Bu məqalədə, bütün müsəlmanların ürək acısı ilə xatırladığı bir faciə – əsrlər öncə Məhərrəm ayında İmam Hüseynin (Allah ondan razı olsun) xaincəsinə qətlə yetirilməsinə dair araşdırma yer almışdır.

 

İraq əhli İmam Hüseyni (Allah ondan razı olsun) çağırır..

İraq əhlinə İmam Hüseynin (Allah ondan razı olsun) Yəzidə beyət  etməməsi, Onun xəlifəliyini qəbul etməməsi xəbəri çatır.. Onlar Hüseynə (Allah ondan razı olsun) arası kəsilmədən beş yüzdən çox məktub yazaraq onların da Yəzidə beyət etmədiklərini xəbər verir, Kufəyə gəlməsini və orada da Hüseynə (Allah ondan razı olsun) beyət edilməsini tələb edirlər.

 

 Hüseyn (Allah ondan razı olsun) Muslim ibn Aqili (Allah ondan razı olsun) Kufəyə göndərir.

 Əlbəttə ki, İmam Hüseyn (Allah ondan razı olsun) qeybi bilmədiyinə görə onların dediklərində doğru olub-olmadıqlarını yoxlamaq və onun gəlişindən qabaq orada hazırlıq işləri aparmaq üçün əmisi Aqil ibn Əbi Talibin (Allah ondan razı olsun) oğlu olan Muslimi (Allah ondan razı olsun) Kufəyə göndərir. Kufəyə çatan Muslim araşdırmalardan sonra görür ki, həqiqətən insanlar Yəzidi yox,  Hüseyni (Allah ondan razı olsun) istəyirlər. Muslim Hani ibn Urvanın evində qalır və insanlar camaat halında Muslimin yanına gələrək İmam Hüseyn (Allah ondan razı olsun) üçün ona beyət edirlər. Həmin dövrdə Kufənin əmiri Nöman ibn Bəşir idi. O, Muslimin Kufədə olduğunu və insanların Hüseyn üçün ona beyət etdiklərini bilməsinə baxmayaraq özünü bilməməzliyə vurur. Lakin, Nömanın ətrafında olanlardan bəziləri Yəzidin yanına gedərək Kufəlilərin Muslimə beyət etməsini və Nömanın da bu işə məhəl qoymamasını çatdırırlar.

 

 Ubeydullah ibn Ziyadin Kufəyə əmir seçilməsi.

 Bunu bilən Yəzid, Nöman ibn Bəşirin əmirlikdən uzaqlaşdırılması qərarını verərək məsələni həll etmək üçün Bəsrə şəhərinin əmiri olan Ubeydullah ibn Ziyada Kufə şəhərinin də başçılığını verir. Ubeydullah gecə üzü bağlı halda Kufəyə daxil olarkən insanların onu Hüseyn (Allah ondan razı olsun) olduğunu düşünərək “xoş gəldin ey Peyğəmbərin qızının oğlu” dediklərini görür. Bundan o, işin ciddiliyinə və insanların Hüseyni (Allah ondan razı olsun) gözlədiklərinə əmin olur. Saraya daxil olaraq bu işə başçılıq edəni tapmaq üçün xidmətçilərindən biri olan Maqili göndərir. Maqil özünü guya Şam şəhərlərindən olan Humsdan üç min dinarla Hüseynin (Allah ondan razı olsun) köməyinə gəlmiş kimi göstərərək nəhayət Hani bin Urvanın evini tapır. İçəri daxil olan Maqil evdə Muslim ibn Aqili görür və ona beyət edərək üç min dinarı verir. Bir neçə gün onlarla bərabər qalıb sirlərini bildikdən sonra Ubeydullah ibn Ziyadın yanına qayıdır və onu məsələdən agah edir.

 

 İmam Hüseynin (Allah ondan razı olsun) Kufəyə yollanması.

İnsanların bir çoxu Muslimə beyət etdikdən və işlər yoluna düşdükdən sonra Muslim İmam Hüseynə (Allah ondan razı olsun) məktub yazaraq “Gəl, artıq iş hazırdır” deyir. İmam Hüseyn (Allah ondan razı olsun) Məkkədə həcc ərəfəsində ikən Kufəyə yola düşür. Artıq Ubeydullah Muslimin etdiklərini bildiyi üçün onun qaldığı evin sahibi olan Hani bin Urvanı çağırtdırır və ona deyir: “Muslim haradadır?” O, “bilmirəm” cavabını verir. O zaman hiyləgər Ubeydullah ibn Ziyad xidmətçisi olan Maqili çağırır və deyir: “Onu tanıyırsanmı?” O, “bəli, tanıyıram” deyir. Bu an Hani özünü itirir və baş verənlərin Ubeydullahın hiyləsi olduğunu anlayır. Ubeydullah təkrar olaraq “Muslim ibn Aqil haradadır?” deyə soruşur. Hani mərdcəsinə “and olsun Allaha əgər ayağımın altında belə olsaydı ayağımı qaldırmazdım” deyir. Ubeydullah da onu döydürərək həbs etdirir.

 

 Kufə əhlinin Muslimi köməksiz buraxması.

 Bu xəbər Muslim ibn Aqilə çatır və o, dörd min nəfərlə Ubeydullah ibn Ziyadın sarayına gedərək onu mühasirəyə alır. Bu zaman digər Kufəlilər də onlara qoşulur. Lakin, Ubeydullah yanında olan qəbilə başçılarını və nüfuzlu şəxsləri mal-dövlətlə həvəsləndirərək və Şam ordusu ilə qorxudaraq insanları Muslimi köməksiz buraxmalarına çağırmaqlarını tələb edir. Çox keçmir ki, Muslimin ətrafında olan dörd min nəfərdən yalnız otuz nəfər qalır. Axşam olmamış isə Muslim ibn Aqil artıq Kufə küçələrində tək-tənha olaraq hara sığınacağını belə bilmir. Nəhayət yaşlı bir qadının qapısını döyərək ondan su istəyir. Qadın təəccüblənərək onun kim olduğunu soruşur. O, “mən Muslim ibn Aqiləm” deyərək insanların onu tək buraxdıqlarını və Hüseynin (Allah ondan razı olsun) də gələcəyini deyir. Qadın onu qonşu evə daxil edərək su və yemək gətirir. Lakin, qadının oğlu Muslimin yerini Ubeydullaha çatdırır və Ubeydullahın göndərdiyi yetmiş kişi Muslimi mühasirəyə alır. Muslim onlarla döyüşür. Sonda isə ona toxunulmazlıq qərarı verdiklərinə görə Muslim onlara təslim olur və Ubeydullah ibn Ziyadın sarayına aparılır. Ubeydullah Muslimdən etdiklərinin səbəbini soruşur və o da “boynumuzda Hüseynə olan beyətə görədir” deyir. Ubeydullah deyir: Boynunda Yəzidə beyət yoxdurmu? Sonra deyir: “Mən səni öldürəcəyəm!” Muslim deyir: “Onda qoy vəsiyyət edim”. O, da “et” deyir. Muslim çevrilərək Ömər ibn Saad ibn Əbi Vaqqası görür və “sən mənə insanlardan qohumluğa görə daha yaxını olansan. Gəl sənə vəsiyyət edim” deyərək onu otağın bir küncünə aparır. Ona Hüseynin (Allah ondan razı olsun) yanına adam göndərərək qayıtmasını deməsini vəsiyyət edərək deyir: “Ailənlə geri qayıt. Kufə əhli səni aldatmasın. Həqiqətən Kufəlilər səni də yalanla aldatdılar, məni də. Yalançı sözünün üstündə durmaz”. Ömər ibn Saad da Hüseynin (Allah ondan razı olsun) yanına bunları deməsi üçün bir kişi göndərir. Təəssüflər olsun ki, nəhayət İmam Hüseynin sadiq əmisi oğlu olan Muslim ibn Aqil Arafat günü öldürülür. Lakin, artıq İmam Hüseyn (Allah ondan razı olsun) Muslimin ölümündən bir gün qabaq Məkkədən çıxmışdı.

 

 İraq və Kufə əhli kimlər idi?

 İmami alimi olan Şeyx Cavad Muhəddisi demişdir: “Kufə əhli tarixdə xəyanət və əhdi pozmaqla məşhur olmuşdur… Ümumən İslam tarixi Kufə əhlinin əhdinə sadiq olması barədə yaxşı fikir daşımır… Kufə əhlinin sifətləndiyi nəfsi və əxlaqi xüsusiyyətlərinə belə işarə etmək olar: Hiyləgərlik, cürbəcür rəngə girmək, pis əxlaq, hərislik, şayiələri təsdiqləmək, qəbilə təəssübkeşliyi. Üstəlik də onlar müxtəlif qəbilələrdən təşkil idilər. Bütün bu səbəblərə görə imam Əli (Allah ondan razı olsun) onların əli ilə iki acını daddı. İmam Həsən (Allah ondan razı olsun) onların xəyanəti ilə üzləşdi. Muslim ibn Aqil məzlum olaraq onların arasında öldürüldü. Hüseyn Kərbəlada susuz olaraq Kufə yaxınlığında və Kufə ordusunun əli ilə öldürüldü” (Muhəddisi, “Movsuatu Aşura” səh. 59).

Digər  müasir imami alimlərindən olan Şeyx Hüseyn əl-Kurani həmçinin demişdir: “Kufə imanının mühüm xüsusiyyətləri nədir? Onu aşağıdakılarla qeyd etmək olar: Birinci: İslama köməkdən geri çəkilmək. İkinci: Var-dövləti sevmək. Üçüncü: Hadisələrdə cürbəcür rənglərə girmək.” (Kurani, “Fi Rihəbi Kərbəla” səh. 53)

 

Möminlərin əmiri İmam Əli (Allah ondan razı olsun) qorxaq  və xəyanətkar Kufə əhlinə qarşı olan öz məşhur xütbəsində demişdir:

“Ümmətlər başçılarının zülmündən qorxduğu halda mən isə rəiyyətimin zülmündən qorxmağa başlamışam. Sizi döyüşə çağırdım getmədiniz. Eşitdirdim eşitmədiniz. Gizlində və aşkarda sizi dəvət etdim cavab vermədiniz. Sizə nəsihət etdim qəbul etmədiniz. Burada olsanız da yox kimisinizmi?! Qul olsanız da ağa kimisinizmi?! Sizə hikmətlər deyirəm ondan ürkürsünüz. Gözəl öyüd-nəsihətlər verirəm ondan qaçırsınız. Sizləri həddi aşmışlara qarşı cihada həvəsləndirirəm, sözüm sona çatmamış Səba övladları kimi dağınıq görürəm… And olsun Allaha, istəyirəm ki, Muaviyə (bir qızıl) dinar (on gümüş) dirhəmə dəyişdirilən kimi məndən sizlərin onunuzu götürsün və öz ordusundan birini versin. Ey Kufə əhli, sizdə olan üç şeyə və iki şeyə görə qəm-kədərə batmışam. Qulağınız olsa da, karsınız. Danışığınız olsa da, lalsınız. Gözləriniz olsa da, korsunuz. Döyüşdə həqiqi azad insanlar kimi deyilsiniz. Çətin anlarda isə etibar ediləsi qardaşlar deyilsiniz. Əlləriniz qurusun. Peyğəmbərinizin Əhli-Beytinə baxın. Onların yolundan çıxmayaraq əməllərinin ardınca gedin. Onlar sizi heç vaxt doğru yoldan çıxarmaz və azğınlığa aparmazlar… Mən artıq Məhəmmədin səhabələrini gördüm. Sizlərdən heç bir kəsin onlara oxşadığını görmürəm. (Çoxlu gecə namazı qıldıqlarına görə) saçları dağınıq və toz içində sabahlayar, gecəni səcdə və qiyam halında keçirərdilər. Axirəti xatırlayarkən elə bil ki, köz üzərində durardılar. Səcdələrinin uzunluğundan elə bil ki, gözlərinin ortasında keçinin dizləri var idi. Allah xatırlanan zaman yaxaları islanana qədər gözləri yaş tökərdi. Allahın əzabından qorxduqlarına və savabından istədiklərinə görə şiddətli küləkli gündə ağacların əsdiyi kimi əsərdilər” (Nəhcul-Bələğa, xütbə 97)

 

İmam Əli (Allah ondan razı olsun) həmçinin İraq camaatını məzəmmət edərək demişdir :

“Ey İraq əhli…, Artıq mənə çatmışdır ki, siz (nifaqa və ikiüzlülüyə görə) deyirsiniz: “Əli yalan danışır”. Allah sizi öldürsün! Kimə yalan danışıram?!…” (Nəhcul-Bələğa, xütbə 70)

 

İmam Əli (Allah ondan razı olsun) həmçinin onun tərəfdarları olduqlarını iddia edənlərə qarşı digər bir xütbəsində demişdir :

“Ey kişiyə oxşayıb kişi olmayanlar…! Allah sizi öldürsün! Ürəyimi irinlə, sinəmi qəzəblə doldurdunuz…” (Nəhcul-Bələğa, xütbə 2)

 

Bu xainlər tək imam Əliyə (Allah ondan razı olsun) yox, həmçinin də İmam Həsən (Allah ondan razı olsun) və İmam Hüseynə (Allah ondan razı olsun) qarşı da xainlik edərək gözəl Peyğəmbər balalarını və böyük Əhli-Beyt imamlarını köməksiz buraxmış, hətta onlara qarşı vuruşmuşdular.

 

Səhabələr Hz. Hüseynin (Allah ondan razı olsun) İraqa getməsinə qarşı çıxır.

 Səhabələrdən və qeyri-səhabələrdən olan bir çoxları Hüseyni (Allah ondan razı olsun) İraqa getməkdən çəkindirirdilər. Onlardan Abdullah ibn Ömər ibn Xəttabı (Allah ondan razı olsun), Abdullah ibn Abbası (Allah ondan razı olsun), Abdullah ibn Amr ibn Ası (Allah ondan razı olsun), Əbu Səid əl-Xudrini (Allah ondan razı olsun), Abdullah ibn Zubeyri (Allah ondan razı olsun) və Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Muhəmməd ibn Hənəfiyyəni (Allah ondan razı olsun) misal gətirmək olar.

 

Onlardan bəzilərinin sözləri:

1-Abdullah ibn Ömər:

 Şabi deyir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Məkkədə olarkən Hüseynin (Allah ondan razı olsun) İraqa yollanması xəbərini eşidir. O, da üç günlük yol gedərək Hüseynə (Allah ondan razı olsun) çatır və deyir: “Hara gedirsən?” O, “İraqa” deyir və ona İraqdan gələn məktubları göstərərək onların ona kömək edəcəklərini və beyət etdiklərini deyir. İbn Ömər etiraz bildirərək onu getməkdən çəkindirir. Lakin, Hüseynin (Allah ondan razı olsun) getməkdə israrlı olduğunu gördükdən sonra onu qucaqlayaraq ağlayır və deyir: “Səni ölümdən Allaha əmanət buraxıram”.

 2-Abdullah ibn Abbas:

İbn Abbas (Allah ondan razı olsun) əmisi nəvəsi olan Hüseynin (Allah ondan razı olsun) ora getməsinin onun üçün təhlükəli olduğunu bildiyinə görə bu rəydən çəkinməsinə çox çalışsa da bacarmır və sonda deyir: “Əgər insanlar məni və səni qınamasaydılar barmaqlarımı saçlarına keçirdib səni getməyə qoymazdım”.

3-Abdullah ibn Zubeyr:

 İbn Zubeyr (Allah ondan razı olsun) də Hüseyni (Allah ondan razı olsun) getməkdən çəkindirərək deyir: “Hara gedirsən?! Atanı öldürənlərin və qardaşını tənə edənlərin yanına gedirsən?! Getmə!” Lakin, Hüseyn (Allah ondan razı olsun) artıq getməyində qərarlı idi.

4-Əbu Səid əl-Xudri:

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir: “Ey Əbu Abdullah mən sənə nəsihətçiyəm və sizə şəfqət edirəm. Artıq mənə çatmışdır ki, Kufədən olanlar sənə yazaraq ora getməni istəyirlər. Getmə onların yanına! Atandan Kufəlilər haqqında belə dediyini eşitdim: “And olsun Allaha ki, artıq onlardan bezdim və onlara nifrət etdim. Onlar da məndən bezdilər və mənə nifrət etdilər. Onlarda heç vəfa yoxdur. Kim onları qazanarsa yalnız qılıncla qazanar”

 

 İmam Hüseyn (Allah ondan razı olsun) Qadisiyyə şəhərinə çatır.

 Ömər ibn Saadın göndərdiyi adam vasitəsi ilə Hüseynə (Allah ondan razı olsun) Muslim ibn Aqilin öldürülməsi xəbəri çatır. Hüseyn (Allah ondan razı olsun) qayıtmaq fikrinə düşərək Muslimin övladları ilə söhbətləşir və onlar “And olsun Allaha ki, atamızın intiqamını almayana qədər geri qayıtmarıq” deyirlər. Beləliklə İmam Hüseyn (Allah ondan razı olsun) onların rəyi ilə razılaşır. Ubeydullah ibn Ziyad Hüseynin (Allah ondan razı olsun) gəldiyini bildikdən sonra Hurr ibn Yəzidə min kişi ilə onun qarşısına çıxmağı əmr edir, o da Hüseynlə (Allah ondan razı olsun) Qadisiyyədə qarşılaşır. Hurr ona “ey Peyğəmbərin qızının oğlu, hara gedirsən?” deyir. O, “İraqa” deyir. Hurr deyir: “Mən sənə əmr edirəm qayıdasan ki, Allah məni səninlə bəlaya salmasın. Gəldiyin yerə qayıt! Yaxud get Şama Yəzidin yanına, lakin Kufəyə gəlmə! Hüseyn (Allah ondan razı olsun) onunla razılaşmayaraq İraqa tərəf getməkdə, Hurr isə ona maneə törətməkdə davam edir. Hüseyn (Allah ondan razı olsun) ona deyir: “Anan səni itirsin, uzaqlaş məndən!” Hurr deyir: “And olsun Allaha, əgər o sözü səndən başqa olan ərəblərdən biri desəydi, ondan da, anasından da qisas alardım. Lakin nə deyim ki? Axı anan dünya qadınlarının xanımıdır”.

 

İmam Hüseynin (Allah ondan razı olsun) Kərbəlaya çatması və orada şəhid edilməsi.

İmam Hüseyn (Allah ondan razı olsun) Kərbəla deyilən bir yerdə dayanaraq “bura haradır?” deyir. “Bura Kərbəladır” deyildikdə, o, “kərb (qəm-kədər) və bəladır” deyir. 

Ömər ibn Saad dörd min nəfərlik ordusu ilə İmam Hüseynlə (Allah ondan razı olsun) qarşılaşır və Hüseynə (Allah ondan razı olsun) onunla birgə Ubeydullah ibn Ziyadın yanına getməsini əmr edir. Lakin, Hüseyn (Allah ondan razı olsun) razı olmur. İşin ciddiliyini gördükdə, o, Ömər ibn Saada deyir: “Mən sənə üç seçim verirəm. Onlardan hansını istəyirsən seç”. Ömər ibn Saad “onlar nədir?” deyir. İmam deyir: “Ya məni burax qayıdım. Ya gedim müsəlmanlara qoşulum (İslamın yayılması üçün və düşmənlərə qarşı) cihad edim. Ya da ki, Şama Yəzidin yanına gedim və əlimi onun əlinə qoyum (beyət edim). Ömər ibn Saad razılaşaraq Hüseynin (Allah ondan razı olsun) bu üç seçimini Ubeydullah ibn Ziyada çatdırmaq üçün bir adam göndərir və Ubeydullah da Hüseynin (Allah ondan razı olsun) bu üç seçimdən istədiyi birini seçməsi ilə razılaşır. Bu vaxt Ubeydullaha yaxın olanlardan biri, vaxtı ilə İmam Əlinin (Allah ondan razı olsun) ordusundan olan Şəmr ibn zil-Covşən də orda olur. O, deyir: “Allaha and olsun ki, xeyr. Gərək sənin əmrinə tabe ola”. Bu zaman başı boş Ubeydullah ibn Ziyad Şəmrə aldanaraq “bəli, gərək mənim əmrimə tabe ola” deyir. Şəmr ibn zil-Covşəni də İmam Hüseynin (Allah ondan razı olsun) üstünə göndərərək deyir: “Get Hüseynə (Allah ondan razı olsun) de ki, mənim əmrimə tabe olsun. Əgər Ömər ibn Saad bu işlə razı olmazsa onda başçı sən ol”. İmam Hüseynin (Allah ondan razı olsun) onlara üç seçim verməsini Şeyx Mufid  “əl-İrşad” 2/87 kitabında eynilə zikr etmişdir. Qeyd edim ki, Ubeydullah Ömər ibn Saadı dörd min nəfərlik ordu ilə göndərərək Hüseynlə (Allah ondan razı olsun) olan məsələni həll etdikdən sonra Rey şəhərinə başçı təyin edəcəyinə vəd vermişdi. Şəmr ibn zil-Covşən onların yanına gəlir və Hüseynə (Allah ondan razı olsun) Ubeydullahın əmrinə tabe olma xəbəri çatır. Lakin İmam Hüseyn (Allah ondan razı olsun) bunu rədd edərək deyir: “Xeyr. And olsun Allaha ki, Ubeydullah ibn Ziyadın əmrinə tabe olmayacam”.

 

 İmam Hüseyn (Allah ondan razı olsun) Kufə ordusuna Allahı xatırladır.

 İmam Hüseynlə (Allah ondan razı olsun) olanların sayı yetmiş iki atlı, Kufə ordusunun sayı isə beş min nəfərdən ibarət idi. İki tərəf də üz-üzə durduqda İmam Hüseyn (Allah ondan razı olsun) Kufə ordusuna deyir: “Bir dayanın və özünüzü hesaba çəkin! Mənim kimisi ilə sizin döyüş etməniz düzgündürmü?! Axı mən sizin Peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbər qızının oğlu yoxdur. Artıq Allahın Rəsulu mənim və qardaşım üçün demişdir: “Bu ikisi Cənnət cavanlarının ağasıdır””. Sonra onları Ubeydullahın əmrinə tabe olmayaraq özünə qoşulmağa səsləyir. Təəssüflər olsun ki, dağları daşları titrədəcək İmam Hüseynin (Allah ondan razı olsun) bu sözləri onların xain qəlblərini titrətmədi. Nəhayət Ubeydullahın ilk göndərdiyi ordusunun başında olan Hurr ibn Yəzid də daxil olmaqla otuz nəfər İmam Hüseyn (Allah ondan razı olsun) tərəfə keçir. Hurr ibn Yəzidə “sən bizə başçı olaraq gəlmişdin indi isə Hüseynin (Allah ondan razı olsun) yanına gedirsən?!” deyirlər. O, deyir: “Vay olsun sizə! And olsun Allaha ki, mən özümə Cənnət və Cəhənnəm arasında seçim verirəm. Vallahi doğranıb yandırılsam belə Cənnətdən qeyrisini seçmərəm”. Sonra isə İmam Hüseyn (Allah ondan razı olsun) onlara əks tərəf də daxil olmaqla imam duraraq müsafir olduqları üçün Zöhr və Əsr namazlarını qıldırır. O vaxt ki, Məğrib namazının vaxtı çatır İmam Hüseyn (Allah ondan razı olsun) yuxudan oyanır və atlıların onlara tərəf gəldiyini görəndə “bu nədir?” deyir. Deyirlər: “Onlar bizə tərəf gəlirlər”. İmam Hüseyn (Allah ondan razı olsun) deyir: “Gedin onlara deyin ki, nə istəyirlər?” İmam Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Abbas ibn Əli ibn Əbi Talib (Allah ondan razı olsun) də daxil olmaqla iyirmi atlı gedərək onlardan soruşur və onlar da “ya Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalıdır, ya da döyüşməlidir” deyirlər. Hüseynin (Allah ondan razı olsun) adamları deyirlər: “Gedək Əbu Abdullaha (Allah ondan razı olsun) xəbər verək”. Hüseynin (Allah ondan razı olsun) yanına gələrək xəbər verirlər və o, deyir: “Onlara deyin ki, bu gecə bizə möhlət verin, mən Rəbbim üçün namaz qılım. Çünki mən Rəbbim üçün namaz qılmağı çox sevirəm və sabah sizə xəbər verərik”. Beləliklə İmam Hüseyn (Allah ondan razı olsun) və onunla olanlar o gecəni namazla, istiğfarla (bağışlanma diləməklə) və dua ilə keçirirlər.

 

Taff döyüşü (H. 61 / M. 680)

İmam Hüseyn və yanındakı bir ovuc insan – böyük bir qoşunun qarşısında..

 İmam Hüseyn (Allah ondan razı olsun)  Ubeydullah ibn Ziyada əsir düşmək istəmədiyi üçün Cümə gününün səhəri iki tərəf arasında döyüş başlayır. Əlbəttə ki, İmam Hüseynin (Allah ondan razı olsun) ordusunun sayı zalım dəstənin ordusunun sayı yanında müqayisə olunacaq belə deyildi. Ona görə də çox az və vəfalı olan bu dəstənin hədəfi yalnız İmam Hüseynin (Allah ondan razı olsun) qarşısında ölmək idi. Nəhayət ölümdən qorxmayaraq İmam Hüseynin (Allah ondan razı olsun) qarşısında sinələrini qabağa atan bu igidlər bir-birinin ardınca dünyalarını dəyişirlər. Beləliklə yalnız İmam Hüseyn (Allah ondan razı olsun) qalır. Oğlu Əli (Allah ondan razı olsun) (Zeynəl-Abidin) xəstə olduğu üçün döyüşə qoşulmayaraq çadırda qalmışdı. İmam Hüseynə (Allah ondan razı olsun) uzun müddət heç bir kəs yaxınlaşaraq hücuma keçmir və hücum edən də onu öldürərək özünü bəlaya atmaq istəmədiyi üçün geri çəkilir. Döyüş bu minvalda davam edərkən Şimr ibn zil-Covşən gələrək insanları səsləyir və deyir: “Vay olsun sizə! Analarınız itirsin sizi! Onu mühasirəyə alın və öldürün!” Onlar da gələrək İmam Hüseyni (Allah ondan razı olsun) əhatəyə alırlar. Şəhidlikdən qorxmayan İmam Hüseyn (Allah ondan razı olsun) çox igidcəsinə qılıncı ilə onların aralarına girərək bir neçəsini öldürür. Lakin buna baxmayaraq çoxluq şücaətə qələbə çalar. Yenə də Şimr “vay olsun sizə! Nə gözləyirsiz?! İrəliləyin!” deyir və irəliləyərək İmam Hüseyni (Allah ondan razı olsun) şəhid edirlər. İmam Hüseynin (Allah ondan razı olsun) o mübarək başını kəsən Sinən ibn Ənəs ən-Nəxai, yaxud da elə Şimr ibn zil-Covşənin özü olduğu deyilmişdir. Çox qəribədir ki, əvvəllər Şimr İmam Əlinin (Allah ondan razı olsun) dəstəsində olaraq imamın tərəfdarı iddiasında idi, bu gün isə onun oğlu olan Hüseynin (Allah ondan razı olsun) başını kəsir. Allah onların üzünü qara etsin… Necə də Peyğəmbər nəvəsini, Əli (Allah ondan razı olsun) və Fatimənin (Allah ondan razı olsun) balasını və Cənnət cavanlarının ağasını öldürməyə əlləri gəldi?! İmam Hüseyn (Allah ondan razı olsun) şəhid edildikdən sonra mübarək və məsum başı Kufədə olan və İmam Hüseynin (Allah ondan razı olsun) qətlinə qol çəkərək müsəlmanlar tərəfindən qarğış və lənətlər qazanan Ubeydullah ibn Ziyadın yanına aparılır. O, lağ ilə əlindəki çubuğu Hüseynin (Allah ondan razı olsun) ağzına toxundurur. Bu zaman çox yaşlı səhabələrdən və Peyğəmbərin xidmətçilərindən olan Ənəs ibn Malik (Allah ondan razı olsun) qocalığına baxmayaraq ayağa durur və deyir: “And olsun Allaha səni pis hala salacağam! Mən Peyğəmbərin sənin çubuğu ağzına qoyduğun yerdən öpdüyünü görmüşəm”.

 

 İmam Hüseynlə (Allah ondan razı olsun) bərabər əhli-beytdən öldürülənlər.

İmam Əli (Allah ondan razı olsun) özündən əvvəlki xəlifələri sevdiyinə görə onlara beyət etmiş, onların həmişə sadiq məsləhətçisi olmuş, doğmaca Fatimədən (Allah ondan razı olsun) olan qızı ilə evləndirmiş və bunlarla kifayətlənməyərək hətta öz övladlarına belə onların adlarını qoymuşdur. Həmin xəlifələrin adlarını daşıyan Əhli-Beyt övladları da İmam Hüseynlə (Allah ondan razı olsun) birgə Kərbəlada igidcəsinə döyüşərək qətlə yetirilmişdirlər. Lakin çox qəribədir ki, bir çoxları minbərlərdə Kərbəla hadisəsini danışarkən bəzi batil səbəblərə görə o mübarək adları qeyd etməyərək, hətta gizlətməyə belə çalışırlar. Mənə elə gəlir ki, həmin adları mənbələri ilə qeyd etmək oxucular üçün də maraqlı olardı.

 

Hicri təqvimilə 5-ci əsrin imami alimlərindən olan Şeyx Mufid “Hüseyn bin Əli (Allah ondan razı olsun) ilə Kərbəlada Əhli-Beytindən öldürülənlərin adları” adlı fəsil açaraq demişdir: “Onlar on yeddi şəxsdirlər. Hüseyn bin Əli (Allah ondan razı olsun) isə onların on səkkizincisidir. Abbas, Abdullah, Cəfər, və Osman. Bunlar Əmirəl-Mumuninin (Əlinin) (Allah ondan razı olsun) övladlarıdırlar. Anaları isə Ummul-Bənindir. Abdullah və Əbu Bəkr də Əmirəl-Mumininin (Allah ondan razı olsun) övladlarıdır. Anaları isə Leyla bint Məsud əs-Səqafiyyədir. Əli və Abdullah da Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) övladlarıdır. Qasim, Əbu Bəkr və Abdullah Həsən ibn Əlinin (Allah ondan razı olsun) övladlarıdır. Muhəmməd və Ovn isə Abdullah ibn Cəfər ibn Əbi Talibin (Allah ondan razı olsun) övladlarıdır. Abdullah, Cəfər və Abdur-Rahmən isə Aqil ibn Əbi Talibin övladlarıdır. (On yeddinci isə) Muhəmməd ibn Əbi Səid ibn Aqil ibn Əbi Talibdir (Allah ondan razı olsun)”. (Mufid, “əl-İrşad” səh. 125).

 

Oxuduğumuz kimi Şeyx Mufidin təsdiqi ilə İmam Əli (Allah ondan razı olsun) müxtəlif qadınlarından olan iki oğluna Əbu Bəkr, bir oğluna isə Osman adını qoymuşdur. Həmçinin İmam Həsən (Allah ondan razı olsun) də bir oğlunun adını Əbu Bəkr qoymuşdur. Hətta digər alimlər İmam Əlinin (Allah ondan razı olsun) Kərbəlada öldürülmüş övladlarından birinin də Ömər olduğunu deyirlər. Bunu İbn Şəhr Aşub (ö.h. 588), “Mənəqibu Əli Əbi Talib” 3/255 İbn Əbil-Fəth əl-İrbilli (ö.h. 693), “Kəşful-Ğummə” 2/271, Seyyid Əli Xan əl-Mədəni (ö.h. 1120), “əd-Dərəcətur-Rafia” səh. 561, və digərləri öz kitablarında təsdiqləmişdirlər. Digər imamlar da öz övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını qoymuşdurlar. Lakin mən burada yalnız Kərbəlada qətl edilənləri qeyd etdim.

 

 İmam Hüseynin (Allah ondan razı olsun) ölümünə sevinən varmı?

Əhməd b. Teymiyyə (Allah ona rəhmət etsin) (ö.h. 728) İmam Hüseyni (Allah ondan razı olsun) öldürən lənətə gəlmişlər barəsində demişdir: “Hüseyni (Allah ondan razı olsun) öldürənə, öldürülməsinə kömək edənə və öldürülməsinə razı olana Allahın mələklərin və bütün insanların lənəti olsun…” (Məcmuul-Fətəva, 4/488).

Digər bir kitabında alim demişdir: “Şübhə yoxdur ki, Hüseyni (Allah ondan razı olsun) öldürmək günahların ən böyüklərindəndir. Onu öldürən, ölümünə razı olan və kömək edən Allahın cəzasına layiqdir” (Minhəcus-Sunnətin-Nəbəviyyə” 4/337).

O, həmçinin demişdir: “Allah Hüseyndən razı olsun, onu öldürənə isə lənət etsin. O, məzlum və şəhid olaraq (Yəzidin) xilafətində öldürülüb” (“Minhəcus-Sunnətin-Nəbəviyyə” 8/95).

 “Artıq Allah-Təala Hüseynə (Allah ondan razı olsun) şəhidlik nəsib etmiş, onu öldürəni, öldürməyə kömək edəni və öldürülməsinə razı olanı isə alçaltmışdır. Hüseyn (Allah ondan razı olsun) üçün özündən əvvəl olan şəhidlərdə gözəl nümunə vardır. Həqiqətən o, və qardaşı (Həsən (Allah ondan razı olsun)) Cənnət cavanlarının ağasıdırlar. Onların ikisi də İslamın ən güclü vaxtlarında yaşadıqları üçün Əhli-Beytin nail olduğu kimi nə hicrətə, nə cihada və nə də Allah yolunda əziyyətə səbir etməyə nail olmadıqlarına görə Allah-Təala da onlara olan nemətini tamamlaması və dərəcələrini qaldırması üçün şəhidliyi ikram etmişdir. Həqiqətən də onun öldürülməsi böyük müsibətdir. Allah-Təala müsibət anında bizim üçün bu sözü ilə istircanı öyrədərək buyurmuşdur: 

“Səbir edənlərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona da qayıdacağıq deyərlər”. Onlara Rəbbi tərəfindən bağışlanmaq və rəhmət vardır. Onlar doğru yolda olanlardır” (“Bəqərə” surəsi, 156-157-ci ayələr) (Məcmuul-Fətəva, 4/511).

 

Məşhur təfsir alimi İbn Kəsir (Allah ondan razı olsun) (ö.h. 774) demişdir: “İmam Hüseynin (Allah ondan razı olsun) ölümü hər bir müsəlmanı kədərləndirməlidir. O, müsəlmanların ağalarından, səhabələrin alimlərindən və Rəsulullahın (ona və ailəsinə salam olsun) qızlarının ən üstünü olan Fatimənin (Allah ondan razı olsun) oğlu idi. Çox ibadət edən, şücaətli və əliaçıq olmuşdur. Lakin bəzi insanların etdiyi (ağlaşma, zəncir vurma və s. kimi) əməllər bəyənilən deyildir. Ola bilsin ki, o əməllərin çoxu özünü göstərmək və riyakarlıqdan da irəli gəlir… belə müsibətləri xatırlayan zaman deyiləsi ən gözəl söz Əli ibn Hüseynin (Allah ondan razı olsun) (Zeynəl-Abidin) babası Rəsulullahdan rəvayət etdiyi hədisdir. O buyurmuşdur: 

“Müsəlmanın başına bir müsibət gələrsə və üstündən çox keçsə belə o müsibətini xatırlayar və “innə lilləhi va innə ileyhi raciun – biz Allahınıq və Ona da qayıdacağıq” deyərsə, Allah-Təala ona başına gələn müsibət anında verdiyi savabın mislini mütləq verər” (Əhməd 1751, İbn Macə 1598)” (İbn Kəsir, “əl-Bidəyə” 8/221)

 

Bəli, əlbəttə ki, böyük şəxsiyyət olan İmam Hüseynin (Allah ondan razı olsun) öldürülməsi hər bir müsəlmana hər bir insanlıq hissi duyana ağır bir müsibətdir. Necə də müsibət olmasın ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) kimi babanın, Əli (Allah ondan razı olsun) kimi atanın və Fatimə (Allah ondan razı olsun) kimi ananın nəvazişində böyümüş Hüseyn (Allah ondan razı olsun) biz müsəlmanlara da doğma və sevimli sayılır. Kərbəla hadisəsini xatırlayanda gözümüzdən öncə qəlbimiz ağlayır. Əhli-Beytin başına gətirilən bu faciəli müsibəti eşidəndə, yaxud danışanda göz yaşları insandan ixtiyarsız tökülməyə başlayır._

* Hər bir kəs zaman və məkan fərqi olmadan bu hadisəni və digərlərini xatırlayarkən təbii ki, kədərlənə bilər. Lakin hər ilin eyni gününü matəm edib ağlaşma, zəncir vurma, baş yarma və qan tökmə məclisləri qurub mərsiyələr deyərək yalan-gerçəkdən olan ağlaşmaları isə nə Peyğəmbərimiz (ona salam olsun), nə də onun mübarək Əhli-Beyti etməmişdir.

Hz. Həmzə Şəvval ayında Uhud döyüşündə ağır şəkildə şəhid edildi. Peyğəmbərimizə dayaq olan, canı, Əhli-Beyt’dən olan (!), üstün fəzilətli (!), çox sevdiyi əmisi olan Həmzə.. Amma O (ona salam olsun), sonralar Şəvval orucunu dayandırmadı, hər il əzadarlıq etməyə, habelə bunun (Həmzə üçün əzadarlığın) – orucdan daha fəzilətli olduğunu demədi və ‘bu ayda oruc tutanlar Həmzəni sevmirlər’ – də demədi.. 

 

İmam Hüseyni kim qətlə yetirmişdir? Qətl əmrini kim vermişdir?.. Bu sualın cavabı – növbəti yazımızda.. (oxumaq üçün üzərinə tıkla)

 

 

 

Bu yazı, www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır. Məqalədə Dr. Osman Xamisin “Tarixi Hadisələrin Təhlili” kitabından geniş şəkildə istifadə olunmuşdur. “Tarixi Hadisələrin Təhlili” kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı