“Qolu ən uzun olan” Peyğəmbər ﷺ xanımı – Zeynəb bint Cəhş
Peyğəmbərimizin ﷺ həyat yoldaşı olmuş, möhtəşəm bir qadınlıq nümunəsi olmuş Zeynəb anamız haqda yazı yazmaq, böyük bir cəsarət istər.. Daima xeyirxahlıqla məşğul olmuş Zeynəb bint Cəhş (Allah ondan razı olsun), 34 yaşına qədər Hz. Muhəmmədlə ailə qurmağı gözləmiş, ‘Allahın elçisi elçi gəlir’ – xəbərini eşitdikdə çox sevinmişdi. Lakin Peyğəmbərﷺ, onu, azadlı köləsi və oğlu kimi çox istədiyi Zeyd üçün istəməyə gəlmişdi.. Ailəsi tam başqa bir şey gözləyərkən, bu təklifdən narazı qalmış, lakin Zeynəb, Allahın elçisinin sözünə qarşı gələ bilmərəm – deyərək, bu evlilik təklifini -könlü razı olmasa da- qəbul etdi. Cəmi bir il davam etmiş bu evlilik, anlaşımsızlıq səbəbiylə uğursuz oldu və boşanma ilə nəticələndi. Uzun hekayənin sonunda, Zeynəb – möminlərin anası – yəni, Peyğəmbər xanımı oldu..
Bu evlilik haqda Qurani-Kərimdə ayə (Əhzab, 37) nazil olduğu həmişə fəxrlə belə deyərdi: “Mənim kəbinimi göydə Allah kəsdi.” (Buxari) Çox özəl bir insan olması, təkcə buradan da özünü bəlli edir.. Hər bir müsəlman qadın üçün, onun həyatını oxumaqda böyük faydalar vardır..
Əziz Peyğəmbərimiz ﷺ xanımlarına: “(Cənnətdə) Mənə ən tez qovuşacaq olanınız – qolu ən uzun olanınızdır” – demişdi.
Buna görə də, Peyğəmbərimizin xanımları ‘hansımızın qolu daha uzundur‘ – deyə, qollarının uzunluğunu ölçərdilər. Fiziki olaraq qolu uzun olan – Sevda (Allah ondan razı olsun) idi. Lakin, Peyğəmbərimizin qəsd etdiyi məna başqa idi. Sədəqə vermək, xeyir işlərdə öndə olmaq və cömərdliyi nəzərdə tuturdu. Bu mənada isə, ‘qolu ən uzun olan‘ – Zeynəb anamız idi (Allah ondan razı olsun). (Muslim)
Aişə anamız deyir ki, Zeynəb’in Mədinədə nə qədər dul və yetimi himayə etdiyini, biz o vəfat edərkən cənazəsinə gələnlərin sayını gördükdə anladıq. “Bundan sonra bizi kim himayə edəcək, bizə kim baxacaq” – deyə, kədər içində idilər. Zeynəb anamızın milyonları yox idi, sadəcə, əlinə nə gəlsə ilk olaraq öz problemlərini “yadına salmaz”, gözünü parça ilə bağlayaraq (həqiqətən bu cür edirdi), bəzən hətta toxunmadan tamam’a yaxınını ehtiyaclılara göndərərdi.
Son qeyd etdiyimiz hadisə, Hz. Ömərin xəlifəlik illərindən olan, hicrətin 20-ci ili ilə bağlıdır. Xəlifənin elçisi, 3 ilə tamamlanmış Misirin fəthindən döyüş qəniməti olaraq, Peyğəmbər ailəsinə düşən 12 min dirhəm gətirir.. Zeynəb anamız, digər Peyğəmbər xanımlarına aparılmasını, bölgünü başqasının etməsini istədikdə, artıq bölgünün aparıldığını və ona düşən payın bu olduğu xəbər verilir. Dərhal bir parça götürür, gözlərini bağlayır, yardımçısı Bərzə’yə, dirhəmlərin üzərini örtməsini əmr edir. Nəyə görə belə edirdi ki? Çünki, dünya malının gözlərinə, sonra isə, qəlbinə təsir etməsindən qorxurdu.. Dəfələrlə “əlini sal Bərzə” – deyir və dəfə çıxan bir ovuc dirhəmi fərqli-fərqli ehtiyaclılara aparmasını tapşırırdı. Xeyir işlərdə tələsməyərək, tənbəllik edənlər üçün, önəmli bir misaldır..
Beləliklə, yerdə cəmi 580 dirhəm qalır.. Bunu eşidən Xəlifə Hz. Ömər, 1000 dirhəm də göndərir və bunu yalnız özünün istifadə etməsini xahiş edir. Amma, pul qapı bağlanmamış, digər qapıdan çıxaraq, yenə də ehtiyaclılara göndərilir.. “Ey Rəbbim! Mal ilə imtahan olunmaq çox çətindir! Sən məni bir daha Ömərin göndərəcəyi hədiyyələrlə imtahan etmə!” – deyə əllərini səmaya doğru açan bu möhtəşəm qadının duası qəbul olunur və həmin il, 53 yaşında vəfat edir.. Bax buna görə onlar, çox fərqli idilər! Allah ondan və bizə öndər olmuş bütün əhli-beytdən razı olsun, onların yoluyla getməyi bizlərə nəsib etsin!
İstifadə olunmuş mənbələr: Musnəd (VI cild); İbn Sad, Təbəqat (VIII cild); Tabəri, Cəmiu’l-Bəyan (XX cild); İbn Abdulbərr, İstiab (IV cild); Zəhəbi, Siyər (II cild).
Hazırladı: Ayxan Yaquboğlu