media-img_9383

Dünyada baş verən çətinlikləri və zülmə məruz qalan insanları gördükdə təbii ki,  məyus olur və bu neqativ hadisələrin dayanmasını arzulayırıq. Hətta, bəzən iradəmizdən kənar olaraq düşünürük: nəyə görə zülmə cavab verilmir, Allah-Taala niyə dərhal cəza vermir? Lakin Allahın varlığını yada saldıqda və tarixi hadisələri diqqətlə düşündükdə görürük ki, burada, bizim Allahın bizim bilmədiyimiz bir çox hikməti ola biləcəyini anlayırıq. Ümumiyyətlə, insanın övladının törətdiyi cinayətlərə görə Allahı günahlandırmağın özü məntiqsiz və nəfsani bir yanaşmadır. Onun, bizim “sunnətullah” dediyimiz qayda-qanunları bizim təsəvvür etdiyimizdən fərqli işləyir və cəzaları da bir çox vaxt gələcəkdə anlayacağımızı hikmətlərə əsasən həyata keçir. Əgər hər şeyin cavabı dərhal verilsəydi, imtahanın mənası qalmazdı. Bəzən imtahan illərlə davam edir, insanın və bəzən də toplumların sınaqdan necə çıxacağı müşahidə olunur (Qurani-Kərim, Ənfal surəsi, 17-ci ayə; Ənkəbut surəsi, 2–3-cü ayələr). Məzlumlar səbr və dözümlülüklərinə görə imtahan olunurlarsa, güc sahibi olub, sonra isə zalımlıq edənlərin imtahanı və cəzası da, məhz onların sahib olduqları imkanlara görədir (və ya olacaq). Tarix bir çox zamanlarda sübut edib ki, gələcəyin əzəmətli güc sahibləri, məhz keçmişdə əzilən toplumlardan çıxmışdır.

Tarixdə bunun ən məşhur nümunələrindən biri Musa Peyğəmbərin dövründəki Firon hadisəsidir. Tarixçilər həmin dövrün Misir Fironunun (hökmdarının) kimliyi barədə yekdil fikirdə deyillər: bəziləri onun II Ramzes (Ramesses II) olduğunu irəli sürür, digərləri isə Merneta (Merneptah) və ya Yeni Krallıq dövrünün başqa hökmdarlarını göstərirlər (Redford, Donald B. Egypt, Canaan, and Israel in Ancient Times, Princeton University Press, 1992). Hər halda, o, Misirin ali hökmdarı — yəni “Firon” titulunun sahibi idi. O dövrdə Misir yalnız bölgənin deyil, dünyanın ən qüdrətli dövləti sayılırdı (Shaw, Ian. The Oxford History of Ancient Egypt, Oxford University Press, 2000). Bircə kahinin – “İsrail övladlarından birisi çıxacaq və sənin hakimiyyətinə son qoyacaq” yuxuyozması ilə canı qorxuya düşən və bütün onların uşaq-böyük demədən bütün kişilərinin öldürülməsini əmr edən əzəmətli Fironun ətrafında o zamanın ən güclü orduları, zəngin xəzinələri və böyük siyasi nüfuzu vardı.

Amma bütün bu güc Allah qarşısında heç bir şey ifadə etmədi. Nəticədə, Allah onu sulara qərq etdi (Qurani-Kərim, Yunus surəsi, 90–92-ci ayələr) və bütün qüdrətinə baxmayaraq, adını insanların yaddaşlarından və demək olar ki, bütün tarixdən sildi. Bu gün bir qismimiz Musa, bir qismimiz Moses desək də, onun adını – hətta onun Allahın elçisi olduğuna iman etməyən kəslər belə bilir. Lakin həmin dövrün Fironunun adı yalnız qədim yazıtlarda və tarixi mübahisələrdə qalıb.

Bu və buna bənzər yüzlərlə tarixi misal bizə göstərir ki, heç bir zülm cavabsız qalmır. Sadəcə, cəzanın vaxtı Allahın hikmətinə bağlıdır. Bu deyilənlər sadəcə bir təsəlli deyil, tarixi həqiqətlərdir. Biz Allaha təvəkkül edir, Onun ədalətinə inanırıq və bilirik ki, hər şeyin öz vaxtı var. Körpə ikən çaya atılan Musa oldu, lakin illər sonra son nəticədə boğulan Firon oldu…

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr