featured-image-3352

Mömin bilir ki, yaxşı yuxu bir gerçəklikdir. O, Allah dərgahındandır. Bu haqda açıq‐aydın və etibar olunacaq dəlillər varid olmuşdur. Quran ayələrində peyğəmbərlərin və eləcə də digər şəxslərin bəzi yuxuları, onların təfsiri və yozmaları buna misal ola bilər. Peyğəmbərlərin yuxuları gerçək olur və vəhy sayılır. Məsələn, İbrahim Xəlil (Əleyhissəlam) öz oğluna belə demişdir: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (əs‐Saffat, 102).

Həmçinin nöqsansız olan Allah, Yusifin (Əleyhissəlam) hekayəsi haqda bizə xəbər verərək buyurur: “Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər” (Yusif, 4). Surənin sonunda buna yozum olaraq buyurur: “(Yusif) ata‐anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata‐ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir‐birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi.” (Yusif, 100).
Peyğəmbər olmayan insanların yuxusuna gəlincə, Qurani kərimin Yusif surəsində iki məhbusun yuxusu və Yusifin (Əleyhissəlam) onların hər birinin yuxusunu yozması, həmçinin Yusifin (Əleyhissəlam) hökmdarın yuxusunu yozması haqda ayələr varid olmuşdur.
Səhih Sünnədə də bu mövzuya toxunulmuşdur. Ənəs ibn Malikin (Allah ondan razı olsun) Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun)buyurmuşdur: “Möminin yuxusu peyğəmbərliyin qırx altı hissəsindən biridir”.
İbn Abbasın (Allah ondan razı olsun) rəvayətində isə buyurulur: İnsanlar Əbu‐Bəkrin (Allah ondan razı olsun) arxasında səflərdə ikən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) pərdəni açaraq dedi: “Ey insanlar, həqiqətən möminin gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərlikdən heç bir müjdə qalmadı. Həqiqətən mən, rüku və səcdə vəziyyətində Quran oxumağı qadağan etdim. Rükuda nöqsansız olan Rəbbə təzim edin (ʺsübhanə rəbbiyəl azimʺ deyin), səcdədə isə çoxlu dua edin. Bununla da duanızın qəbul olunma ehtimalını artırarsınız”.
Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanın yuxusu daha düz çıxacaq”. Hədisi Muslim rəvayət etmişdir.
Bununla aydın olur ki, yuxu bir həqiqətdir. Lakin bilmək lazımdır ki, hər yuxu doğru olmur. Əksinə ola bilər ki, insanın yuxularının bəziləri doğru çıxsın, bəziləri isə şeytanın oyunu olsun ki, onunla Adəm övladını kədərləndirir. Bəziləri də insanın oyaq ikən gördükləri hadisə və faktların yuxu şəklində təzahürüdür. Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qiyamət yaxınlaşdıqca müsəlmanın yuxusu təsadüfi hallarda yalan çıxacaq. Sizlərdən doğru danışanların yuxusu daha düz çıxacaq. Müsəlmanın yuxusu peyğəmbərliyin qırx beşdə bir hissəsidir. Yuxular üçdür: Birincisi, Allahdan müjdə olan saleh yuxular. İkincisi, şeytanın təlqin etdiyi kədərləndirici yuxular. Üçüncüsü, yaddaşa həkk olunmuş hadisələrlə bağlı yuxular. Sizlərdən biri xoşa gəlməyən yuxu görərsə, yatağından qalxsın. Sonra namaz qılsın və bu yuxunu heç kəsə danışmasın”. Hədisi Muslim rəvayət etmişdir.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə səhər‐axşam, yatmazdan öncə deməli olduğumuz zikrlər öyrətmişdir. Bu zikrlər Allahın izni ilə müsəlmanı şeytandan və şər qüvvələrindən qoruyur, möminlik dərəcəsini yüksəldir və imanını artırır.

(Əbdüləziz Ali Şeyx)

Bənzər Məqalələr