featured-image-2569

Aişənin (r) fəziləti

1. Aişə (r) rəvayət edir ki, “Peyğəmbər (s) mənə: “Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!” — dedi. Mən də: “Ona da Allahın salamı, rəhməti və bərəkəti olsun!” — dedim. Çünki, Rəsulullah (s) mənim görmədiyimi görürdü”. (Buxari, “Kitabul-fadail əshab”, 32/109; Müslim, “Fadailus-səhabə”, 91/2447; Əbu Davud, “Ədəb”, 166/5232; ət-Tirmizi, “Mənaqib”, 3876; ən-Nəsai, “İşretun-nisa”, 3/7, 69).

2. Əbu Musa (r) rəvayət edir ki, “Biz, peyğəmbərin (s) səhabələri hədislərin mənalarını başa düşməkdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək” (ət-Tirmizi, “Mənaqib”, 3877).
3. Əbu Vail rəvayət edir ki, “Əli (r) əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni Kufəyə göndərəndə Ammar xütbə edib dedi: “Qəti surətdə bilirəm ki, o, dünyada və axirətdə peyğəmbərin arvadıdır. Lakin Allah sizi Öz hökmünə (İmama itaət edəcəyiniz), yoxsa Aişəyə tabe olacağınız ilə imtahana çəkir” (Buxari, “Kitabul-fadail əshab”, 32/112).
Bu rəvayət Cəməl (Dəvə) döyüşü ərəfəsində Əli (r) və Aişə (r) qarşıdurması ilə əlaqədar söylənilmişdir.
Əslində bu qarşıdurma düşmənçilikdən deyil, Aişədən başqa sağlığında Cənnətlə müjdələnmiş Təlha və Zubeyr kimi böyük səhabələrin, Osmanın (r) qatillərinin tapılması və qisasının alınması tələbindən yaranmışdı. Həm Əli (r), həm də Aişə (r) İslam dünyası üçün xeyir istəyirdilər.
4. Abdullah bin Abdurrəhman, Ənəs bin Malikdən (r) belə eşitdiyini rəvayət edir: “Mən Rəsulullahdan (s) eşitdim ki: “Aişənin digər qadınlardan üstünlüyü sərid aşının digər yeməklərdən üstünlüyü kimidir” (Buxari, “Kitabul-fadail əshab”, 32/110).
5. İbn Aun əl-Qasim bin Məhəmməddən rəvayət edir ki: “Aişə (r) xəstələnmişdi. Abdullah bin Abbas (r) onu ziyarət etməyə gəldi və: “Ey möminlərin anası, sən Rəsulullah (s) və Əbu Bəkrin (r) səndən əvvəl Cənnətə girib hazırladıqları gözəl bir məqama gedəcəksən” — dedi. (Buxari, “Kitabul-fadail əshab”, 32/111).
Abdullah bin Abbas (r) dövrünün ən elmli şəxsiyyəti idi və şübhəsiz ki, Aişəyə (r) dediyi sözləri o, peyğəmbərdən (s) eşidib.
6. Aişədən (r) rəvayət edilir ki, o, bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunbağı səfər zamanı itdi. Rəsulullah (s) səhabələrindən bəzilərini, o cümlədən Useyd ibn Hüdeyri də həmin boyunbağını axtarmağa göndərdi. Onlar namazın vaxtı olduğuna və su tapmadıqlarına görə dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (s) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə: “Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın” dedi” (Buxari, “Kitabul-fadail əshab”, 32/113).
Rəvayətin başqa variantları Buxarinin “Təyəmmüm kitabı”nda 1-ci və 3-cü hədislərdə verilmişdir.
Həqiqətən Aişənin boyunbağısının itməsi müsəlmanlar üçün bir rəhmət olan təyəmmüm ayəsinin nazil olmasına səbəb olmuşdur. Təyəmmüm ayələri «əl-Maidə» surəsinin 6-cı və «ən-Nisa» surəsinin 43-cü ayələridir.
7. Urva bin əz-Zubeyr belə demişdir: “İnsanlar hədiyyələri Peyğəmbərə (s) Aişənin yanında olarkən verməyə çalışırdılar. Aişə rəvayət edir ki: “Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: “Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyi tapşırsın” — dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (s) xatırlatdı. Ummu Sələmə dedi: “Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə də xatırlatdıqda o, mənə: “Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy nazil olmadı” — buyurdu” (Buxari, “Kitabul-fadail əshab”, 32/115, “Kitabul-Hibə”, 6/15,16).
Bu hədislər Aişənin (r) fəziləti üçün kifayət qədər dəlildir.
Qeyd etmək lazımdır ki, «ən-Nur» surəsinin 11-20-ci ayələri, Aişəyə (r) səfər zamanı itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır:
“Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah bin Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” — deməli deyildirlərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu (peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (AllaH)! Bu, çox böyük bir böhtandır!” — deməli deyildinizmi? Allah sizə öyüd nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir. Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub- olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi”)
(«ən-Nur» 11-20).

———-
Yaşar Qurbanov
“İslam Nuru” kitabı

Bənzər Məqalələr