media-img_5253

Zamanın çox sürətli keçməsi bəzən bizi sevindirir.. “Nə yaxşı oldu, bir göz qırpımında qış sona çatdı, yay gəldi” və ya əksinə – düşündüyümüz anlarımız çox olur. Bəli, bəzən zamanın tez keçməsi insan üçün müəyyən qədər faydalı olur: kimisinin yaraları sağalır, kimisi bir çətinliyini geridə qoymuş olur.. Lakin, zamanın çox sürətlə keçməsindən biz də öz nəsibimizi alırıq. Təkcə yaşın artması və yavaş-yavaş həyatın sonlarına doğru yaxınlaşmaq da – sürətlə keçən zamanın təbii nəticəsidir.  Bəli, vaxt tez keçdi, amma, bizim bu dünyadakı günlərimiz də onunla paralel olaraq tez keçib getdi.

Əslində isə, sürətlə keçən zaman – bərəkətsizliyin bir göstəricisidir. Bərəkət sözlə izah oluna bilməyən, ancaq hiss edilə bilən əcaib bir şeydir. Doya-doya yaşanan və bərəkətli keçən bir ömür – sürətlə deyil, aramla və qəlb rahatlığı ilə yaşanan bir həyatdır.Uca Yaradan məhz buna işarə edərək:

مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

“(Allaha həqiqi mənada) iman edib yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadınlara (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” (Quran, 16/97)

‘Xoş həyat’ nədir? Xoş həyat – bərəkətli və qəlbi rahat şəkildə yaşanılan həyatdır. Heç bir dünya zənginliyi insana daimi qəlb rahatlığını verməyə qadir deyildir. Bərəkət isə, mənəvi zəngin həyatla, xeyirxah əməllər etməklə, Allaha bağlı bir yaşayışla, xeyirli övladlar yetişdirməklə və halal-harama diqqət etməklə mümkündür. Bəzən bir dəqiqəlik bərəkət illərdən daha dəyərli, bir loxma çörəkdə olan bərəkət növbənöv nemətlərlə zəngin süfrədən daha bərəkətli, habelə daha ləzzət verici olur. Sürətlə uçub gedən həyat illərindən fərqli olaraq, bərəkət dolu bir həyatın hər dəqiqəsi mahiyyətli olur.

Cavanlıq və qocalığın – hərəsinin özünəməxsus qəlb rahatlıqlı və bərəkətli olması – insanın huzurlu və çox xoşbəxt yaşamasına səbəb olur. Həyatın hər anının öz gözəlliyi vardır. Bərəkətli və xeyirli qocalıq yaşayan kəs, cavanlığın verdiyi dinamik həyatın həsrətini əsla çəkməz. Bərəkət və qəlb rahatlığı həyatdan əksik olduqda, zaman bir göz qırpımında ötüb keçərək ömrümüzü dəyərsizləşdirir. Yaxşıca düşündükdə anlayırıq ki, bu həyatda bizə lazım olan və bizi xoşbəxt edə biləcək ən əsas amillər məhz bunlardır. Allaha bağlı şəkildə, habelə Onun əmr və yasaqlarına riayət edərək yaşanılan həyat – qəlb rahatlığı və bərəkətin mənbəyidir.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı