media-img_6772

Zülm, tarix boyu bəşəriyyətin üz qarası olmuş, cəmiyyətlərin və fərdlərin məhv olmasına səbəb olmuş ağır bir günahdır. Qurani-Kərimdə zalımların aqibəti barədə dəfələrlə xəbərdarlıq edilmiş, onların gec və ya tez ilahi cəzaya düçar olacağı bildirilmişdir.

Bəzən bu cəzalar dərhal üzə çıxır, bəzən isə Allahın hikmətinə uyğun olaraq gecikmiş və gizli şəkildə həyata keçirilir. Lakin bir həqiqət dəyişikliyə uğramır: Allah zalımları əsla unutmaz. Aşağıda Quran ayələrinə əsaslanaraq, Allahın zalımlara verdiyi cəza yollarından bir neçəsinə nəzər salaq.

 

Zalıma qarşı başqa bir zalımı göndərməsi

İlahi ədalətin incə təcəllilərindən biri də budur ki, bir zalım, başqa bir zalım vasitəsilə cəzalandırılır. Onlar bir-birinə zərbə vurarkən, ətrafdakı insanlar bu qarşıdurmadan müvəqqəti də olsa xilas tapır.

“Yaxud sizi firqələrə ayırar və birinizi digərinizin şiddətli əzabına düçar edər.” (Quran, 6/65)

 

Allahın qayda-qanunu (sünnə’si) dəyişməzdir

Zalım şəxslərə qarşı tətbiq olunan ilahi cəzalar keçmiş ümmətlərin də yaşadığı ədalət təzahürləridir. Bu, Allahın dəyişməz qanunudur.

“Səndən əvvəlki ümmətlər barəsində də Allahın sünnəsi belə idi. Allahın sünnəsində heç bir dəyişiklik tapa bilməzsən.” (Quran, 35/43)

 

Cəza ya Allahın qatından, ya da insanların əli ilə gələr.

Zalım bəzən Allah tərəfindən birbaşa, bəzən isə insanların – xüsusilə məzlumların əli ilə cəzalandırılır.

“Biz də gözləyirik. Görək Allah sizə ya öz qatından, ya da bizim əlimizlə bir əzab göndərəcək. Elə isə siz də gözləyin!” (Quran, 9/52)

 

İntiqam gizli şəkildə də ola bilər

Allah bəzən zalımı elə cəzalandırır ki, məzlumun bundan xəbəri belə olmur. Zamanı və forması yalnız Allah tərəfindən müəyyən edilir.

Zalıma qarşı intiqamın məzlumun gözü önündə olması

Bəzən Allah zalımı məzlumun gözü önündə həlak edir. Bu, məzluma mənəvi təsəlli verir və ədalətin təcəllasına şahidlik etməyə imkan yaradır.

“Xatırlayın ki, sizi dənizdən keçirdik və Fironun ailəsini gözünüz önündə boğduq.” (Quran, 2/50)

İlahi cəza gözlənilməz formalarda gəlir

Zalımlar çox vaxt təhlükəni uzaqda axtarır, amma əzab onlara heç gözləmədikləri şəkildə və yerdən gələr.

“Allah onlara elə bir yerdən gəldi ki, heç ağıllarına gəlməzdi.” (Quran, 59/2)

“Onlara fərqində olmadıqları yerdən azab gəldi.” (Quran, 16/26)

İlahi ədalət heç kəsi unutmur. Hər bir zalım layiq olduğu aqibətlə üzləşir. Qul üçün vacib olan — zülmdən uzaq durmaq, haqqı qorumaq və səbirlə Rəbbinin hökmünü gözləməkdir. Zalımlar öz zülmlərini unutsalar da, Allah əsla unutmaz.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr