SUAL: Xahiş edirəm bu ayəni izah edəsiniz: “..Dində məcburiyyət yoxdur” (Bəqərə, 256). Zəhmət olmasa burada qəsd edilən mənanı şərh edin. Əgər belədirsə, onda Ərəb Xilafəti qurulduqdan sonra Ömərin (Allah ondan razı olsun) dövründə niyə İslam ölkəsi olan Xilafət başqa ölkələr üzərinə hücum etdi? Məsələn, Azərbaycana. Ayə ilə tarixi hadisələri necə başa düşək Əvvəlcədən təşəkkürlər.

CAVAB: “Dində (İslamda) məcburiyyət yoxdur” sözünün mənası – yəni heç kim İslamı qəbul etməyə məcbur deyildir. Ayənin davamından anlayırıq ki, artıq haqq, aşkar şəkildə görünür və haqqın nə olmasında heç bir şəkk qalmamışdır. Kim Allahdan başqa ibadət olunanları və itaət olunanları, İslama müxalif olan sistemləri, inancları rədd edərsə və yalnız Allaha iman gətirərsə, o zaman sağlam bir yol üzərindədir.

Bundan əlavə deməliyik ki, “Ərəb xilafəti” sözü, tarixdə heç bir əsası olmayan, uydurma bir ifadədir. Xilafət, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanların mərkəzi nöqtəsi hesab olunurdu. Dövlət strukturu isə, təkcə ərəblərdən ibarət deyildi. Misal üçün Abbasilər dövründə, ordu türklərdən, bürokratiya farslardan, hakim orqan isə, ərəblərdən ibarət idi.

Xilafət qurulduqdan sonra başqa ölkələrin ələ keçirilməsi ilə, qeyd etdiyiniz ayə arasında bir ziddiyyət yoxdur. Tarixdə hökm sürmüş istənilən dövlət və ideologiya, genişlənmə (fəth) siyasəti yürütmüşdür. Bu, çox normal bir haldır və tarixdə bu siyasəti izləməyən heç bir dövlət olmamışdır. Fərq bundadır ki, bəziləri zülm, bəziləri isə ədalət prinsipi ilə hərəkət etmişdir.

Günümüzdə liberallar belə, bir yerdə öz ideologiyalarına zidd olan ölkələrdə (ən azı öz iddialarına görə) müharibə aparırlar. Soruşduqda, təbii ki bunu, “ədalət naminə” edərək savaşdıqlarını deyirlər. İslam Xilafəti də, dünyada ədaləti bərqərar etmək üçün çalışmış, zülm altında əzilən bir çox millət, müsəlmanların ədalət prinsiplərini könüllü olaraq qəbul etmişlər.

İslama qarşı vuruşan toplumların əksəriyyəti, öz xalqlarına qan uddurmuş və zalım iqtidarlarının əldən getməməsi üçün “çalışmışlar”. Tarixi faktlar, bunların ən bariz sübutlarıdır.

Bundan əlavə müsəlmanlar, ələ keçirilən ərazilərdə İslamı məcburi qəbul etdirmirdilər. Öz dinlərində qalanlardan sadəcə cizyə adlı vergi ödəmələri tələb olunurdu. Dini məbədlərinin və gündəlik həyatlarının təhlükəsizliyi təmin olunan hər bir vətəndaş, əlbəttə ki dövlətinə vergi ödəməlidir. Bir çox insanın bilmədiyi digər məsələni də nəzərə çatdıraq ki, vergi təkcə qeyri-müsəlmanlardan alınmırdı. Müsəlmanlar zəkat, qeyri-müsəlmanlar isə cizyə ödəyirdilər. Lakin dinlərini tərk etməklərinə məcbur edilmirdilər, ibadət evləri qorunulub saxlanırdı, onlara toxunmaq və zərər vermək isə, qadağan edilirdi. Buna görə də, bəzi İslamofob irqçilərin dediyi kimi biz bunu “ərəb istilası” deyil, ‘könül xoşluğumuzla müsəlman olduğumuz tarixi hadisə’ olaraq adlandırırıq.

Suallar www.islamevi.az saytının elmi heyəti tərəfindən cavablandırılır. Tərtib: Ayxan Yaquboğlu

Bənzər Məqalələr