Ümidi üzülmüş kəsi həyata qaytaracaq kiçik yazı
Başa gələn çətinliklərə/müsibətlərə qarşı dözümsüz davranmaq və ümidsizliyə düçar olmaq növbəti bir müsibətdir. Çünki, səbir göstərməyən və ümidini üzərək pessimist olan insan bu çətinliklər qarşısında zəif qalar. Hər şeyin hökmdarı olan və bütün işləri əlində tutan Uca Allahın yardımı olmadan zəif insanın daha da aciz vəziyyətə düçar olması isə, qaçınılmazdır.
Uca Yaradan öz elçilərini nümunə göstərərək, onların çox çətin şərtlər altında, ağır döyüş zamanlarında, habelə şiddətli qıtlıq anlarında nə cür mətanət sərgilədiklərini və əsla ümidsizliyə düşmədiklərini xəbər vermişdir. Halbuki, müasir dövr insanının yaşadığı komfort səbəbilə dözümsüzlük göstərdiyi – çox da ağır olmayan çətinliklərlə müqayisə edəcək olsaq, keçmiş dövr insanlarının yaşadıqları müsibətlər həddən artıq şiddətli olmuşdur. Buna baxmayaraq onlar – liderləri olan peyğəmbərləri başda olmaqla – bəlkə də dövrümüzün ən optimist insanlarının belə ‘silkələnəcəyi’ ən pik anlarda belə əsla ümidsizliyə düşməmiş, dözüm göstərərək və qurtuluşa inanaraq Allaha tam güvən nümayiş etdirmişlər.
“Neçə-neçə elçi/peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar (çətin döyüşlərdə) vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (düşmənə) boyun əymədilər. Allah səbir edənləri sevər.” (Quran, 3/146)
Bu cür böyük səbir və iman sahibləri pessimizmə qapılmaq və ya üsyan etmək əvəzinə, etdikləri yanlışları xatırlamış, Allahdan bağışlanma diləmiş və bundan sonra isə, yardım istəmişdilər. Doğru olan davranış da budur.. Çünki, yardım – məhz xətaları anlamaq və günahlardan qurtulduqdan sonra gəlir.
“Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və kafirlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.” (Quran, 3/147)
Təsəvvür edin, bu misalları hansısa romandan və ya psixoloq təcrübələrindən oxumuruq.. Hər şeyi yoxdan var edən ucalar ucası olan Əzəmətli Rəbbimizin bizə nazil etdiyi, bir kəlmə də olsun məxluq sözünün olmadığı Qurani-Kərimdən oxuyuruq.. Yəni, Uca Allah birbaşa səninlə danışaraq, qəlbini möhkəm tutmağını, səbir və dözümlülük göstərdiyin, habelə, Ona möhkəm şəkildə sarıldığın zaman çətinliklərin yerini asanlığın alacağına dair zəmanət verir.. İnan və Rəbbindən ümidini kəsmə!
Qeyd etdiyimiz ayələrdən dərhal sonrakı ayədə Uca Allah, bu hadisələrin sonluğunu xəbər verərək buyurur:
“Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir.” (Quran, 3/148)
Ümidsiz olmamağın, daima istiğfar etməyin (Allahdan bağışlanma diləməyin), güclü təvəkkülün (Allaha güvənməyin), israrla dua etməyin, həmçinin, möhkəm səbir və dözümlülük göstərməyin qarşılığı hər zaman, hər dövrdə və hər insana eyni formada verilir. Çünki, Allah daima Mərhəmətlidir, daima Müdrikdir və Ona bel bağlayan bəndələrinin daima ən böyük dost və yardımçısıdır. Məxluqa (yaradılmışa) deyil, Xaliqə (Yaradana) güvənən əsla yarı yolda, tənha, qəlbi narahat və yardımsız qalmadı, qalmayacaq. Yaşayanlar bilirlər, yaşa, sən də bu deyilənlərin sadəcə bir ‘təsəlli’ olmadığını görəcəksən.