belə vəhy etdi:«Torpağa əmr etdim ki, sənə itaət etsin!». Musa isə, Qarunu evi ilə birlikdə udması üçün torpağa əmr verdi və torpaq da evi ilə birlikdə onu uddu. Doğrusunu Allah bilir!..» (Buxari «Ənbiya» 54, Muslim «Libas» 49)
Rəvayətlərdə deyilir ki, bir gün Qarun dəbdəbəli və təkəbbürlü halda qövmünün qarşısına çıxarkən, adamları və minikləri ilə Musanın (Allahın ona salamı olsun) önündən keçir.. Musa (Allahın ona salamı olsun) isə, ətrafına toplaşmış insanlarla din haqqında söhbət edirdi.. İnsanlar Qarunu görüncə, dönərək ona baxmağa başladılar. Musa (Allahın ona salamı olsun) isə, onu çağıraraq belə dedi: «Səni belə etməyə məcbur edən nədir?» Dedi ki: «Ey Musa (Allahın ona salamı olsun), sən peyğəmbər olmaqla məndən üstün oldunsa, mən də sərvətimlə səndən üstün oldum. Əgər istəyirsənsə, şəhərdən kənara çıxaq və bir-birimizə bəd dua edək (görək hansı tutacaq)..»
Hər iki tərəf, adamları ilə bərabər şəhər xaricinə çıxırlar.. Musa (Allahın ona salamı olsun) dedi: «Öncə sən başlayırsan, yoxsa mən başlayım?» Qarun: «Mən başlayacağam» dedi və bəddua etdi. Lakin, bədduası yerinə yetmədi. Musa (Allahın ona salamı olsun): «Mən də edimmi?» dedi, Qarun isə: «Bəli» deyə cavab verincə, (Musa) belə bəd dua etdi: «Allahım, yerə əmr ver ki, mənə itaət etsin» Allah Musaya (Allahın ona salamı olsun) vəhy göndərərək, «Sənin istəyini yerinə yetirdim» dedi. Musa (Allahın ona salamı olsun): «Ey yer! Onları tut!» deyincə, yer onların ayaqlarından tutdu. Sonra Musa (Allahın ona salamı olsun): «Ey Yer! Onları tut!» deyincə yer, onları dizlərinə qədər, ardından çiyinlərinə qədər yerə batırdı. Bundan sonra Musa: «Ey Yer! Onların mal-dövlətlərini və xəzinələrini də tut!» deyincə yer, onların bütün sərvətlərini elə gözləri önündə yerə batırdı. Musa (Allahın ona salamı olsun) əliylə işarə edərək: «Gedin ey Lavi oğulları!» dedikdə yer, onları tamamilə batıraraq görünməz etdi.
Qatədə`nin belə dediyi rəvayət edilir: «Yer Qiyamət gününə qədər hər gün onları daha da dərinlərə çəkəcəkdir..»
İbn Abbas`ın (Allah onlardan razı olsun) belə dediyi rəvayət olunur:«Torpaq onları yerin yeddinci qatına qədər çəkməkdə davam edir..»
Әslincə bu mövzuda çoxlu sayda İsrailiyyat hekayələri olsa da, səhihliyi naməlum olduğu üçün bunların heç birini qeyd etmirik.
Məhz buna görə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun), dinin dirəyi olan namaz qılmaqda səhlənkarlıq edənləri bu və buna bənzər şəxslərlə bir yerdə həşr olunmaqla təhdid edir:
«Kim namazına davam edərək onu qoruyarsa, Qiyamət günü qılmış olduğu namaz onun üçün nur, burhan və qurtuluş olacaqdır. Kim namazını qorumazsa (yəni, səhlənkarlıq edərək qılmazsa vəya bəzən qılıb, bəzən qılmazsa) onun üçün nur, burhan və qurtuluş olmaz. Qiyamət günü həmin şəxs, QARUN, Firon, Həman və Ubeyy b. Xaləf`lə birlikdə olar!..» (Əhməd, «Musnəd» 2/129)
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!