HARAM AYLAR/ƏŞHURUL-HARAM (mənası, sayı və məşhur gecikdirmə hadisəsi)
Qurani Kərimdə “Haram aylar” haqqında bəhs olunmasını çoxumuz bilirik. Lakin, bu ayların mahiyyət və sayı haqqında məlumatlı olmayanların sayı azdır.. Cəmiyyətimizdə isə, bu aylar arasında daha çox Məhərrəm ayı məşhurdur. “Əşhurul-Haram” (haram aylar) – hörmətə layiq olan aylar deməkdir. Həmin aylarda müharibə etməyin qadağan olunması səbəbilə, bu cür adlandırılmışdır. Bunlar: Zülqadə, Zilhiccə, MƏHƏRRƏM və Rəcəb aylarıdır.
Hələ İslamdan öncəki cahiliyyə dövründə ərəblər arasında daxili döyüşlər tez-tez baş verir, yalnız haram aylarda döyüşlər dayandırılırdı. Bu aylarda müsabiqələr elan edilir, şeir yarışmaları təşkil edilir, habelə yahudi, xristian və bütpərəstlər – din yayma fəaliyyəti ilə məşğul olurdular. Bir sözlə, sülh şəraiti təmin edilirdi. Əgər bu aylarda müharibə olardısa, qadağaya məhəl qoyulmadığına görə buna “Ficar savaşı” deyilərdi. Peyğəmbərimizin, hələ iyirmi yaşında (peyğəmbərlikdən öncə) olarkən, Qureyş və Həvazin qəbilələri arasında baş vermiş “Ficar savaşı”-nda məcburən iştirak etdiyi rəvayət edilmişdir. O (ona salam olsun), bu döyüşdə heç kimin qanını tökməmiş, yalnız atılan oxları toplayaraq əmilərinə verməklə məşğul olmuşdur.
Haram aylar – İbrahim Peyğəmbər (ona salam olsun) dönəmindən etibarən, bilinən və tətbiq olunan qəməri aylardandır. Yəni, ayın hərəkətinə görə tənzimlənən (qəməri) təqvimin aylarındandır. Hicrət hadisəsi (hicrət: Məkkədən Mədinəyə böyük köç – red.), İslam tarixində çox önəmli bir dönüm nöqtəsi hesab olduğuna görə, bu hadisənin baş verdiyi ay olan Muhərrəm, təqvimin başlanğıc ayı olaraq qəbul edildi. Hz. Ömər zamanında edilmiş bu təqvim tənzimləməsi nəticəsində, hicrətin edildiyi il, birinci il olaraq qəbul edilməklə, QƏMƏRİ təqvim ortaya çıxmışdır. Məhərrəm ilə başlayıb, Zilhiccə ilə sona çatan hicri-qəməri ilin ayları bunlardır: Məhərrəm, Səfər, Rəbiul-Əvvəl, Rəbiul-Axir, Cəmadəl-Əvvəl, Cəmadəl-Axir, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zülqadə və Zilhiccə.
Haram aylar haqqında Qurani-Kərimdə belə buyurulmuşdur:
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm (günah) etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir! Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana və ya zülqədə, zülhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək və qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir tayfanı doğru yola yönəltməz!” (Quran, 9/36-37)
Ayədə qeyd olunmuş “nəsi” (gecikdirmək) məsələsinin nə cür baş verdiyi və ərəblərin bu formada haram (müqəddəs) ayı nə cür halal saymasına gəlincə.. Ay (qəməri) ili (354 gün) ilə günəş (şəmsi) ili (365 gün) arasında on bir günlük bir fərq olduğuna görə, təbii olaraq qəməri aylar hər il on bir gün daha öncə gəlirdi. Bu səbəblə də, Həcc mövsümü bəzən qışın ən soyuq, bəzən isə yayın ən isti dönəmlərinə təsadüf edirdi. Bu hal isə, müşriklərin xoşuna gəlmirdi. Çünki şiddətli soyuq və ya isti olduqda, bədəvilər ziyarətə gələ bilmir və eyni zamanda ticarət həyatı da çətinləşirdi. Bu səbəblə də, hər üç ildən bir – şura toplanır və ilin ayları 12-dən 13-ə qaldırılırdı. Beləliklə həcc mövsümü, daimi olaraq dörd mövsümdən istədikləri bir vaxta (məsələn: məhsul yetişən zamana) təyin olunurdu. Həcc mövsümü stabil olaraq eyni vaxtda qalır, lakin aylar yer dəyişmiş olurdu. Nəticədə haram aylar, halal ayların yerinə keçmiş olurdu. Həcc ayı olan Zilhiccə də, hər il 11 ay sonraya təyin olunduğu (ayədə buna “gecikdirmə” deyilir -red.) üçün, həmin ayın 9-cu (Ərəfa) günü, yalnız 33 ildə bir dəfə öz əsl vaxtına təsadüf etmiş olurdu. Hicrətin 10-cu ili Zilhiccənin əsl/gerçək zamanına düşmüşdü.
Peyğəmbərimiz (ona salam olsun) Vida xütbəsində bu mövzuya diqqət çəkərək belə buyurmuşdu:
“Ey insanlar! Müharibə edə bilmək üçün haram ayların yerini dəyişmək, şübhəsiz ki küfrdə çox irəli getmək – deməkdir… Onlar Allahın haram etdiyini halal, halal etdiyini isə haram elan edirlər… İl – 12 aydan ibarətdir: 4-ü haram aylardır ki, 3-ü ard-arda gəlir: Zülqadə, Zilhiccə və Məhərrəm. Bir də, Şaban və Cəmədəl-Əvvəl arasında olan Mudar qəbiləsinin Rəcəb ayı.. (Mudar adlı məşhur qəbilə, Rəcəb ayına çox hörmət etdiklərinə görə “Mudar qəbiləsinin Rəcəbi” deyilmişdir)” (ət-Tac, 2/149)
Sonralar bu aylardakı müharibə qadağası nəsx (Allah tərəfindən ləğv) edilmişdir. Ayədəki “bu aylarda özünüzə zülm etməyin” – sözü isə, “günah etməyin” – deməkdir. Çünki günah – insanın özünə qarşı zülm etməsi deməkdir. Beləliklə də, bu aylarda günah əməllər etməyin cəzası, digər aylarla müqayisədə daha böyük və ağırdır.
Ayxan Yaquboğlu (2021)